Hüquqşunas: Hakim olmaq istəyənlər bu tələblərə cavab verməlidir

167 namizədin iştirakı ilə elektron qaydada hakimliyə namizədlərin seçimi prosesi həm yerli, həm beynəlxalq müşahidəçilər iştirakı ilə tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında aparılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Hakimlər Seçki Komitəsinin üzvü, Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov jurnalistlərə açıqlamasında qeyd edib.
O deyib ki, müvafiq qaydalara uyğun olaraq, imtahandan əvvəl Hakimlərin Seçki Komitəsi tərəfindən qapalı iclasda yazılı imtahana təqdim edilməli olan cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlanır. Daha sonra həmin suallar təsadüfi qaydada müşahidəçi və hakim namizədlər tərəfindən seçilir.
“İmtahanda namizədlərdən tələb olunur ki, bütövlükdə kazusları hərtərəfli formada təhlil etsinlər. Həmçinin onlar hüquqi tövsifləri doğru müəyyənləşdirsinlər, öz hüquqi düşüncələrini, yanaşmalarını düzgün formada təqdim etsinlər. Həmin kazuslar ilk olaraq Hakimlərin Seçki Komitəsinin üzvləri, daha sonra isə mütəxəssislər tərəfindən yoxlanılacaq. Hazırda ölkədə 614 hakim fəaliyyət göstərir və 186 vakant hakim ştatı var. Hakimlərin Seçki Komitəsi tərəfindən savadına, səriştəsinə və peşəkarlığına güvənən hüquqşünaslar dekabrın 15-də keçiriləcək növbəti test imtahanında fəal iştiraka dəvət edilir", - deyə K.Mansurov qeyd edib.


Tanınmış hüquqşünas, vəkil Adəm Məmmədov “Sherg.az”a bildirib ki, Qarabağ Universiteti Naxçıvandan sonra hüquq fakultəsi yaradılan ikinci ali təhsil müəsisəsidir:

“Əsas səbəb universitetlərdə hüquq fakultəsinin olmamasıdır. Təxminən 7 universitetdə hüquq fakultəsi var. Hakim olmaq istəyənlər hakimliklə bağlı qanunvericiliyin tələblərinə cavab verməlidir. Həmçinin minimal keçid balı toplanmalı, imtahanlardan uğur qazanılmalıdır. Bunlardan əlavə şəxsin özünün dünyagörüşü və fəaliyyəti yoxlanıldıqdan sonra isə hakim kimi təyin edilə bilər. Bəzən hüquqşunasların fəaliyyəti də cavab vermir və ya keçid balını toplaya bilmir. Ona görə də Məhkəmə Hüquq Şurası tərəfindən asılı olmayaraq proseslər zaman alır. Ən yüksək balı yığan hüquqşunasın qarşısına müəyyən ərazini təqdim edirlər ki, harada işləmək istəyirsənsə, seç. Bu gün balın yüksək olması ardıcıllığına görə hakim namizədlər istədiyi ərazini seçirlər. Tanıdığım bir sadə şəxs Ucarın ucqar kəndindən idi və hazırda Abşeron Rayon Məhkəməsinə hakim təyin edildi. Ümumiyyətlə proses çox şəffaf şəkildə keçirilir”.