İlyas Hüseynov: Partiyamızın namizədi kimi növbəti seçkilərdə iştirak edəcəm

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq  İlyas Hüsenov sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

 Bu barədə “Sherg.az”a açıqlamasında  politoloq özü bildirib. 

O deyib ki, seçkilərdə YAP namizədlərini dəstəkləyəcək:

 “2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış üzvlərinin seçilməsi üçün keçiriləcək parlament seçkilərində iştirak etməyimlə bağlı mənə çoxsaylı suallar ünvanlanır. Ötən seçkilər Azərbaycanın müstəqillik tarixindəki ilk növbədənkənar parlament seçkiləri olub. 9 fevral 2020-ci ildə baş tutan Milli Məclisə VI çağırış seçkilərindən sonra 44 günlük Vətən müharibəsi və keçən ilin sentyabrında baş tutan lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərqərar olundu. Bildiyiniz kimi, ötən parlament seçkilərində deputatlığa namizəd kimi iştirak etmişəm. Lakin bu seçkilərdə Yeni Azərbaycan Partiyasının 125 dairədən namizədlərinin irəli sürüldüyü və partiyanın vahid qərarı olduğu üçün mən də həmin namizədləri dəstəkləyəcəyəm. Bununla yanaşı, ölkəmizin apardığı informasiya savaşında partiyamızın televiziyası “Yeni TV”-də mütəmadi olaraq fəal çıxışlar edir və partiyamızın əsas mətbu orqanlarından olan “Yeni Azərbaycan” qəzetinin nəzdində fəaliyyət göstərən “Yeni Azərbaycan TV”-də rus dilində yayımlanan “Ваш Собеседник” (Sizin müsahib) proqramının aparıcı kimi fəaliyyət göstərirəm. Ötən dövr ərzində ölkəmizin ictimai-siyasi həyatında fəal vətəndaş mövqeyimə, ölkəmizin daxilində və onun hüdudlarından kənarda elmi konfrans və forumlarda milli maraqlarımızı qətiyyətlə qoruduğuma, yerli və xarici mediada müxtəlif dillərdə fəal və intensiv çıxışlarıma əsasən hakim partiyanın parlament seçkilərində namizədləri sırasına düşəcəyimə ümid edirdim. Bildirmək istəyirəm ki, qurucusu Ulu Öndərimiz Heydər Əliyev, sədri cənab Prezident İlham Əliyev olan partiyamızın üzvü olduğum üçün YAP namizədlərini dəstəkləmək borcumdur. Ümid edirəm ki, qarşıdakı elmi, pedaqoji və akademik fəaliyyətimlə mənə olan inam və etimadı doğruldaraq partiyamızın namizədi kimi növbəti seçkilərdə iştirak edəcəyəm”.