Bu ixtisas qrupunda keçid balı 100-200 arası artacaq -AÇIQLAMA

Keçid ballarına abituriyentlərin sayı, imtahan nəticələri və plan yerləri təsir edir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət İmtahan Mərkəzindən bildirilib.
Qeyd edilib ki, keçid balları əvvəlcədən müəyyən olunmur, müsabiqə nəticəsində formalaşır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzi rəhbəri Kamran Əsədov isə bildirib ki, bu il plan yerləri 60 mindən artıq olacaq.
"Əsasən, 1-ci və 2-ci ixtisas qrupları üzrə plan yerlərinin kəskin artması gözlənilir. Bu plan yerlərinin artması təhsilə müsbət təsir göstərəcək. Plan yerlərinin artması birmənalı şəkildə keçid ballarına təsir göstərəcək.
1-ci ixtisas qrupu üzrə daha aşağı ballarla ali təhsil müəssisələrinə tələbə qəbulu həyata keçiriləcək. Hətta 3-cü ixtisas qrupu üzrə regionşünaslıq ixtisasında belə aşağı ballar müşahidə edəcəyik. 1-ci ixtisas qrupunda mühəndislik ixtisasları üzrə plan yerlərinin artması, bu ixtisaslar üzrə hətta dövlət sifarişli ixtisaslarda belə keçid ballarının aşağı düşməsi gözləniləndir", - deyə o əlavə edib.
Xatırladaq ki,bir müddət öncə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, builki keçid ballarına uşaqların nəticələrindəki orta balın yüksəlməsi təsir edəcək.
"Eləcə də, Azərbaycanda bu il iki yeni universitetə də qəbul olacaq. Bu mənada, balların artması yüksək prestijli ixtisaslarda ola bilər, amma bunu konkret demək çətindir", - deyə M.Abbaszadə vurğulayıb.
Qeyd edək ki, 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 26-da, I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçirilib.
II və III ixtisas qrupları üzrə qəbul imtahanların ikinci cəhdi iyulun 7-də, I və IV ixtisas qrupları üzrə iyulun 14-də keçirilib.


Təhsil eksperti Elçin Əfəndi "Sherg.az"a bildirib ki, gərgin rəqabət mühiti 3 və 1 ci ixtisas qrupunda daha çox hiss edilir:

“4 cü ixtisas qrupu sonrakı sırada dayanır, 5 və 2 ci qrup ardıcıllığı ilə rəqabət  davam edir. Demək olar ki, bu il ən şanslı qrup 2-ci ixtisas qrupudur. 400 dən yüksək bal toplayan abituriyentlərin sayı çoxluq təşkil etdiyi üçün orada da prestejli ixtisasların giriş ballarında artım gözlənilir. Bu il üçün 3-cü ixtisas qrupunda bərbad və gərgin vəziyyət var. Çünki yüksək bal toplayan abituriyentlər çoxluq təşkil edir. Ümumiyyətlə 3 cü ixtisas qrupunda ötən il 350 ballıq ixtisaslar var idisə, bu il hər birində artım olacaq. Hətta elə ixtisaslar var ki, orada 100-120 ballıq artım gözlənilir. 1 ci qrupda birinci cəhd imtahanından sonra vəziyyət hələki yaxşıdır. 4 cü ixtisas qrupunda rəqabət gərgindir. 5 ci ixtisas qrupunda isə ötən il ilə müqayisədə 6-7 bal artım var. Ümumiyyətlə bu o deməkdir ki, keçən il ilə qeydə alınan keçid ballarında maksimum 7-8 bala qədər, bəzi ixtisaslarda isə bir qədər çox artımlar ola bilər. Bu il 60 minə yaxın plan yeri ayrılıb. Bütün qruplar üzrə təxminən 100 minə yaxın müraciət qeydə alınıb. Onlardan 84 minə yaxını 1-2-3-4 cü ixtisaslar və qalanı isə 5 ci ixtisas qrupu üzrə müraciət edib. Təxminən 30 minə yaxın abituriyen dövlət sifarişi üzrə təhsil alma imkanı qazanacaq, qalanlar isə ödənişli əsaslı ixtisaslarda təhsil alacaq”.