Bakıda toplaşdılar

ATƏT PA Rusiyanı Krımın ilhaqını ləğv etməyə çağırıb



ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyası dünən öz işini davam etdirib. Demokratiya, insan haqları və humanitar məsələlər komitəsinin iclasında "Helsinki + 40: məqsəd hər bir insana təhlükəsizlik” adlı qətnamə layihəsinin müzakirəsində Rusiyanın Ukrayna ilə bağlı irəli sürdüyü təklif qəbul olunub. Komitə sədri İsabel Santosun rəhbərliyi ilə keçirilən iclasda Rusiya nümayəndə heyəti qətnamə layihəsinə Ukrayna barədə düzəliş təklif edib. Rusiyanın təklif etdiyi 27-ci düzəlişdə göstərilir ki, Ukraynada son hadisələr zamanı, xüsusilə də 2 may 2014-cü il tarixində Odessada insanların kütləvi, faciəli ölümü ilə bağlı beynəlxalq hüquq təşkilatlarının iştirakı ilə obyektiv, hərtərəfli və açıq istintaq aparılsın. Təklifin müzakirəsi zamanı ABŞ nümayəndə heyəti düzəlişə sərt etiraz edib.

Çıxış edən ABŞ-ın ATƏT PA-da nümayəndə heyətinin sədr müavini, konqresmen Benjamin Kardin bunun qəti əleyhinə olduqlarını bildirib: "Bütün bunlar Rusiyanın təxribatıdır. Hamıya məlumdur ki, oradakı hadisələr Rusiyanın təhriki ilə baş verib. Biz bu düzəlişi qəbul etsək, Rusiyaya yeni imkanlar tanımış olacağıq ki, Ukraynada yeni əməliyyatlar keçirsin”.

Amma ABŞ və bir sıra avropalı deputatların etirazına baxmayaraq, səsvermə zamanı bitərəflər istisna olmaqla, 25 lehinə, 23 əleyhinə olmaqla düzəliş qəbul edilib. Səsvermədə Ukrayna da sənədin lehinə səs verib və belə araşdırmaların aparılmasının tərəfdarı olduğunu bildirib. Azərbaycan isə bitərəf qalıb.

Erməni yenə təxribata əl atdı

Komitənin iclasında Ermənistan nümayəndə heyəti tərəfindən gündəliyə çıxarılan qətnamə layihəsinə dəyişiklik tələbi irəli sürülüb. PA-dakı Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyanın bu tələbi komitə rəhbərliyinin etirazına səbəb olub.

"Helsinki + 40: məqsəd hər bir insana təhlükəsizlik” adlı qətnamə layihəsinə düzəlişlərin müzakirəsi zamanı Geqamyan növbədənkənar söz istəyib. Bu zaman erməni nümayəndəyə söz verilib. Geqamyan layihəyə "xalqların öz müqəddəratını təyinetmə hüququ” ilə bağlı düzəliş təklif edərək bunun regionda insan təhlükəsizliyi kimi qəbul edilməsini istəyib. Lakin onun təklifi nümayəndə heyətləri tərəfindən səs-küylə qarşılanıb. Komitənin sədr müavini Gordana Comic üzünü A.Geqamyana tutaraq deyib ki, bu, uyğun tələb sayılmır: "Sizin bu tələbiniz sözügedən sənədə uyğun deyil. Xahiş edirəm, iclasın gündəliyinə mane olmayın. Aidiyyəti üzrə təkliflə çıxış edin”.

Deputatımız İsabel Santosa etiraz etdi

Müzakirələr zamanı ATƏT-in Bakı ofisinin açılmasına çağırışla bağlı düzəliş təklifi də qəbul olunub.
Düzəliş İsveç və Norveçdən olan parlamentarlar tərəfindən irəli sürüb. Qətnamə layihəsinə ATƏT-in Bakı ofisinin yenidən açılmasına icazə verilməsinə çağırışın əks olunduğu 45 saylı bənd daxil edilib. Səsvermə nəticəsində düzəliş qəbul olunub.

Müzakirə zamanı azərbaycanlı deputat Rəbiyyət Aslanova bu məsələyə etirazını bildirərək Azərbaycan tərəfinin tələbini səsləndirib: "Bundan əvvəlki məsələdə də, indi də bizim etirazımız birmənalı olaraq nəzərə alınmadı. Azərbaycan tərəfi buna görə iclasın xanım İsabel Santos tərəfindən aparılmasına qəti etiraz edir”.

İ.Santos isə R.Aslanovaya cavabında bildirib ki, hər iki məsələ irəli sürüləndə Azərbaycan nümayəndə heyətinə söz verilib: "Həmin vaxt siz etirazınızı çatdırdınız. Lakin bu, səsvermə yolu ilə baş tutan bir haldır. Ona görə də burada mənlik heç nə yoxdur”.

Erməni Azərbaycanı ittiham etdi, cavabını aldı

Qətnaməyə növbəti təklif yenə də Ermənistan nümayəndə heyətinin rəhbəri A.Geqamyan tərəfindən səsləndirilib. Ermənistanın qətnaməyə 38-ci düzəlişini səsləndirən erməni deputat əvvəlcə Azərbaycanı ittiham edib. O, daha sonra Serj Sarkisyana da müraciət edib: "Bu günlərdə Serj Sarkisyanın 60 illik yubileyi olacaq. Biz arzu edirik ki, o, heç olmasa bu yaşda problemi həll edə bilsin. Mən Ermənistan prezidentinə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tövsiyə və arzu edirəm”.

Ermənistanın təklif etdiyi 38-ci düzəliş isə belədir: "Helsinki Yekun Aktında "millətlərin öz hüquq və müqəddəratının təyini”nin "sərhədlərin və ərazi bütövlüyünün toxunulmazlığı, mübahisələrin sülh yolu ilə tənzimlənməsi prinsipləri” ilə bərabər əksini tapmasını özündə əks etdirsin”.

Azərbaycanın PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova isə Ermənistan nümayəndə heyətinin üzvünə etirazını bildirib: "Biz Ermənistan tərəfinin fikrini əsaslandırmaq üçün Azərbaycan tərəfini ittiham etməsini qəbul edə bilmərik. Əgər Helsinki Yekun Aktının prinsiplərinin hamısı ardıcıl olaraq qəbul olunursa, biz lehinəyik, yox əgər bunlardan ancaq biri, özü də sərhədlərin pozulmasını, suverenliyi nəzərə almadan qəbul olunursa, biz bunun əleyhinəyik”.

"Krımın və Sevastopolun ilhaqı ləğv edilsin!”

İclasda qətnamə layihəsinə referendum və Krımla bağlı düzəlişlər qəbul edilib. Referendumla bağlı Rusiya tərəfindən təklif edilən düzəlişə əsasən üzv dövlətlərin vətəndaşlarının milli qanunvericilik çərçivəsində və beynəlxalq standartlara uyğun referendum keçirmək hüququ təsdiq edilir.

Krımla bağlı düzəliş isə Ukrayna nümayəndə heyəti tərəfindən təklif olunub. Düzəlişdə ATƏT Parlament Assambleyası Rusiyanı Ukraynanın Krım Muxtar Respublikasının və Sevastopol şəhərinin ilhaqını (anneksiya) ləğv etməyə çağırır.

"Ukrayna Rusiya ilə danışıqlarda maraqlıdır, ona görə də Rusiyanın təklif etdiyi beynəlxalq qrupun yaradılmasının biz də tərəfdarıyıq”.

Bunu isə Ukraynanın PA-dakı nümayəndə heyətinin rəhbəri Oleq Zarubinski bildirib. O qeyd edib ki, Ukrayna heç vaxt işğalçı dövlət olmayıb, başqalarına müharibə elan etməyib və torpağına göz dikməyib: "Biz sülhsevər dövlətik. Bütün bunlara baxmayaraq əgər Rusiyanın hər hansı təklifi sülhə xidmət edirsə, bunu birmənalı dəstəkləyirik”.

Ukraynalı rəsmi Avropa ilə imzalanan assosiativ sazişə də toxunaraq deyib ki, Ukrayna-Rusiya münasibətlərinə də xələl gəlməməli, iqtisadi zərbə alınmamalıdır: "Bu saziş bütün hallarda Ukrayna iqtisadiyyatına təsirini göstərəcək, biz bunu bilirik, amma bu siyasi qərardır və xalqın iradəsidir”.

Nümayəndə heyətinin sədr müavini Mikola Katerunçuk isə bildirib ki, bu gün Ukraynanın döyüşlər gedən hissələrində insan hüquqları ciddi şəkildə pozulur: "Ukraynanın siyasi, iqtisadi, sosial fəaliyyətində Krım da predmet olaraq qalacaq. Biz ərazi bütövlüyümüz bərpasından geri çəkilməyəcəyik. Krım Ukrayna ərazisidir”.

"Helsinki + 40: məqsəd hər bir insana təhlükəsizlik” qətnaməsi komitələr tərəfindən qəbul olunub

Sonunda sessiyada müzakirəyə çıxarılan "Helsinki + 40: məqsəd hər bir insana təhlükəsizlik” adlı qətnamə layihəsi komitələr tərəfindən qəbul olunub. Qətnamə layihəsi Demokratiya, insan haqları və humanitar məsələlər ilə Siyasi məsələlər və Təhlükəsizlik komitələrinin ayrı-ayrılıqda keçirdikləri iclaslarda müzakirə olunub.

Qətnaməyə təklif olunan çoxsaylı düzəlişlərin bir qismi qəbul olunub, bir qismi isə rədd edilib. Qəbul olunan düzəlişlərlə birlikdə qətnamədə ATƏT-ə üzv dövlətlərin sərhədlərinin toxunulmazlığının və Helsinki Yekun Aktında əksini tapan ərazi bütövlüyü prinsipinə əməl edilməsinin vacibliyi vurğulanır. Qətnamədə həmçinin kibermüharibə və terrorizm kimi təhdidlərə qarşı mübarizənin və bu cür təhlükələrin qarşısının alınmasının vacibliyi qeyd edilərək, bu istiqamətdə fəaliyyətin kibertəhlükəsizlik sahəsində Avropa Birliyinin strategiyasına uyğunlaşdırılmasının vacibliyi qeyd olunur. Bundan əlavə, qətnamədə münaqişə regionlarında geniş yayılan və hər il çoxlu sayda insanın, o cümlədən mülki vətəndaşların həlak olmasına səbəb olan silahların qanunsuz ticarətinin qarşısının alınması üçün yeni tədbirlərin görülməsinə çağırış edilir. Yekunda qətnamə ayrılıqda səsə qoyularaq komitələrdə qəbul olunan düzəlişlərlə birlikdə təsdiqlənib.

Anar Bayramoğlu