Sergey Markov: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazın işlərinə qarışmağa çalışır

ABŞ və Avropanın Cənubi Qafqazdakı geosiyasi strategiyası region ölkələrini tam asılı vəziyyətə salmağa yönəlib.

Bunu "Report"a açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib.

Politoloq qeyd edib ki, Qərb ölkələrinin tarixində dünyanın müxtəlif yerlərində milyonlarla insanın ölümünə səbəb olan müstəmləkə təcrübələrinin çoxsaylı nümunələri var: “Bu ölkələr üçün böyük miqyasda insan itkisi mahiyyətcə əhəmiyyətli problem deyil. Onlar hər şeyə öz hegemonluğu nöqteyi-nəzərindən baxırlar. Onlar üçün sülh və ya müharibə vacib deyil. Bu sülh və ya müharibənin onların rəhbərliyi altında olması əhəmiyyətlidir”.

Ekspert vurğulayıb ki, Qərb dövlətlərinin Cənubi Qafqaz regionunda sülh yaratmaq istəyinə etibar etmək olmaz:

“Qərb sülhün onların rəhbərliyi altında olmasına çalışır. Belə sülh isə o deməkdir ki, ölkələri manipulyasiya etməyə imkan verəcək bəzi maddələr olacaq. Buna görə də, prinsipcə, onların rəhbərliyi altında belə bir sülh çox sərfəli deyil. Çünki tamamilə dürüst görünmür. Bundan başqa, Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazın işlərinə qarışmağa çalışır. Özlərini danışıqlar platforması kimi göstərirlər, yəni deyirlər ki, sülh müqaviləsi bağlayaq, amma bizim rəhbərliyimiz altında”.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycanla tezliklə sülh sazişi imzalaması ən optimal yoldur: “Azərbaycanla Ermənistan arasında sərhədin açılması bölgəyə böyük sərmayələr cəlb edəcək. İnsanların sərbəst gediş-gəlişinə, səyahətinə, eləcə də Qərbi Azərbaycandan deportasiya olunanların öz doğma yurdlarına qayıtmalarına şərait yaradacaq”.