Ana dilini bilməyən məmurlar var

“Buna nəzarət edən orqan yaradılmalıdır”



Azərbaycanda ana dilini normal bilməyən yüksək vəzifəli məmurlarımız az deyil. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli məmurların ana dilində danışa bilməmələrindən şikayətlənib: "Azərbaycanın bir sıra mədəniyyət mərkəzlərində, elm sahəsində, hətta dövlət qurumlarının yuxarı mərtəbələrində işləyənlərin çoxu öz ana dillərini tam bilmirlər”.

O, həmçinin dövlət dilinə hörmətlə yanaşmayanların istər ziyalı, istərsə də digər təbəqələrdən olan insanların həddindən artıq çox olduğunu da deyib.

Əməkdar jurnalist, BDU-nun professoru Nəsir Əhmədli isə qeyd edilən problemlərin olması ilə razıdır: "Ümumiyyətlə, ana dilinin öyrədilməsi prosesi zəif həyata keçirilir. Orta məktəblərdə test imtahanından ana dili fənni üzrə nə qədər kəsilən şagirdlər var. Ona görə bu məsələlərlə ciddi məşğul olmaq lazımdır”.

Ana dilini yaxşı bilməyənlərin efirlərə buraxılmasına gəlincə, N.Əhmədli bununla bağlı müəyyən nəzarət orqanının yaradılmasını təklif edib: "Keçmişdə TV-də bədii şuralar fəaliyyət göstərirdi. Həmin şuralar mahnılara və digər bu kimi hallara nəzarət edirdi. İndi də komitə və ya komissiya formasından asılı olmayaraq həm mərkəzi, həm də ayrı-ayrı televiziya şirkətlərinin tərkibində belə qurumlar yaradılmalıdır”.

Vüqar Şahinoğlu