Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları başa çatdı. İndi ondan da məsuliyyətli bir dövr, ixtisas seçimi dövrü başlayır. Müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında ixtisas seçimi kimi ciddi bir problem var. Çünki universitetə qəbul olmaq nə qədər vacibdirsə, düzgün ixtisas seçimidə bir o qədər önəmlidir. Düzgün ixtisas seçimi abituriyentin həyatında və gələcək karyerasının formalaşmasında ən zəruri amillərdəndir. Çünki sizin bu günki seçiminiz gələcək həyatınıza təsir edir.
Maraqlıdır, bəs düzgün ixtisas seçimi necə olmalıdır? Hazırda hansı ixtisaslara tələbat çoxdur? Abituriyyentlər ixtisas seçimi zamanı nələrə diqqət etməlidirlər?
Məsələ ilə bağlı “Sherg.az"a açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib ki, bu məqamda düzgün, ağıllı qərar qəbul etmək vacibdir:
''Abituriyentlər öz istəyi ilə bərabər mövcud müsabiqə vəziyyətinin reallıqlarını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasını, öz fərdi imtahan göstəricilərinin bu sıralamadakı yerini, həmçinin ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə almalıdırlar. Beləki,bu seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər. Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 50 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 300 nəfər göstərib. Bu zaman həmin 300 nəfərdən ən yüksək bal toplayan 50 abituriyent bu ixtisasa qəbul edilir və 50-ci abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur. Abituriyentlər ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını da maraqlanırlar. Bu da təbiidir, çünki onlar ixtisas seçimi zamanı düzgün istiqamət götürmək sizin üçün oriyentir rolunu oynaya bilər. Yuxarıda qeyd olunan kimi, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən hər il keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyillər, tendensiyalar da özünü göstərir. Amma 2024-cü ildə seçim edəcək abituriyentlər çox diqqətli olmalıdırlar. 2023-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları ilə tanış olmağı məsləhət görürəm, amma onunla tam şəkildə yola çıxmaq uğurlu olmayacaq. Abituriyentlər mütləq şəkildə 2023-cü ildə ixtisas qrupunuz üzrə sizinlə eyni və sizdən çox bal toplayan abituriyentlərin sayına və həmən ildəki plan yerlərinə baxmalıdırlar''.
Ekspert qeyd edib ki, İxtisas qrupları daxilində qəbul aparılan ixtisaslar üzrə keçid balının formalaşmasına 3 əsas amil – abituriyentlərin sayı, imtahan nəticəsi və plan yerlərinin sayı təsir edir:
'' 2023-ci ildə bəzi aşağı bal formalaşmış ixtisasların plan yerlərini həmin illə müqayisə edin. Çünki bu il onların bəzisində azalma var ki, bu da ixtisas seçimi zamanı sizi yanılda bilər. Yəni keçən illə müqayisədə hansısa ixtisasda plan yerinin azalması həmən balın təkrarlanmamasına səbəb ola bilər. Belə hallar çoxdur, ona görə də ixtisas seçimi edən hər kəs DİM-in jurnallarına baxmalı, heç bir əlavə informasiyaya aldanmamalıdır. Abituriyentlər mütləq şəkildə yalnız DİM-in resurslarından istifadə etməklə uğurlu ixtisas seçimi edə bilərlər''.