Hələ bu işləri ASAN xidmətə vermək tezdir

QHT-lərin qeydiyyat məsələsini elə nazirliyin özü də sadələşdirə bilər





Bu günlərdə ASAN Xidmət Mərkəzi ilə bağlı daha bir təşəbbüs irəli sürülüb. Milli Məclisin üzvü Məlahət İbrahimqızı Qeyri Hökumət Təşkilatları ilə bağlı qeydiyyat sisteminin ASAN-a verilməsini təklif edib. Deputatın fikrincə, vətəndaş cəmiyyətinin inkişafı baxımından xidmətin adıçəkilən mərkəz tərəfindən göstərilməsi daha məqsədəuyğun olardı.

M.İbrahimqızı QHT-lər üçün elektron pəncərə yaradılmasına dair Prezident fərmanını da xatırladaraq qeyd edib ki, artıq özəl təşkilatlara elektron sistem tətbiq olunur. Bu baxımdan təşkilatların qeydiyyata salınması və reyestrdən çıxarılması bu mərkəzdə asanlıqla reallaşdırıla bilər. Parlament üzvünün qənaətincə, bu dəyişiklik QHT nümayəndələrinə xeyli vaxt qazandıracaq və müsbət nəticə verəcək. Deputatın təklifinə münasibət bildirən ekspertlər isə bir qədər fərqli düşünürlər.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyir ki, QHT-lərin qeydiyyatı ilə əlaqədar proses mürəkkəbdir. Bu baxımdan prosedurun Ədliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən müvafiq idarədə aparılması daha məqsədəuyğundur: "ASAN xidmət fəaliyyət müddəti ərzində 2 milyon əhaliyə şəffaf və səmərəli xidmət edib. Hamımız da bu xidmətdən yararlanmışıq. Ancaq QHT-lərin qeydiyyat məsələsinin sadələşdirilməsi bir çox sənədlərlə müşayiət olunur. Mövcud prosedurla bağlı ilkin mərhələni keçəndən sonra qeydiyyatın ASAN-a verilməsi haqqında düşünmək olar. Yəni hələlik özəl təşkilatların, ictimai birliklərin, fondların qeydiyyatının nazirlikdə aparılması məqsədə müvafiqdir. Əgər gələcəkdə QHT-lərin qeydiyyatı tam sadələşdirilərsə, elektron qeydiyyat həyata keçirilərsə, hansısa əlavə qərarın verilməsinə ehtiyac olmayacaq”.

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədov QHT-lərin qeydiyyat məsələsinin asanlaşmasını və elektronlaşmasını istəyir. Ancaq o da hesab edir ki, prosesi elə nazirliyin özü də sadələşdirə bilər:

"Prezident fərmanına uyğun olaraq QHT portalı yaradılıb və orada özəl təşkilatların işini asanlaşdıran xeyli müddəalar nəzərdə tutulub. Həmin sistemin tərkibində QHT-lərin pəncərə sistemi əsasında qeydiyyatdan keçmə məsələsi öz əksini tapıb. Məsələn, kommersiya qurumları üçün qeydiyyatdan keçmək indi çox asandır. Hətta onlar otaqlarından çıxmadan banklarda hesab aça, avtomatik olaraq Sosial Müdafiə Fondunda, Məşğulluq Mərkəzlərində qeydiyyata düşə bilirlər. Amma özəl qurum yaratmaq istəyənlər bütün bu məsələlərin ardınca bir-bir getməlidir. Yəni hazırkı prosedur çox çətindir. Üstəlik, qeydiyyat məsələsində hələ də bizə aydın olmayan şeylər var”.

Hüquqşünasın sözlərinə görə, təşkilatların qeydiyyat məsələsi ASAN-a həvalə edilərsə, bu mərkəzlərdə Ədliyyə Nazirliyinin əməkdaşları oturacaq. Çünki ASAN sadəcə alternativ xidmət təklif edir. Əslində işi görən yenə də nazirlikdir: "Sənədlərin qəbulundan asılı olmayaraq, həmin sənədlərlə bağlı qərarı Ədliyyə Nazirliyi verəcək. Yəni xidmət mərkəzləri sadəcə sənədləri alır və lazımi yerə ötürür, onların başqa səlahiyyəti yoxdur. Belə olan halda dəyişikliyin bir mənası olmayacaq. Sadəcə, sənədlərin qəbulu və harasa göndərilməsi üçün ASAN xidmətindən istifadə etmək olar”.

İsmayıl