Prezident AŞ PA tribunasından aydın mesajlar verdi

İlham Əliyev prinsipiallığı, məntiqi və analitik mühakimə qabiliyyəti ilə göstərdi ki, heç bir qüvvə Azərbaycanın müstəqil siyasətinə təsir edə bilməz



Azərbaycan Prezidenti cənab İlham Əliyevin iyunun 24-də Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı çıxışı diqqət mərkəzindədir. Sessiyada danışan dövlət başçısı müstəqillik illərində Azərbaycanın inkişaf yolu, həyata keçirilən siyasi və iqtisadi islahatlar, güclü iqtisadiyyat, müasir, demokratik cəmiyyət quruculuğu sahəsində əldə olunmuş mühüm uğurlardan danışdı. Bununla yanaşı, Prezident Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan nəhəng transmilli enerji layihələri, dövlətimizin daxili və xarici siyasətinin prioritetləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər barədə fikirlərini səsləndirdi. Həmçinin AŞ PA deputatlarının suallarını cavablandırdı.

AŞ PA-dakı çıxış göstərdi ki, Azərbaycan Prezidentinin qlobal düşüncə tərzi, Azərbaycanda və dünyada baş verən hadisələr, cərəyan edən proseslər haqqında məlumatlılıq səviyyəsi, sistemli təhlili, dəmir iradəsi və məntiqi, müstəqil və analitik mühakimə qabiliyyəti, prinsipiallığı, qətiyyəti yüksəkdir. Təsadüfi deyil ki, İ.Əliyevin sessiyadakı çıxışı AŞ PA deputatları, ekspertlər, şərhçilər, yerli və xarici KİV-lər, sıravi vətəndaşlar tərəfindən yüksək qiymətləndirildi.

Ölkə başçısının çıxışı bir daha təsdiq etdi ki, o, qlobal düşüncə tərzinə malik olaraq siyasi, iqtisadi və humanitar sahələrdə regionda və dünyada cərəyan edən prosesləri, baş verən hadisələri yaxından izləməklə yanaşı, onların arasında bağlılığı aydın görür və öz fəaliyyətində bunları nəzərə alır. Bu amil Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun uğurla reallaşdırılmasında, xarici aləmlə əlaqədə, ölkəmizin təşəbbüskarı olduğu nəhəng transmilli enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində, dövlətimizin beynəlxalq nüfuzunun daha da yüksəlməsində mühüm rol oynayır.

"Yüz illər boyu ölkəmizdə tolerantlıq mühiti qorunub saxlanır. Bu gün Bakı dünyada multikulturalizmin əsas mərkəzlərindən biri kimi tanınır” - deyən İ.Əliyev Azərbaycanın tolerant olduğunu bir daha dünyanın diqqətinə çatdırmış oldu. Bununla aydın oldu ki, Azərbaycanda dini ayrı-seçkilik yoxdur, bütün dinlərə, mədəniyyətlərə qarşı hörmət mövcuddur. Həqiqətən də böyük tarixi, zəngin mədəniyyəti olan ölkəmiz bu gün regionda sabitləşdirici rol oynayır.

Prezidentimizin də söylədiyi kimi, Azərbaycanın təşəbbüsü ilə bir çox regional layihələr həyata keçirilir. Bu da bölgə ölkələrinin inkişafına müsbət təsirini göstərir.

Azərbaycan Prezidenti öz çıxışında Azərbaycanın keçdiyi inkişaf yolunu, müasir inkişaf səviyyəsini, gələcək dövr üçün prioritetlərini sistemli şəkildə təhlil etmiş oldu. Müstəqilliyin ilk illərində Azərbaycanın faciəvi durumu, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, sonrakı dövrdə ölkədə həyata keçirilən demokratik islahatlar, bazar iqtisadiyyatı prinsiplərinin tətbiq olunması, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təmin olunması, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası, nəhəng enerji layihələrinin həyata keçirilməsi, ölkənin dinamik inkişaf yoluna qədəm qoyması, tərəqqi və müasir cəmiyyət quruculuğu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı durum və digər məsələlər cənab İlham Əliyevin nitqində sistemli təhlilin əsas konturlarını təşkil etdi.

Bu, cənab Prezidentin yüksək intellektinini göstəricisidir.

Sessiyada çıxışı zamanı ölkə başçısı Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyi dövründə, həm də ümumi şəkildə gələcək üçün prioritetlərini açıqladı ki, bu da dünya dövlətləri, orada təmsil olunan siyasilər tərəfindən maraqla qarşılandı. Cənab Prezident bildirdi ki, multikulturalizmin inkişafı və Azərbaycanın humanitar mərkəz statusunun möhkəmləndirilməsi əsas vəzifələrdən biridir. Bu istiqamətdə görülən işlərin daha da sürətləndiriləcəyinə əminlik yarandı. Həmçinin Prezidentin çıxışından o da anlaşıldı ki, demokratik islahatlar daha da dərinləşəcək. Ümumiyyətlə, bu günə qədər Azərbaycanın demokratiya yolunda mütərəqqi işlər həyata keçirilib. Hökumət hər zaman demokratik islahatların keçirilməsində maraqlı olub və bu istiqamətdə tədbirlər həyata keçirilib. Həmin tədbirlər bu gün də davam edir.

Həmçinin son illər ölkə başçısının müvafiq göstərişi ilə korrupsiyanın aradan tamamilə qaldırılması istiqamətində fəaliyyət sürətləndirilib. ASAN Xidmət mərkəzlərinin yaradılması bunun bariz nümunələrindən biridir. Ölkə başçısı çıxışında korrupsiyaya qarşı mübarizənin daha da gücləndiriləcəyini söylədi.

Prezident qeyd etdi ki, radikalizmə qarşı mübarizənin mühüm tərkib hissəsi kimi gənclər siyasətinin daha da təkmilləşdirilməsi və təhsilin səviyyəsinin yüksəldilməsi həyata keçiriləcək. Bununla yanaşı, beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icra olunması işi də sürətləndiriləcək. Azərbaycan Prezidenti AŞ PA tribunasından bildirdi ki, müstəqillik illərində vətəndaş cəmiyyəti quruculuğu, demokratik prinsiplərin tətbiqi, fundamental azadlıqların təmin olunması sahəsində ciddi uğurlar əldə olunub: "Biz üzərimizə düşən öhdəlikləri həyata keçiririk. 60-a yaxın konvensiyaya qoşulmuşuq, qanunvericiliyimizi yeniləmişik. Hazırda apardığımız islahatlar bizim cəmiyyətdə çox müsbət ab-hava yaradır. Azərbaycanda bir çox azadlıqlar, demokratik institutların fəaliyyəti təmin edilir, mətbuat və söz azadlığı sahəsində mühüm islahatlar həyata keçirilib, azad internet mövcuddur. Azad internetin olduğu, senzuranın olmadığı şəraitdə biz heç cür söz və ifadə azadlığını məhdudlaşdıra bilmərik. Biz KİV-in azadlığını daha da genişləndiririk. Mətbuatın azad olması demokratiya deməkdir və bu, hökumətin hansısa çatışmazlıqlar üzərində qüvvəsini cəmləşdirməsinə yardım etmiş olur. Bu, hökumətlə cəmiyyət arasında mühüm əlaqə yaradan amillərdəndir. Bu, müasir Azərbaycanın əhəmiyyətli uğurlarındandır və biz bununla fəxr edirik. Ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır, bu sahədə dövlət səviyyəsində islahatlar həyata keçirilir. Azərbaycanda sərbəst toplaşmaq azadlığı da tam təmin olunub. Bütün bunlar bizim islahatlara nə dərəcədə sadiq olduğumuzun bariz nümunəsidir. Bizim üçün islahatların aparılması prioritet təşkil edən məsələlərdəndir. Bu gün beynəlxalq birliyin fəal üzvü olan Azərbaycan sürətlə müasirləşir. Demokratik proseslərin və azadlıqların təmin edilməsi bundan sonra da ölkəmiz üçün prioritet olacaq”. Prezidentin bu fikirlərini təsdiqləyəcək yüzlərlə fakt göstərmək mümkündür.

Ölkə başçısı sessiyada Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq dövlətimizin qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin həlli ilə bağlı mövcud vəziyyət barədə hərtərəfli danışan İ.Əliyevin çıxışında səsləndirdiyi fikirlər erməni lobbisinin iddialarını demək olar ki, ifşa etdi. Bununla cənab Prezident real vəziyyəti tam açıqlığı ilə Avropa ictimaiyyətinə göstərdi. Dövlət başçısı həmçinin beynəlxalq səviyyədə qəbul edilmiş qətnamələrin tətbiqi mexanizminin yaradılması təklifini irəli sürdü: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün regionu təhdid altında saxlayır. Dağlıq Qarabağa ermənilər sonradan gəlmişlər və bu ərazilərin Azərbaycana məxsus olduğunu tarixi abidələr də təsdiq edir.

BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul etmiş, lakin onlar hələ də icra olunmamışdır, baxmayaraq ki, bənzər hallarda bu qətnamələr bir neçə saat ərzində həyata keçirilir. Ermənilərin işğal etdikləri ərazilərdə abidələri, qəbirləri dağıdaraq vandalizm hallarına yol verdiklərini ATƏT-in bölgədə olan faktaraşdırıcı missiyasını da təsdiqləmişdir. Azərbaycan torpağı olan İrəvan XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ermənistana paytaxt kimi verilmişdir. Beynəlxalq səviyyədə qəbul edilmiş qətnamələrin implimentasiya mexanizminin yaradılması olduqca vacib məsələdir. Belə bir mexanizmi biz hamımız birlikdə tərtib etməliyik. Beynəlxalq hüququn norma və prinsiplərinin aliliyi təmin olunmalıdır”. Bu, Azərbaycanın Qarabağ məsələsində prinsipial mövqedə dayandığının göstəricisi sayılır.

Azərbaycan Prezidentinin sessiyadakı çıxışının sual-cavab hissəsi də avropalı parlamentarilər tərəfindən yüksək qiymətləndirildi. Suallara cavabı ilə cənab Prezident bir daha təsdiq etdi ki, o tənqidə açıq, lakin istənilən haqsızlığı öz dəmir iradəsi və məntiqi ilə neytrallaşdırmağı bacaran, müstəqil və analitik mühakimə qabiliyyətinə malik, prinsipial siyasi xadimdir. Azərbaycan Prezidenti öz cavabları ilə bir daha nümayiş etdirdi ki, sifarişli iddialarla ölkəmizi gözdən salmaq, ona ləkə yaxmaq cəhdləri baş tutmayacaq və subyektiv mülahizələrin müəllifləri məntiq, obyektiv reallıq qarşısında acizdirlər. İ.Əliyev açıq şəkildə bəyan etdi ki, bu hücumların səbəbləri heç də insan hüquqları, demokratiya, xüsusən də geopolitik məsələlərlə bağlı deyil. Bu iddialar Azərbaycanı sevməyən, onu gözdən salmağa çalışan maraqlı qüvvələr tərəfindən təşkil olunur. Azərbaycan Prezidenti bir daha nümayiş etdirdi ki, heç bir iddia və hücum onun dəmir iradəsini sarsıda və Azərbaycan xalqının maraqlarına xidmət yolundan döndərə bilməz.

Təbiidir ki, İ.Əliyevin qətiyyətli və prinsipial mövqeyinin əsasında xalqının böyük etimadı və birmənalı dəstəyi, Azərbaycanın milli maraqlarına xidmət amalı, haqq və ədalət prinsiplərinə hədsiz bağlılıq amilləri dayanır. Cənab Prezidentin mövqeyi həm də Azərbaycanı sevməyən müəyyən xarici dairələrə, onların sifarişlərini yerinə yetirən bəzi beynəlxalq hüquq-müdafiə təşkilatlarına tutarlı cavab və aydın mesaj oldu. Azərbaycan Prezidenti dəmir iradə nümayiş etdirərək anti-Azərbaycan qüvvələrə bir daha göstərdi ki, heç kim dövlətimizin müstəqil siyasətinə təsir edə bilməz. Bu qüvvələr qarşılarında Azərbaycan dövlətinin qətiyyətli iradəsini görəcəklər və bütün cəhdlər iflasa uğrayacaq.

Anar Bayramoğlu