YAP bu şəxsi deputat siyahısından çıxardı

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkiləri üçün açıqladığı namizədlər siyahısında dəyişiklik edib.

Sherg.az Modern.az-a istinadla xəbər verir ki, iyulun 17-də YAP İdarə Heyətinin qərarı ilə namizədliyi 12 saylı Xəzər birinci seçki dairəsindən irəli sürülən Aygün Şaitdin qızı Maniyevanın adı siyahıdan çıxarılıb.

YAP-dan bildiriblər ki, İdarə Heyətinin 2024-cü il 19 iyul tarixli qərarı ilə Aygün Şaitdin qızı Maniyeva başqa namizədlə əvəz edilib. Belə ki, növbədənkənar parlament seçkilərində YAP-ı 12 saylı Xəzər birinci seçki dairəsində Pərvanə Əlövsəd qızı Piriyeva təmsil edəcək.

Məlumata görə, Aygün Şaitdin qızı Maniyevanın namizədliyindən imtina olunması onun atası, Milli Məclisin keçmiş deputatı Şaitdin Əliyevin Mərkəzi Seçki Komissiyasının üzvü olması ilə əlaqədardır.

Şaitdin Əliyev birinci və ikinci çağırış (1995-2000 və 2000-2005) Milli Məclisin üzvü olub. Daha sonra o, 2010-cu ilin iyun ayında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilib. O, bir müddət MSK-nın sədr müavini də olub. Hazırda MSK üzvü kimi fəaliyyət göstərir.

Ş.Əliyev əvvəl bitərəf olub, 2000-ci ildən isə Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.

O, 1995-ci ildə 18 nömrəli Əzizbəyov (indiki Xəzər rayonu) dairəsindən bitərəf namizəd kimi deputat seçilmişdi.

2000-ci ildə isə elə həmin dairədən YAP-ın namizədi olaraq deputat seçilib.