İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb.
Bunu Baş Prokurorluqda keçirilən geniş Kollegiya İclasında Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, 2024-cü ilin birinci yarımili ərzində intihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb:
"Aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilməkdədir. 2024-cü ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrin sayı 1,9 %, intihara cəhd hadisələrin sayı isə 8,9 % azalıb"-deyə Baş Prokuror qeyd edib.
Sosioloq Lalə Mehralı "Sherg.az"a bildirib ki, əslində burada həqiqət payı var:
“Son 1-2 ay ərzində intiharlarla bağlı xəbərlərin sayında azalma olub. Statistik göstəricilərdən də hiss edilir ki, durğunluq var. Təki bu durğunluq davamlı olsun və azalmaya doğru getsin. Hətta bir intihar belə cəmiyyət üçün çoxdur. Yəni ntiharın sayı bir olsa belə bu böyük rəqəmdir. Ümumiyyətlə intihar bir cəmiyyətin özülündə problem var və təməli laxlayır deməkdir. Bu laxlamanı bərpa etməsən cəmiyyətin sütunları da zamanla çökəcək. Çünki təməldə möhkəmlik yoxdur. Ona görə də bir intihar hadisəsi varsa, ciddi formada araşdırılmalı, səbəblər öyrənilməli və cəmiyyət üçün müdafiə mexanizmi qurulmalıdır”.