“Ərturqutun özü də iş gəzir”

“Bitirdiyi sahə üzrə dövlət işinə düzəlməsini istəyirik”



Bir müddət öncə, ölkə mətbuatında "sabiq mərhum prezident Əbülfəz Elçibəyin qayını Mirmöhsün Mahmudov bəyin oğlu Ərturqut Əliyevin işlə təminatı barədə dövlət strukturlarına müraciət edib” başlıqlı xəbər yayılıb.

Məlumatda qeyd olunub ki, bəyin qayını hətta imkanlı şəxslərdən də iş xahiş edib. "Yazıq uşaq, cavandır amma bir iş tapıb işləyə bilmir. Ad çəkmək istəmirəm, amma iş üçün çox yerə müraciət etmişik. Neçə adamdan xahiş də etmişəm, heç kim işə götürmür. Deputatlardan da xahiş etmişəm hətta. Almurad əmisi deyir ki, ona iş tapmışam, amma ortada heç nə yoxdu. Mən dayısı kimi xahiş edirəm, kimin imkanı var onu işə qoysun. Xahiş edirəm, ürəkləri hara istəyir ora da göndərsinlər. Yazıqdır, cavan uşaqdır. Nə qədər bekar gəzəcək? Elçibəy bu millətə nə edib ki, onun oğlu iş tapıb işləyə bilmir. Yenə deyirəm, biz çox sevinərik ki, ona kim isə iş versin”.

Müraciətinə müsbət reaksiya verilib-verilməməsini öyrənmək üçün M.Mahmudovun özü ilə əlaqə saxladıq. O, "Şərq”ə açıqlamasında fikirlərinin təhrif olunduğunu dedi. Həmsöhbətimiz bildirdi ki, heç kimdən iş xahiş etməyib: "Mətbuatda yazılanlarda ciddi yanlışlar var. Demişəm ki, prezident seçkiləri ərəfəsində 2-3 adam işə düzəldəcəyini vəd etmişdi. Seçki qurtarandan sonra həmin adamları tapmaq olmadı. Bir də onu vurğulamışam ki, Ərturqut da gəncdi, işləmək istəyir. Bu kontekstdə danışmışam. Heç kimdən xahiş eləməmişəm”.

M.Mahmudov onu da diqqətə çatdırıb ki, Bəyin qardaşı A.Əliyevin Ərturqutu işə düzəldəcəyi barədə söylədikləri hələ ki söz olaraq qalır: "Ərturqut işsizdi. Əlbəttə, bitirdiyi sahə üzrə dövlət işinə düzəlməsini istəyirik”.

Xatırladaq ki, A.Əliyev "Şərq”ə açıqlamasında Ərturqutun işsizliyini gəncliyi və hələ ki işləmək istəməməsi ilə izah edib. M.Mahmudovun bu barədə də fikirlərini soruşduq. O söylədi ki, hazırda Ərturqutun özü də iş gəzir: "Mənə bir neçə dəfə müraciət edib. Əlimizdən bir şey gəlmir”.

"Ərturqut deyir ki, Fövqəladə Hallar Nazirliyinə sənəd verib”. Bu barədə isə Almurad Əliyev bildirib. Onun sözlərinə görə, bu məsələ hələ ki dəqiq deyil: "Guya sənədlərini verib. Amma konkret bir söz deyə bilmərəm”.

Ayyət Əhməd