“İraq Şam İslam Dövləti”ni Azərbaycanda müdafiə edənlər var

Seyid Camal Əzimbəyli: “Onların sırasında böyük biznesmenlər, hətta məmurlar da az deyil”



Terrorçu "İraq Şam İslam Dövləti”nin törətdiyi dəhşətli qətliamlar bütün dünyanı şoka salıb. Hətta ən radikal vəhhabi təşkilatları belə İŞİD-in əməllərini dəstəkləmədiklərini açıqlayıblar. İŞİD isə hər gün bir ölkəni açıq şəkildə təhdid edir. Təhdidlə üzləşən ölkələr arasında Azərbaycan da var. Amma Azərbaycanı İŞİD-in təhdidindən daha çox narahat edən təşkilata qoşulanların sırasında azərbaycanlıların da olmasıdır.

Sirr deyil ki, azərbaycanlılar dünyanın müxtəlif yerlərində gedən müharibələrdə iştirak edirlər. Ancaq Suriyada Bəşər Əsədə qarşı döyüşən azərbaycanlılar problemi gündəmdən düşməmiş həmvətənlərimizin İŞİD adlı terror qruplaşmasına qoşulması ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Qruplaşmanın sıralarında döyüşən azərbaycanlı komandirlərin çağırış videosu hazırlayaraq yaymaları isə vəziyyəti bir qədər də kritik edib.

Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas-alim Seyid Camal Əzimbəyli azərbaycanlıların islam adı altında qaniçən dəstəyə qoşulmasını qınayıb: "Terrorçuların vəhşilikləri göz qabağındadır. İslamla heç bir əlaqəsi olmayan həmin ünsürlərin əməlləri bütün dünyanı heyrətləndirib. Təbii ki, bunun Azərbaycanın imici üçün mənfi təsiri var. Çünki dövlətimizin apardığı düzgün siyasət sayəsində Azərbaycanı dinlərarası münasibətdə tolerant bir ölkə kimi tanıyırlar. Amma bütün proseslər ölkənin daxilindən qaynamağa başlayır. Gənclərimizin şüurunu məhz burada zəhərləyirlər. Bu gün Azərbaycanda İŞİD-in İraqda qazandığı qələbələrə açıq

şəkildə sevinən "dindarlar” var. Onların sırasında böyük biznesmenlər, hətta məmurlar da az deyil. Ona görə də, təhlükənin qarşısını almağa Azərbaycanın daxilindən başlamaq lazımdır”.

Ekspertin sözlərinə görə, beyində edilən inqilablar, silahlı müqavimətdən daha təhlükəlidir: "Ölkədə İŞİD əsgəri olmağa, onların əməllərini burada təkrar etməyə çalışan və bunun üçün uyğun zamanı gözləyən minlərlə adam var. Çıxış yolu güclü təbliğatın aparılmasındadır. Milli mənəviyyata bağlı olan din adamlarını televiziyalara buraxmaq lazımdır. Ancaq təəssüflər olsun, məhz dediyimiz təkfirçi əqidənin daşıyıcısı olan bəzi şəxsləri "dini ekspert” qismində cəmiyyətə təqdim edirlər. Hesab edirəm, bu cür ciddi məsələ ilə bağlı köklü araşdırmalar aparılmalıdır. Axı niyə biz təhlükəli ideologiyanın ölkədə yayılmasına öz əlimizlə şərait yaradırıq?”.

İsmayıl