Professor -Mübadilə pozuntusu orqanizmdə artıq çəkiyə səbəb ola bilər

Alimlər müəyyən ediblər ki, artıq çəkili insanlar kifayət qədər C vitamini qəbul etmirlər.
Medicina.az xəbər verir ki, Yeni Zelandiyanın Otaqo Universitetinin alimləri insanlarda C vitamini çatışmazlığının çəki artımı ilə əhəmiyyətli dərəcədə əlaqəli olduğunu müəyyən ediblər.
Onların fikrincə, artıq çəki varsa, sağlamlığı qorumaq üçün pəhrizdə C vitamininin miqdarı artırılmalıdır.
Tədqiqatın nəticələri “Critical Reviews in Food Science and Nutrition” jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində alimlər dünya əhalisinin sağlamlığına dair məlumatları özündə əks etdirən iki böyük məlumat bazasını təhlil ediblər.

Bunlar ABŞ Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusu (2017–2018 illəri və 2 828 nəfəri əhatə edir) və Avropa Prospektiv Xərçəng Araşdırmasıdır (1993–1997-ci illəri və 20 692 nəfəri əhatə edir).

Tədqiqatçılar iştirakçıların çəkisi haqqında məlumat toplayıb və onların hər birinin qanında C vitamininin konsentrasiyasını qiymətləndiriblər. Nəticələr göstərib ki, artıq çəkidən əziyyət çəkən insanların orqanizmində bu vitamin əskikdir.

Alimlər irəli sürüblər ki, piylənmə oksidləşdirici stressi artıran aşağı dərəcəli iltihabı çoxaldaraq C vitamininin mübadiləsini (və onun orqanizmdən xaric olmasını) sürətləndirə bilər.

Məlumata görə, piylənmə 2-ci tip diabet və alkoqolsuz yağlı qaraciyər xəstəliyinin inkişaf riskini də artırır. Bu xəstəliklərin hər ikisi C vitamini səviyyəsinin azalması ilə xarakterizə olunur.

Yeni Zelandiyada hazırda Ümumdünya Səhiyyə Təşkilatının C vitamini üçün gündəlik tövsiyəsi 45 mq-dır. Bu, dünyada ən aşağı gündəlik dozalardan biridir. Alimlərin fikrincə, bu məbləğ artıq çəkili insanlar üçün kifayət etməyə bilər.

Tədqiqatçılar çəkisi 70 kq olan insanın hər 10 kq artıq çəki üçün əlavə olaraq 17-22 mq C vitamini almasını tövsiyə edirlər.


Tibb elmləri doktoru professor, Adil Qeybulla "Sherg.az"a bildirib ki, istənilən bir vitaminin çatışmazlığı maddələr mübadiləsində ciddi problemlərə səbəb olur:

“Vitaminlər ayrı-ayrı orqan və sistemlərin düzgün fəaliyyətini təşkil edən məhsuldurlar. Ona görə də bu problemlər yaşanır.  C vitaminin əskikliyi immun sistemində özünü göstərir. Hətta bu kapilyar qan axmalara da gətirib çıxara bilər. C vitamini əksər qidalarda var və əskikliyi demək olar ki, az müşahidə edilir. Sadəcə bütün situasiyalarda mübadilə pozuntusu orqanizmdə artıq çəkiyə səbəb ola bilər. Düşünürəm ki, insanların əsas problemi daha çox hərəkət etməməkdir. Biz normadan qat-qat artıq qida qəbul etsək də, daha az hərəkət edirik. İnsanlarda tənbəlləşmə var. Digər tərəfdən siqaretin, qəlyanın, alkoqol və narkotikin də öz yan təsirləri mövcuddur. Millət kütləvi idmana meyillənməlidir. Kütləvi idman nə qədər yoxdursa, o qədər də bəlalara yoluxma artacaq. İstənilən orqanizmdə mikroelementin, vitaminin, zülalın, karbohidratların və digər maddələrin yoxluğu problemlərə gətirib çıxarır. Hərəkətdə olmalıyıq ki, orqanizm düzgün çalışa bilsin”.