Azərbaycanda minimum əməkhaqqının artımı məsələsi hər zaman böyük maraq doğurur və ölkə əhalisi üçün mühüm əhəmiyyət kəsb edir. 2024-cü ildə də bu mövzu aktuallığını qoruyub saxlayır. Ölkə vətəndaşları minimum əməkhaqqının artırılması ilə bağlı rəsmi məlumatları gözləyirlər. Azərbaycanda sonuncu dəfə minimum əməkhaqqı 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat səviyyəsində təyin edilib. Bu artım əhalinin sosial rifahının yaxşılaşdırılması və əmək bazarının tənzimlənməsi məqsədilə həyata keçirildi. Noyabr ayında minimum əməkhaqqının artırılması ilə bağlı gözləntilər yüksəkdir.
Bəs, minimum əməkhaqqının artması nə vaxt olacağı gözlənilir?
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, minimum əməkhaqqının 2025-ci ilin yanvarın 1-dən etibarən artma ehtimalı var:
''Mətbuata da məlumat sızdırılıb ki, guya, bununla bağlı hökümət Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə noyabrın birinədək təkliflərin verilməsinə dair göstəriş verib. Yəni, indiki halda nəyinsə qiymətinin artması dərhal minimum əməkhaqqının artmasına səbəb olmur. Böyük ehtimalla yanvarın 1-dən planlı şəkildə minimum əməkhaqları artılacaq. Fikrimcə, 10-15 faiz artım ola bilər. Çünki keçən il inflyasiya 8.8 faiz olub. Bu il isə 3-4.5 faizlik inflyasiyanın baş verəcəyini təxmin edirlər. Bunada uyğun olaraq minimum əməkhaqlarında 10-15 faiz yüksəliş ehtimalı var. Ancaq bu artım yanvarın 1-dən olacaq".