Vəkil qanunu pozub ki, cərimələnib

“Evakuasiya xidmətinin ödənişi ilə törədilən xətanın cərimə miqdarı ayrıdır”



Vəkil Anar Qasımlının avtomobili Yol Polisi tərəfindən cərimə meydançasına aparılıb. A.Qasımlı özünün "Facebook” səhifəsində bununla bağlı qeyd edib.

Onun sözlərinə görə, evakuator vasitəsi ilə avtomobilinin Cavanşir körpüsünün yanındakı cərimə meydançasına aparıldığını öyrəndikdən sonra ora gedib: "Xidməti otağa keçmək istəyirdim ki, "içəridə adam var, növbəyə durun” nidasını eşitdim. Sən demə, qapının ağzında dayananlar növbə gözləyir. Əvvəlcə öz-özümə niyə bura bir neçə əməkdaş qoymurlar ki, camaat cəriməsini növbəsiz ödəyib getsin deyə deyindim. Lakin içəri keçdikdən sonra bəlli oldu ki, lap 10 nəfər əməkdaş da cəlb etsələr, növbə olacaq, çünki içəri bir-bir buraxırlar. Bunun da bəlli səbəbi var”.

Vəkil içəri daxil olduqdan sonra ondan 40 manat tələb olunub. O, bunun müqabilində qəbz istədikdə, vəziyyət bir qədər gərginləşib: "Ətrafdakı polis serjantlarının "komandir” deyə müraciət etdiyi mülki geyimli şəxs bildirdi ki, 40 manat cərimə ödəməliyəm. Mən də dedim ki, protokol yazın, mənim hüququm var ki, ay ərzində cəriməni ödəyim. "Komandir” dedi ki, cəriməni ödəmədən maşını buraxmayacaq. Axırda, onlara vəkil olduğumu bildirdim. Bundan sonra avtomobilin evakuatorda gətirilməsinə görə 20 manat ödəyib, qəbzi aldım, protokol yazdırdım”.

Anar Qasımlı həmçinin orada olduğu müddətdə polislərin cərimə meydançasına gələnlərin hamısından protokol yazılmadan, qəbz verilmədən 40 manat alıb buraxdıqlarını da qeyd edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov "Şərq”ə yalnız evakuasiya xərcinin deyil, törədilən xətaya görə əlavə cərimə olduğunu bildirib. Cərimə məbləğlərinin Nazirlər Kabineti tərəfindən müəyyənləşdirildiyini də söyləyib: "Avtomobilin evakuasiya edilməsinə görə amartizasiya xərcləri Nazirlər Kabinetinin təyin etdiyi məbləğ və törətdiyi xətaya görə sürücü məsuliyyət daşıyır. Belə hallarda qanun tələbi əsas götürülür. NK tərəfindən təyin edilmiş evakuasiya xərci 20 manat və müəyyən edilmiş məsuliyyətə əsasən cərimə məbləği göstərilir.

Məsələn, avtomobil avtobus dayanacağını zəbt edib. Buna görə avtomobil dayanacağından evakuator vasitəsilə aparılan zaman artıq 40 manat cərimə müəyyən edilir. Daha sonra evakuatora əlavə olaraq 20 manat ödənilir. Əgər vətəndaş bunu qeyri-qanuni hesab edirsə, yanlış düşünür. Bütün proseslər qanunun tələbi əsasında aparılmalıdır və aparılır”.

Vüqar Şahinoğlu