Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"İyulun 20-si saat 22:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", – hərbi qurumun məlumatında diqqətə çatdırılıb.
Sözügedən hadisəni “Baku Tv”yə şərh edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki,
Ermənistanın təxribatları onun üçün yaxşı heç nə vəd etmir:
"Hesab edirəm ki, bu, qəbuledilməzdir. Son aylar ərzində iki ölkə arasında sərhəddə stabil vəziyyəti müşahidə edirdik. Normallaşma istiqamətində işlər aparılır. Aprel ayından başlayaraq delimitasiya ilə bağlı müsbət nəticələr görürük. Əgər Ermənistan tərəfi normallaşma, sülh sazişi üzərində irəliləmək istəyirsə, təxribatlardan çəkinməlidir. Azərbaycan Silahlı Qüvvələri bütün sərhəd boyu tam üstünlüyə malikdir", - nazir söyləyib.
Təxribat ilə bağlı “Sherg.az”a açıqlama verən hərbi ekspert Emil Həsənli isə vurğulayıb ki, Ermənistan heç bir zaman üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib:
“Onlar nə Çar Rusiyasi dövründə ermənilərin Cənubi Qafqaza yerləşdirilməsində sonra, nə də Bolşevik Rusiyası dönəmində bunlara əməl etmədilər. 1918-ci il 29 mayda Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 9 min kv km İrəvan ərazisini birdəfəlik soyqırımlarından əl çəkmə üçün Ermənistana verdi. Eyni zamanda SSRİ dağıldıqdan sonra da üzərlərinə götürdükləri vəzifələri icra etmədilər. Bunların birinci səbəbi erməni xislətidir. Digər tərəfdən isə ermənilər hər zaman xarici güclər olan erməni diasporu, Fransa, Rusiya və Amerikadan asılıdır. Ona görə də ermənilər müstəqil qərar verə bilmirlər. Fransa, Rusiya və Amerika kimi, ölkələr dünyada sülh və əmin-amanlığın olmasını istəmirlər. Ermənistanın Böyük Britaniyada görüşdən qaçmasının səbəbi son qərarlarını verməli və sülh müqaviləsi imzalanmalıdır. Eyni zamanda Ermənistan konstitusiyasını dəyişməli, Azərbaycana vurulan zərərə görə üzr istəməli və təzminat ödəməlidirlər. Əgər Azərbaycanla sülh istəyirlərsə, cinayətkar Serj Sarkisyan, Robert Köçəryanı rəsmi Bakıya təhvil verməlidirlər. Ermənistan isə bunları yerinə yetirmək və ən əsası sülh istəmir. Yenə hansısa yuxular və xülyalar görürlər. Görünür ki, hər il onların başına “dəmir yumruq vurmaq” lazımdır. Amma sözügedən proses sonsuza qədər belə davam edə bilməz. Ya Ermənistan özündə güc tapıb, bu öhdəlikləri həyata keçirməli, ya da haradan gəliblərsə, oraya qayıtmalıdırlar”.