Şirvanda 14 yaşlı qız həyatdan bezməsinə dair məktub yazıb evdən gedib.
"Sherg.az" xəbər verir ki, Şirvan sakini 2010-cu il təvəllüdlü Nərgiz Ziyadi evdən çıxıb və geri qayıtmayıb. Yaxınları onun məktub yazdığını deyirlər. Evdən çıxarkən əynində cins şalvar və ağ köynək olub, boyu 1,5 metrdir. Polis itkin düşən 14 yaşlı gənci tapıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, dünən səhər saatlarında itkin düşən Şirvan şəhər sakini, 2010-cu il təvəllüdlü N.Ziyadi bu gün saat 04 radələrində polis əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində tapılıb. N.Ziyadi ailəsinə təhvil verilib.
Hadisəyə münasibət bildirən sosioloq Mətanət Məmmədova "Sherg.az"a söyləyib ki, bir uşağın küsərək evi tərk etməsi, həmin ailədə düzgün tərbiyyə metodunun tətbiq olunmaması və münasibətlərin doğru tənzimlənməməsinin nəticəsidir:
''Yəni, 14 yaşlı bir qız qorxmadan Şirvandan Bakıya gəlirsə, bu hal evdəki problemlərin böyük olduğundan xəbər verir. Təbii ki, qızın hansı səbəbdən evi tərk etməsi tam bəlli deyil. Ancaq ailələrdəki problemlərə əsasən deyə bilərəm ki, son vaxtlar uşaqlar valideynlərindən sevgi, diqqət görmürlər. Artıq valideynlərin bəziləri bütün vaxtını iş və şəxsi həyatına sərf edir. Nəticədə belə ailələrdə uşaqlar tənha qalırlar və özlərinə qapanırlar. Son zamanlar yeniyetmələrin intiharının bir səbəbi də ailələrdə olan soyuq münasibətdir. Uşaqlar evi tərk etməklə yeni həyat axtarırlar. Onlar sevgi görmədikdə düşünürlər ki, mənin burada yerim yoxdur. Hətta sevgini, qayğını başqa yerlərdə axtarmağa başlayırlar. Bir sözlə, burada günah valideynlərindir. Yəni, nə cəmiyyəti, nə də hansısa qurumu sorğulamaq düzgün deyil. Ona görə də problemin həlli istiqamətində ailələrlə danışıqlar aparılmalıdır''.
Ekspert vurğulayıb ki, öz işini həyatın mərkəzinə qoyaraq övladını heçə sayan valideynlərə ciddi cəzalar verilməlidir:
''Əgər bir ana uşağına diqqət ayıraraq maraqlana bilmirsə, onun nazını çəkə bilmirsə, nə üçün dünyaya gətirir? Rayon polis şöbələrində yetkinlik yaşına çatmayanlarla iş üzrə bölmə mövcuddur. Onlar bu istiqamətdə araşdırmalar aparmalı, polis şöbələri ilə birlikdə problemi həll etməlidirlər".