Orqan satışı elanı metro divarlarında...

İradə Cavadova: “Böyrək satışı elanının vurulması “qara transplantasiya”ya cəhd kimi qəbul edilə bilər”
Adil Qeybulla: “Kimisə orqan və ya toxumaların götürülməsinə məcbur edən insan qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır”



Metronun "Qara Qarayev” stansiyasının çıxışında divara böyrək satışı elanı yapışdırmış şəxslər Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən tutuldu. Məlum oldu ki, elan yapışdıranlar zarafat edirmiş. Elanda da özlərinin deyil, tamamilə başqa adamlara məxsus mobil telefon nömrələrini göstəriblərmiş. Bu axmaq zarafat nəyə lazımmış? Bunu edənlər 17 və 18 yaşlı gənclərdir. Zarafat etməyə başqa mövzu tapmayıblar? Ola bilsin, burada hansısa məkrli niyyət, "qara transplantasiya”, cinayət əməli də var. Bunu yəqin ki, DİN orqanları araşdırıcaq.

Çünki "satışa çıxarılan böyrək” olayı nə qədər zarafatyana olsa da, bir o qədər də real tərəfləri mövcuddur. Hazırda elə imkansız ailələr var ki, böyrəyinə həqiqətən də müştəri axtarır. Müştərilər də az deyil. Böyrək çatışmazlığı xəstəliyi hazırda geniş yayılıb. Böyrək donoru tapmaqsa hər kəsə nəsib olmur. Hətta imkanlı şəxslər də çox zaman donor tapılmaması səbəbindən səhhətlərini bərpa edə bilmirlər. Bu cür elanlara hansı yöndən yanaşılmalıdır? Orqan qaçaqmalçılığına cəhd, yoxsa şəxsi orqanı halal qazanc mənbəyinə çevirmək istəyi?

"Burada zarafat da, cinayət də ola bilər”

Hüquqşünas İradə Cavadova "Şərq”ə açıqlamasında məsələyə iki istiqamətdən yanaşıla biləcəyini söylədi:

- Bəlkə də bu, həqiqətən gənclərin zarafatıdır. Yeniyetmələrin bu tip əyləncələrə meylliyi gözləniləndir. Bu, xırda xuliqanlıqdır. Eyni zamanda biz bu elan olayına ciddi də yanaşa bilərik. Ola bilsin, ortada cinayətkar bir qrup var və onlar orqan transplantasiyası ilə məşğul olurlar. Belə elanlar yapışdırmaqla da reaksiyaları öyrənmək istəyirlər, insanları tora salmağa çalışırlar. Hüquq-mühafizə orqanlarının üzərinə düşən vəzifə təhqiqat qrupu yaradıb, araşdırma aparmaqdır. Bəlkə də elanın araşdırılması ciddi bir cinayət əməlinin, böyük bir cinayətkar qrupun izinə düşülməsinə gətirib çıxarar. Bütün hallarda daxil olmuş siqnal yoxlanılmalıdır. Görünür, DİN-in əlaqədar strukturu araşdırma aparıb və bu nəticəyə gəlinib ki, həqiqətən də burada zarafat edilib. İstənilən halda hüquq-mühafizə orqanları daxil olan bütün siqnalları araşdırmalıdır. Tutalım, kimsə zəng edib deyirsə ki, filan təyyarəyə partlayıcı maddə qoyulub, ona dırnaqarası yanaşılmır. Dərhal istintaq qrupu hadisə yerinə yollanır və təhqiqat aparılır. O qədər belə hadisələr baş verir ki. Kimsə zəng edib, haranınsa partladılacağını xəbər verir, araşdırma aparılanda isə məlum olur ki, demə, yalançı zəng imiş. Və belə xuliqanlıq əməllərinə görə, konkret cəzalar nəzərdə tutulur.

İ.Cavadova qeyd etdi ki, böyrək satışı elanının vurulması "qara transplantasiya”ya cəhd kimi qəbul edilə bilər:

- Orqan köçürülməsinin qanuni yolları var. Kimsə donor qismində çıxış etmək istəyirsə, dövlət xəstəxanasına, orqan transplantasiyası həyata keçirməyə rəsmi icazəsi olan klinikaya müraciət etməli, qeydiyyata düşməli, analizlər verməli və növbəyə dayanmalıdır. Böyrək və ya qara ciyər çatışmazlığı olan və qeydiyyata alınan xəstələrdən hansısa birinin göstəriciləri ilə bu adamın göstəriciləri düz gələrsə, o zaman üzləşdirmə keçirilir və alqı-satqı prosesi icra edilir. Sonra da işin tibbi tərəfləri icra olunur. Hər kəs öz orqanını satmaqda sərbəstdir, amma əlbəttə ki, qanuni qaydada. Əgər kimsə divara elan vurursa və böyrəyinə müştəri axtarırsa, deməli, burada artıq qeyri-qanuni əməl var və bu, orqan qaçaqmalçılığına cəhddir. Bundan adətən işbazlar yararlanır. İşbazlar insanlardan orqanları ucuz qiymətə alır, baha qiymətə satırlar. Qanuni yolla əməliyyat keçirmək daha baha başa gəldiyindən bir sıra ölkələrdə orqan qaçaqmalçılığı geniş yayılıb. Məsələn, Hindistanda 15 min dollara satılan orqanlar Çində 60 min dollardır. Yaxud, qara ciyər transplantasiyası qanuni yolla 1 milyona başa gəlirsə, qeyri-qanuni yolla 150-170 minə həyata keçirilir. Hazırda dünyada "qara transplantasiya” geniş yayıldığından bütün hallarda ehtiyatlı davranmaq və daxil olan hər bir siqnalı ciddi araşdırmaq lazımdır.

Transplantasiya gizli olmamalıdır

Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla "Şərq”ə açıqlamasında qeyd etdi ki, transplantasiya əməliyyatlarının həyata keçirilməsi Azərbaycanda qanuni həllini tapıb:

- Azərbaycanda orqan transplantasiyası "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanuna görə tənzimlənir. Qanunda bildirilir ki, orqan köçürülməsi əməliyyatı xəstənin həyatının xilası və sağlamlığının bərpası üçün aparılır. Amma bu sahədə insanların maarifləndirilməsi adıçəkilən qanundan az əhəmiyyət kəsb etmir. Hansısa bir qəzada travmatik, kliniki ölüm keçirmiş və bioloji ölümə qədəm qoyan adamın yarılması və orqanının götürülməsinə, onun valideynləri, yaxınları və doğmaları çox vaxt razı olmur. Hətta məhkəmə tibbi ekspertiza əhəmiyyəti kəsb edən meyitlərin yarılmasına belə onun yaxınları imkan vermir. Orqan isə icazəsiz götürülə bilməz. Hər bir götürülən orqan təsbit olunmalıdır ki, o hansı vətəndaşdan götürülüb, onun razılığı alınıbmı və onun götürülməsi üçün göstəriş olub və ya olmayıb. Əks halda, onun mənbəyi və mənşəyi bilinmirsə, bu, kriminal mahiyyət daşıyır. Ona görə də orqan transplantasiyası gizli olmamalıdır. Bu, tam açıq və qanunauyğun həyata keçirilməlidir. Təkcə qanunun qəbulu yetərli deyil. Donor haqqında da ayrıca qanun olmalıdır. Orqan transplantasiyası ilə məsələ tam öz hüquqi bazasını tapmalı, donor bankları və s. yaradılmalıdır. Böyük bir assosiasiya, şəbəkə yaradılmalıdır ki, məsələn, Azərbaycanın hər hansısa bir rayonunda orqan resursu varsa, digər rayonda buna ehtiyac yaranırsa, onu dərhal həyata keçirmək mümkün olsun. Bu məsələ çox ciddi və təşkilati bir işdir. Azərbaycanda xeyli sayda donora ehtiyac var. Hesab edirəm ki, bu məsələ ilə bağlı bütün hüquqi tərəflər həll olunmalıdır ki, daha sonra resurslar haqqında düşünmək mümkün olsun.

Məhkumlar, əsirlər, ruhi xəstələr...

A.Qeybulla qeyd etdi ki, bəzən imkansız şəxslərin pul qarşılığında hansısa orqanını başqa adama satdığı xəbərləri yayılır. Hətta leqal şəraitdə belə, orqan satışı baş verirsə, bu, artıq kriminaldır:

- Bir insanın hansısa orqanının pul qarşılığında alınıb başqa birisinə köçürülməsi yolverilməzdir. Ona görə də xüsusi hallarda çox yaxın qohumlar cüt orqanların birini, tək orqanların bir hissəsini öz yaxın qohumuna notarial qaydada təsdiq olunmaq şərti ilə verə bilər.

Orqan köçürülməsi özlüyündə çox ciddi bir prosesdir. Burada donorların da hüquqları var. Donor onu gözləyə biləcək bütün mümkün risklərdən xəbərdar olmalıdır. Əməliyyat zamanı ödəniş etməməli və bütün lazımi dərman preparatları ilə təmin olunmalıdır. Donor əməliyyatdan sonra əlilliyə məhkum olarsa, qanunvericiliyə görə ömürlük pensiya ilə təmin olunur. Bununla bərabər, donorun da üzərinə məsuliyyət düşür. Donor olmağa razılıq verən şəxs özünün zərərli vərdişləri haqqında həkimə məlumat verməlidir.

Donorun yaşı 18-ə çatmadıqda ondan sümük iliyi istisna olmaqla, transplantasiya məqsədilə orqan və ya toxumaların götürülməsi qadağandır. Bu şəxsin razılığı olmadıqda bu, orqan oğurluğu hesab edilir. Eyni zamanda həbsdə olan şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən transplantasiya məqsədilə orqan və ya toxumaların götürülməsi yolverilməzdir. Çünki kimisə orqan və ya toxumaların götürülməsinə məcbur edən insan qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. Amma ola bilər, hər hansı bir hadisə nəticəsində həyatını itirmiş bir insanın orqanları işlək vəziyyətdə qalsın, o zaman həkim həmin orqanı başqasına köçürə bilər, bu, qanunla tənzimlənir.

Orqanın götürülməsi, hazırlanması və saxlanması yalnız ixtisaslaşdırılmış tibb müəssisələrində aparılmalıdır. Bu müəssisələrin siyahısı və qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməlidir. Transplantasiya yalnız resipiyentin, yəni orqan köçürüləcək şəxsin yazılı razılığı əsasında həyata keçirilməlidir. Onun əməliyyat riskləri haqqında da məlumatı olmalıdır. Əgər resipiyent 18 yaşına çatmayıbsa, transplantasiyaya onun valideynləri, qanuni nümayəndəsi razılıq verir.

Bəzən beyin ölümü keçirən, amma orqanları yararlı vəziyyətdə qalan xəstələrin donorluğa razılığı hələ sağlığında da alına bilər. Sağlığında bu barədə razılıq verməyə fürsəti olmayan xəstənin orqanlarına ehtiyac varsa, onun birinci dərəcəli qohumları bu qərarı özləri qəbul edə bilərlər.

Məlahət Rzayeva