Dini maarifləndirmə işi daimi proses kimi





Ölkəmiz dünyaya ən gözəl tolerantlıq örnəyidir. Azərbaycanda olduğu kimi, bütün dinlərin nümayəndələrinin qarşılıqlı inam, hörmət, səmimilik şəraitində, çox rahat bir şəkildə birgə yaşadığı ikinci bir ölkə tapmaq bəlkə də çətin olar. Bununla belə ölkəmizdəki tolerantlığın səviyyəsini hətta aşırı hesab edənlər də var. Belə düşüncə sahiblərinin də özlərinə görə müəyyən əsasları var. Məsələn, Suriya gerçəklikləri. Bəllidir ki, Suriya hökumətinə qarşı döyüşənlər arasında azərbaycanlıların olduğu da aşkara çıxdı və bu təəssüfləndirici hal ölkədə dini maarifləndirməyə yeni bir baxış zərurətini ortaya qoydu. Məlum oldu ki, dünənədək dini sahədə aparılan işlər qənaətbəxş deyilmiş. Maarifləndirmə işində xeyli boşluqlar varmış. Ölkənin həm ali dini qurumu - Qafqaz Müsəlmanları İdarəsi, həm də dini qurumlarla iş aparmalı olan Dövlət Komitəsi dini maarifləndirmənin gücləndirilməsinə ehtiyac duyulduğunu bəyan etdilər.

Əfqanıstan, Pakistan, Suriya... İŞİD

Nədənsə, Suriyaya gedənlərimizdən danışanda Əfqanıstanı, Pakistanı unuduruq. Halbuki, həmvətənlərimizi Suriyaya, hazırda isə İraq Şam İslam Dövləti adlı terror qruplaşmasına aparan yol əvvəlcə Əfqanıstandan, Pakistandan keçib. Təxminən 3-4 il əvvəl bir qrup tələbənin naməlum şəkildə "yoxa çıxması”, sonra isə sədalarının "Əl-Qaidə”, "Taliban”dan gəlməsi artıq təhlükəli bir tendensiyanın yayılmasından xəbər verirdi. Bundan bir neçə il əvvəlsə məlum "Əbu-Bəkr” məscidi olayı baş vermişdi. O zaman həmin məscid qapadılanda, bir sıra ilahiyyatçılar və hətta politoloqlar da məscid qapadılmasının çıxış yolu olmadığını, tam tərsi, əks effekt verə biləcəyi fikrini irəli sürmüşdülər. Yəni, yaranı sağaltmaq istəyən həkim onun nədən, hansı səbəbdən yarandığını bilməlidir ki, düzgün müalicə tətbiq etsin. Yaranı kəsib atmaqla və ya dərmanla üstünü basdırmaqla onu birdəfəlik aradan qaldıra bilməzsən. Bəlkə vurub başqa bir yerdən yenidən çıxar, fəsadlar törədər. Radikalizm də belədir. Onu aradan qaldırmağın yolu qadağan etmək deyil, hər halda. Və bunu sonrakı proseslər də əyani göstərdi. Təəssüf ki, bunu anlamamız üçün bir neçə il itirmək lazım gəldi. Sadəcə, təqvim baxımından il olsaydı, nə vardı?! Biz insanlarımızı itirdik. Dünən Suriyada (fərqi yoxdur, hansı cəbhədə), bu günsə İŞİD sıralarında itirdiyimiz həmvətənlərimiz bizim insanımızdı. Azərbaycan insanı. Həm də bu ölkənin gerçək potensialı - gənclərdir. Deməli ki, zamanında onlarla doğru-düzgün iş aparılmayıb, dini maarifləndirmələri zəif olub, əsl islamı bilmədiklərindən zərərli təriqətlərə, ziyanlı cərəyanlara əsir düşüblər. Bəs, bunu artıq bildiyimiz halda, hansı işlər görülür və ya daha nələr edilməlidir?

QMİ hərəkətə keçdi

Ölkədə aparılan dini maarifləndirmədən danışarkən Qafqaz Müsəlmanları İdarəsinin həm dini qurum olaraq gözdən qaçmayacaq dərəcədə aktiv fəaliyyəti, eyni zamanda Şeyxülislam Allahşükür Paşazadənin cəmiyyətə örnək davranışlar sərgilədiyini vurğulamalıyıq.

QMİ sədrinin şəhidlik məqamı ilə bağlı məlum izah və açıqlamaları fonunda fəaliyyəti də görünür. QMİ sədrinin bölgələrə səfərləri, Zaqatalada zəlzələdən əziyyət çəkən ailələrə maddi yardım göstərməsi, Milli Onkoloji Mərkəzin Uşaq Klinikasında müalicə olunan uşaqlara baş çəkib məhz uşaqların müalicəsində istifadə edilmək üçün Almaniya istehsalı tibbi avandanlıqlar bağışlaması deyilənlərə sübutdur. Bu tip xeyriyyə aksiyalarının keçirilməsi və onlar barədə cəmiyyətin məlumatlandırılması islamın paylaşma, yardımlaşma dini kimi tanıdılması baxımından məqsədəuyğundur.

QMİ sədrinin şəxsi kitabxanasındakı dəyəri milyonlarla ölçülən kitabları, qədim əlyazmalarını ümumi kitabxanaya bağışlaması, müxtəlif tədbir və konfranslar vasitəsilə dini yöndə maarifləndirmənin genişlənməsi, radikal dini sektaların yaratdığı təhlükə barədə elmi əsərlərin (Ayətullah Sübhaninin "Vəhhabi cərəyanı” Mirməhəmməd Kərim Bakuvinin "Kəşfül-Həqayiq”) təkrar nəşr edilərək məscidlərə, din xadimlərinə paylanması, din xadimləri üçün təkmilləşdirmə kurslarının təşkil edilməsini də misal çəkməliyik. Qeyd edək ki, Şeyxülislam jurnalistlərlə görüşü zamanı media nümayəndələrinə dini kitab və qələm bağışladı. Və sanki bununla islamın elm, savad təbliğ edən din olduğunu bir daha təsdiqlədi. Şeyxülislamın radikal dini cərəyanlara qarşı mübarizə çağırışlarında məhz maarifləndirməni önə çəkməsi də təqdirəlayiqdir: "Bu gün din xadimlərimizdən tələbimiz ondan ibarət olmalıdır ki, Allahı, peyğəmbəri öyrənmək üçün işlər görülməlidir. Bu kursların açılmasında məqsəd həm də odur ki, sünni, şiə imam və axundları orda oxusun. Biz özümüz də dəyişmək istəyirik. Müasir həyatla uyğunlaşmaq istəyirik. Mən istəyirəm ki, imamlar da müasir həyata uyğunlaşsınlar. Siz insanlara elə bir islam çatdırmalısınız ki, Allahın, peyğəmbərin dediklərinə uyğun olsun. Biz təfriqə yaratmamalıyıq”.

Səthi biliklər radikallığı şərtləndirir

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli dini maarifləndirmə sahəsində son vaxtlar aparılan işləri müsbət dəyərləndirir:

- Bilirsiz ki, xüsusilə də Suriya olaylarından sonra dini maarifləndirmənin gücləndirilməsi zərurəti gündəmə gəldi və bu işdə həm Qafqaz Müsəlmanları İdarəsi, həmçinin də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hərəkətə keçdi. Əslində, bu tip tədbirlər ölkədə müntəzəm xarakterlidir. Azərbaycan indiyədək bir sıra beynəlxalq tədbirlərə, elmi-praktik konfranslara ev sahibliyi edib. Dini sahədə dövlətimizin, cənab Prezidentin yürütdüyü istiqamət də bəllidir. Azərbaycan bütün dini konvessiya nümayəndələrinin həmrəy yaşadığı bir ölkədir, burada hər hansı dini azlığa qarşı heç vaxt ayrı-seçkilik müşahidə edilməyib. Dininə görə, kimisə cəmiyyətdən təcrid etmək ümumiyyətlə, biz azərbaycanlılara yad xüsusiyyətdir. Dövlət siyasətində də bu özünü əyani göstərir. Azərbaycan dövləti islam dini ehkamlarına hörmətlə yanaşdığı, məscid və ibadətgahları abadlaşdırdığı kimi, digər dinlərə də eyni hörməti bəsləyir və ayrı-ayrı dinlərə aid ibadətgahları da təmir etdirir, abadlaşdırır. Amma din elə bir mürəkkəb sahədir ki, burada hər zaman yad ideologiyaların, radikalizm meyillərinin formalaşması və inkişafı üçün müəyyən cəhdlər olur. Buna səbəbsə islamın təməl prinsiplərinin doğru-düzgün anladılmaması, insanlarda gerçək islam barədə bilgilərin aşağı səviyyədə olmasıdır.

Ona görə biz daim öz çıxışlarımızda, təkliflərimizdə bildiririk ki, dini maarifləndirmə işi günlük, aylıq, hansısa müddətlik deyil, mütəmadi, daimi olmalıdır. Bu işdə mətbuat, elektron KİV və telekanalların üzərinə böyük iş düşür. Təəssüf ki, hazırda Azərbaycan efirində dini məzmunlu, maarifləndirici verilişlər demək olar, yox səviyyəsindədir. Dinimizə belə səthi yanaşma tərzini dəyişməyin zamanı çoxdan çatıb. Əgər istəyiriksə ki, gənclərimiz sağlam dini düşüncəyə, sağlam dini təfəkkürə malik olsunlar, zərərli dini cərəyanların təsir dairəsinə düşməsinlər, dini

maarifləndirmə prosesini daha da əməli və hərəkətli bir hala gətirməliyik. Dini maarifləndirmə din xadimlərinə, axund və mollalara təkmilləşdirmə kursları keçməklə məhdudlaşmamalıdır. Bu da lazımlıdır, ancaq yetərli deyil. Elmi-konfranslar, "dəyirmi masa”lar məhdud çevrəni əhatə edir. Bizə daha çox ictimailəşən, geniş kütləyə hesablanan tədbirlərin keçirilməsi lazımdır ki, islamın əsl, gerçək gözəl mahiyyəti müfəssəl açıqlansın, ayrı-ayrı qüvvələr də yaranan boşluqdan istifadə edib öz zərərli təbliğatlarını həyata keçirə bilməsinlər.

İstiqamət dəyişməlidir

"Mənəvi dünya” İctimai Birliyinin sədri, ilahiyyatçı Hacı Şahin Həsənli də belə hesab edir ki, əhalinin dini biliklərə artıq elmi baxımdan yiyələnməsi vacibdir:

- Çox təəssüf ki, din deyəndə, yas mərasimləri yada düşür. Elə bil ki, islam dini ancaq ölülər üçündü. İlk növbədə cəmiyyətimizdə formalaşmış bu zərərli fikir aradan qaldırılmalıdır. Dini maarifləndirmə işi geniş sahədə aparılmalıdır. KİV-lərdə, televiziyada. İstər mətbuat olsun, istər televiziya bu işə peşəkarlar, dini bilən mütəxəssislər cəlb edilməlidir. İslam dini müasirliklə uzlaşdırılmış şəkildə təbliğ edilməlidir, çünki islam yalnız bir qövm, bir tarixi dövr, konkret hansısa sivilizasiya üçün göndərilməyib. Bu, bəşəri bir dindir və bütün xalqları və zamanları əhatə edir. Məsələ, insanların onu düzgün qavramasındadır. Mən QMİ-nin keçirdiyi tədbirdə iştirak etmişəm. Orada dini maarifləndirmə ilə bağlı fikirlər səsləndi, Şeyxülislam da bu barədə danışdı, DQİDK rəhbərliyində təmsil olunanlar da bu məsələlərə dəfələrlə toxunublar. Məndə belə təəssürat yaranıb ki, bu sahədə yeniliklər ediləcək. Bəlkə də yeni bir fəaliyyət proqramı tərtib ediləcək. Çünki buna ciddi ehtiyac var. Məsələn, təkliflərdən biri, orta məktəblərdə dinin tədrisi ilə bağlıdır. Amma görünür ki, bu məsələdə cəmiyyətdə fikir ayrılığı mövcuddur. Biz məlum təcrübələrdən yararlanmalıyıq. Məktəblərdə dinin tədrisinə dair kifayət qədər müsbət təcrübələr var. Və təcrübə göstərir ki, vətəndaşların radikal dini qruplaşmaların təsiri altına düşməməsi üçün erkən yaşlardan zəruri dini biliklərə sahib olmaları gərəkli və faydalıdır. Bilirsiz, insanların yanlış istiqamətə yönlənməsi, radikallığa meyillənməsinin əsas səbəbi məlumatsızlıq, bilgisizlikdir. İslam dini haqqında məlumatı olan insan heç vaxt radikallığa meyl etməz. Çünki islamın mahiyyətində bəşəri hisslər, sülhpərvərlik, şəfqət, mehribanlıq dayanır. Hesab edirəm ki, ümumiyyətlə dini maarifləndirmə sahəsindəki vəziyyətə də yenidən baxılmalıdır.

Və... təkliflər səslənir

QMİ sədrinin müavini, Bakı İslam Universiteti islamşünaslıq fakültəsinin dekanı Hacı Fuad Nurullayev dini maarifləndirmə işinin daimi xarakter alması üçün əlaqədar strukturlara təkliflərini irəli sürdüklərini bildirdi:

- Bilirsiniz ki, dini maarifləndirmə sahəsində hazırda aktiv iş aparılır. Qafqaz Müsəlmanları İdarəsi öhdəsinə düşən vəzifəni yerinə yetirir. Lakin dini maarifləndirmə işi yalnız QMİ çərçivəsində aparılan fəaliyyətlə məhdudlaşmamalıdır. Biz əlaqədar qurumlar qarşısında təkliflərlə çıxış etmişik. Bildirmişik ki, orta məktəblərdə, ali məktəblərdə dini maarifləndirmə proqramları işlənməlidir. KİV-də - telekanallar, radiolarda, həmçinin də, mətbuatda, internet resurslarında bu iş gücləndirilməlidir. Gərək bu proses kütləviləşsin ki, gənclərimiz yaranan boşluğu doldura bilsin, təsir altına düşməsinlər. Hətta təklif etmişik ki, pilot layihələr hazırlansın və İslam Universitetinin müəllimlərindən, məzunlarından istifadə edilsin. Azərbaycan vətəndaşları öz dinini tanımalı və dini əqidəsini möhkəmləndirməlidir.

Yusif Nəzərli

Yazı, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuatın yaranmasının 139 illiyi ilə əlaqədar elan etdiyi müsabiqəyə təqdim olunur