Müsavatda kim sədr olsun?

Arzu Səmədbəyli: “Konkret kiminsə adını çəkmək istəmirəm”
Adil Qeybulla: “Əlbəttə, mənim də öz fikrim var”


Yenidən təxirə salınan Müsavat Partiyasının 8-ci qurultayı sentyabrın 27-də keçiriləcək. Bu barədə partiyanın Ali Məclisi qərar verib. İndiyə qədər qurultayın keçirilməsi ilə bağlı dəfələrlə konkret gün müəyyənləşdirilsə də, müəyyən səbəblərdən qurultay baş tutmayıb. Tədbirin təxirə düşməsi isə partiyada fikir ayrılığı, narazılıq və narahatlıqlar yaradıb. Bir qrup şəxs qurultayın dərhal keçirilməsini tələb etsə də, digərləri tələsməməyi məsləhət görüb.

Qeyd edək ki, 1911-ci ildə qurulmuş Müsavat Partiyası indiyə kimi cəmi 7 qurultay keçirib. Sonuncu qurultay 2006-cı ildə olub. Əgər növbəti qurultay baş tutarsa, çox güman ki, 1992-ci ildən partiyaya başqanlıq edən İsa Qəmbər sədrlik postundan gedəcək. Artıq quruma rəhbərlik etmək üçün bir neçə namizədin adı hallanır. Məsələn, Arif Hacılı, Qubad İbadoğlu, Arzu Səmədbəyli, Vurğun Əyyub, İsrafil İkram, Nüşabə Sadıqlı, Tural Abbaslı və başqaları mətbuatda tez-tez müzakirə olunan namizədlərdir. Partiyanın Ali Məclisinin sədri Arzu Səmədbəyli namizədliyi ilə bağlı indidən bir söz deyə bilməyəcəyini deyib. 27 sentyabrın son tarix olduğunu söyləyən A.Səmədbəyli əsl seçki yarışının qurultay zamanı başlayacağını bildirib: "Partiya başqanlığına namizədliyin irəli sürülməsi prosesinə sentyabrda start veriləcək. O vaxta qədər konkret fikir bəyan etmək düzgün olmaz. "Sizcə, yer məsələsi sentyabın 27-dək öz həllini tapacaqmı” sualına isə partiya funksioneri belə cavab verib: "Qurultaya hazırlıq iki ildən artıqdır gedir. Bunun üçün dəfələrlə icra hakimiyyətinə müraciət etmişik. Hətta bununla bağlı BŞİH-ni məhkəməyə də vermişik. İşi Avropa Məhkəməsinə kimi aparacağıq. Çünki paytaxt rəhbərliyi yer ayrılması ilə bağlı qanunları pozur. Hər bir halda sentyabra kimi bu müraciətlər davam edəcək. Çalışacağıq ki, qurultayımızı normal bir məkanda keçirək”. A.Səmədbəylinin sözlərinə görə, yeni başqanın seçilməsi Müsavat Partiyasında parçalanma yaratmayacaq. "Amma parçalanmanın olacağını zənn etmirəm. Ancaq kiminsə narazı qalacağını, umuküsü edəcəyini istisna etmək olmaz. Çalışacağıq ki, elə ədalətli qurultay olsun ki, onun gedişatında uduzan udanı təbrik etsin”. İsa Qəmbərin başqanlıqda qalması məsələsinə gəldikdə isə, A.Səmədbəyli bildirib ki, başqan namizədliyini verməyəcəyini bəyan edib və bu, partiyanın nizamnaməsi ilə öz təsdiqini tapıb: "Hətta nizamnamənin maddəsində dəyişiklik edilsə belə, İsa bəy namizədliyini verməyəcəyini rəsmi olaraq açıqlayıb. Müsavat Partiyasında isə başqan olmağa layiq kifayət qədər təcrübəli, elmli və siyasi biliyə malik insanlar var. Konkret kiminsə adını çəkmək istəmirəm. Əlbəttə, İsa bəyin yeri ayrıdır. Amma o, partiyadan təmamilə kənara çəkilmir. Onun hansı statusda partiyada təmsilçiliyi qurultaydan sonra bilinəcək”.

Müsavatın Divan üzvü, tanınmış professor Adil Qeybulla isə konkret olaraq partiyaya sədrlik etmək niyyətinin olmadığını bildirib: "Şəxsən mənim namizəd olmaq fikrim yoxdur. Amma namizədliyim irəli sürülərsə və məsələ aktuallaşarsa, bununla bağlı fikir bildirəcəm. Hələlik bu barədə şərh vermək istəmirəm”. A.Qeybulla qurultay məsələsinin mətbuatda çox şişirdildiyini deyib: "Başqan dəyişilməlidirsə və nizamnamə ilə bu tələb varsa, onda proses həyata keçirilməlidir. Sadəcə, zaman məsələsi var. Ona görə də bunu dramatikləşdirməyə ehtiyac yoxdur. Əlbəttə, namizədliyi arzu olanlar, bununla bağlı yarış təşkil edənlər olacaq. Burda heç bir problem görmürəm. Kim seçilməlidirsə, o da seçiləcək”.

Namizəd olaraq adı hallanan şəxslərdən kimin daha şanslı olduğunu düşünürsünüz - sualına professorun cavabı belə olub: "İndidən konkret söz deyə bilmərəm. Əlbəttə, mənim də öz fikrim var. Ancaq hesab edirəm ki, bu, təbliğat və anti-təbliğat olardı. Qoy şəxslər rəsmi şəkildə namizədliyini versinlər, ondan sonra fikrimi bəyan edərəm. Sadəcə onu deyim ki, Müsavatda elə bir adam rəhbər olmalıdır ki, onun yaşı kifayət qədər gənc olsun, konfliktlərdə tanınsın, partiyanın nüfuzunun artmasına xidmət etsin. Ümid edirəm, müsavatçılar seçimlərində bu göstəriciləri nəzərə alacaqlar. Beynəlxalq əlaqələr, xarizma, dil biliyi və digər kriteriyalar var ki, başqanlıq seçimində namizədin strategiyasına müsbət təsir edə bilər”. A.Qeybulla hesab edir ki, Müsavatda başqan olmağa layiqli adamlar çoxdur: "Bir şeyi unutmamalıyıq ki, Müsavatın başqanı olmaq cəmiyyətdə xüsusi bir status qazanmaq demək deyil. Arif Hacılı deyir ki, Azərbaycanda prezidentdən sonra ikinci siyasi vəzifə Müsavat Partiyasının başqanıdır. Mən bu fikirlə razılaşmıram. Müsavat başqanı olan şəxs şəxsiyyətindən, cəmiyyətdəki nüfuzundan və digər məsələlərdən asılı olaraq dəyərləndiriləcək. İstənilən partiya başqanının nüfuzu təkcə partiyasının adı ilə bağlı deyil, həm də şəxsi keyfiyyət göstəriciləri, cəmiyyətə faydalılıq əmsalı və s. məsələlərlə bağlıdır”.

İsmayıl