Əkbər Qoşalı,
Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı
"Bəzi yaxın-uzaq dairələr belə bir ölkə ilə necə davranmaq lazım olduğunu düzgün düşünməli, öz hərəkət və hərəkətsizliklərinə dürüst çəki-düzən verməlidir"
-Artıq iki ildir, 22 İyul – Milli Mətbuat Günü ərəfəsində Şuşa Qlobal Media Forumu keçirilir. Ötən ilki Forum “4-cü Sənaye İnqilabı dövründə yeni media” mövzusundaydı. Bu ilki – 2-ci Şuşa Qlobal Media Forumu isə “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusundadır. Prezidenti İlham Əliyev ötən il də, bu il də, Forumun açılış törənində iştirak edib, ayrı-ayrı ölkələrdən gəlmiş çoxsaylı Forum nümayəndələrinin müxtəlif səpkili suallarını cavablandırıb.
Ötən il də, bu il də, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-dan çox ölkənin informasiya agentliyi, bir neçə uluslararası quruluş və media qurumunun, eləcə də, yerli media başçısı və nümayəndələrinin qatıldığı Forum iştirakçılar üçün əlverişli müzakirə ortamı və birgə hərəkət platforması rolunu oynamaqdadır.
Bu ilki Forum ərazi bütövlüyü və suverenliyimiz bərpa olunduqdan sonra, habelə COP29-a sayılı aylar qalmış keçirilməsi ilə əlamətdardır.
Şuşa Qlobal Media Forumu Azərbaycan həqiqətlərinin görülməsi, eşidilməsi, öyrənilməsi və jurnalistlərin, ictimai xadimlərin şəxsən Prezidentə sual vermək, onunla həmsöhbət olmaq baxımından gözəl hadisədir.
Prezidentin öz sözləri ilə desək, “bu, bizim ölkəmiz üçün və əlbəttə, Qarabağ bölgəsi üçün çox möhtəşəm bir tədbirdir”.
Bildiyiniz kimi, Fransa öndə olmaqla bəzi Batılı dairələr anti-Azərbaycan təbliğatını aparmaqdadır. Belə anti-Azərbaycan ovqatlı dairələr yalnız Batıda deyil, yaxın çevrəmizdə də, başqa coğrafiyalarda da mövcuddur. Onlar öz yaramazlıqlarından əl çəkmirsə, biz haqq sözü deməkdən niyə əl çəkməliyik?
Ayrıca, Forum məhz Milli Mətbuat Günümüz – jurnalistlərin, mətbuat işçilərinin peşə bayramı ərəfəsində keçirilməsi ilə də əlamətdar olub, özəl anlam daşımaqdadır. Biz milli mətbuatının yaşı 149, Türk-İslam Doğusundakı ilk Cümhuriyyətinin yaşı 106 il olan, 30 illik ağır işğala 44 gün içində son verməyi bacaran şanlı ölkənin sakinləriyik. Yəni bəzi yaxın-uzaq dairələr belə bir ölkə ilə necə davranmaq lazım olduğunu düzgün düşünməli, öz hərəkət və hərəkətsizliklərinə dürüst çəki-düzən verməlidir.
Belə tədbirlər jurnalistlərin qarşılıqlı təcrübə alış-verişi baxımından da önəm daşıyır.
Fürsətdən yararlanaraq, bu anlamlı günlə bağlı, bütün vicdanlı media mənsublarımızı təbrik edir, onlara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!