BMT-nin eksperti: Azərbaycan müstəmləkələrə dəstək verən güclü bir dövlətdir

"Azərbaycan müstəmləkələrə dəstək verən və bu məsələnin gündəmdə qalmasına dəstək verən güclü bir dövlətdir".

APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu BMT-nin eksperti Karlayl Korbin ll Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən: "Fransız kolonializminin təkamülü: Siyasi və Konstitusional Analiz" mövzusunda hesabatın təqdimatında söyləyib:

"Kolonial siyasətə qarşı mübarizə çərçivəsində müəyyən qərarların qəbulu müsbət hal olsa da onların tətbiqi çox vacibdir. Təəssüf ki, böyük ölkələr bu ərzilərə nəzarəti davam etdirir. Koloniyalarla bağlı məsələlər BMT-nin müvafiq strukturlarında müzakirə olunsa da, bu sahədə məlumatlandırma son dərəcə azdır. Kiçik ərazilər, kiçik adalar təəssüflər olsun ki, çox həssas bölgələrdə yerləşdiyindən o qədər də güclü əlaqələrə malik ola bilmirlər. Bu kontekstdə BMT təşəbbüsləri artırmalı, müxtəlif vasitələrdən istifadə edərək müstəmləkələrin problemləri ictimailəşdirilməlidir. Bilirsiniz ki, müstəmləkə ərazilərin təbii ehtiyatları talanır, onların imkanları əlindən alınır. Bu baxımdan Azərbaycan onların səsinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün güclü tərəfdaşdır. Bütün müstəmləkələr onların mövcud vəziyyətdən xilası üçün geniş imkanların olduğunu bilməlidir. Onlar əmin olmalıdır ki, nəyin baş verməsindən asılı olmayaraq, onların qətiyyətli və haqlı mövqeyi daim dəstəklənəcək. Biz istərdik ki, digər regionlar da müstəmləkələrin mübarizəsinə dəstək versin. Lakin elə müstəmləkə ölkələri var ki, onlar bu şəraitdə yaşamağa etiraz etmirlər".