Zaqatalada zəlzələ ocağı hələ sönməyib

Bölgələr arasında da seysmik aktivliyə görə fərqlənmə var



Srağagün axşam Şimal-Qərb bölgəsində baş verən zəlzələnin gücü Zaqatala rayonunda 6 bal hiss olunub. Zəlzələ ciddi dağıntılara səbəb olmasa da, əhalini qorxu və təşvişə salıb. Zəlzələ baş verəndən dərhal sonra rayon sakinlərinin demək olar ki, əksəriyyəti təkanların təkrarlanacağından qorxduqlarından küçələrə axışıb və səhərə kimi küçədə gecələyiblər.

Bəzi evlərdə 2012-ci ildə baş verən zəlzələ nəticəsində yaranan çatlar genişlənərək təhlükəli vəziyyət yaradıb. Buna görə də, sakinlər həmin evlərini tərk edərək həyətlərində palatkalar qurub. Rayonun Muxax kəndində isə zəlzələ nəticəsində iki evin tavanı uçub. Xoşbəxtlikdən ev sahibləri xəsarət almayıb. Zaqatala Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ ötən gecə saat 22:26 radələrində Zaqataladan 14 km cənub-qərbdə qeydə alınıb. 12 km dərinlikdə baş verən zəlzələnin episentri Azərbaycan-Rusiya sərhədinin Zaqatala ərazisində, dağlıq hissədə qeydə alınıb.

Episentrə yaxın yaşayış məntəqələrində yeraltı təkanlar 6.0 bala qədər hiss olunub. Zaqatala regional Seysmoloji stansiyanın rəisi Kamal Əliyevin verdiyi məlumata görə, zəlzələ baş verən ocaq aktiv sayılır: "Həmin zəlzələ 2012-ci ildə baş verən yeraltı təkanın episentrində qeydə alınıb. Yeraltı təkanın gücü 5 baldan yuxarıdır”. Yeraltı təkanlar Qaxda da qeydə alınıb. Zəlzələ əsasən hündürmətəbəli yaşayış binalarında daha çox hiss olunduğundan, burada yaşayan sakinlərin hamısı öz mənzillərini tərk edərək küçələrə axışıb.

Vəziyyətlə bağlı əraziyə Qax rayon polis şöbəsinin əməkdaşları da gəlib. Onlar sakinlərə evlərinə qalxmalarını tövsiyə edib. Buna baxmayaraq, təşfiş və həyəcan içində olan sakinlər

mənzillərinə qayıtmaqdan imtina edib. Zəlzələ anını dəhşətlə xatırlayan sakinlər təkanların təkrar baş verməsindən daha çox narahat olduqlarını deyir. Təşvişə düşən bəzi sakinlərin halı pisləşdiyindən, onlara təcili yardım çağırılıb. Təzyiq, həyəcan, stress keçirmə və qorxma ilə əlaqədar narahat olan sakinlərə ilkin yardımlar göstərilib.

Qax və Zaqatala Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, zəlzələ nəticəsində dağıntı və tələfat yoxdur. Yalnız episentrə yaxın ərazidə yerləşən Güllük və Gözbarax kəndlərində ötən zəlzələ nəticəsində yaranmış xırda çatların genişlənməsi barədə məlumatlar verilir. Zəlzələ Şəkidə də hiss olunub. Burada təkanların gücü 3 bal olduğundan yalnız hündürmərtəbəli binalarda yaşayan sakinlər təkanları hiss edib. Burada da dağıntı və tələfat qeydə alınmayıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) Zaqatalada baş verən zəlzələ ilə bağlı məlumat yayıb. Nazirliyin saytına istinadən aldığımız xəbərə görə, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 29 iyun 2014-cü il tarixində Bakı vaxtı ilə saat 22:26-da Zaqatala rayonundan 14 km cənub-qərbdə zəlzələ qeydə alınıb.

Yeraltı təkanların gücü episentrdə 6,0 bal olub. Yeraltı təkanlar zəlzələ mərkəzinə yaxın yaşayış məntəqələrində 6,0 bala qədər hiss olunub.

Zaqatalada baş verən təbii fəlakətlə bağlı danışan rayon icra hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Elman Ramazanov bildirib ki, Zaqatala rayonunda zəlzələ nəticəsində dağıntı və tələfat barədə hələlik məlumat daxil olmayıb: "Biz hamımız iş başındayıq və hazırda Zaqatala şəhərinin, ətraf kəndlərinin ərazilərinə baş çəkirik”.

E.Ramazanovun sözlərinə görə, indiyə qədər rayonun Göyəm kəndində bir evin divarının uçduğu qeydə alınıb: "Bəzi binalarda isə ötən zəlzələ zamanı yaranmış xırda çatlar genişlənib. Başqa dağıntı və tələfat barədə məlumat daxil olmayıb”. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, xəstəxanaya zəlzələ nəticəsində xəsarət alan şəxs müraciət etməyib: "Yalnız 5 nəfər stress keçirməsi ilə bağlı müraciət edərək, ilkin tibbi yardım alıb”.

Qax Rayon İcra Hakimiyyətindən də bildirilib ki, rayonda zəlzələ nəticəsində dağıntı və tələfat olması barədə məlumat daxil olmayıb: "Yalnız episentrə yaxınlıqda yerləşən Güllük kəndində ötən zəlzələ nəticəsində yaranmış xırda çatların genişlənməsi barədə məlumat var”. Qax Rayon Mərkəzi Xəstəxanasında da zəlzələ nəticəsində xəsarət almaqla bağlı müraciət edən olmayıb.

... bu da salamat ötüşüb

Zaqatalada baş verən zəlzələ ilə bağlı rayon icra strukturları ilə əlaqə saxladığını deyən millət vəkili Kamilə Əliyeva bildirib: "Şükür Allaha ki, bu dəfə də hər şey yaxşılıqla bitib. Heç bir dağıntı qeydə alınmayıb”. Təbii fəlakətdən insanların həyəcan keçirməsinə gəlincə, deputat vurğulayıb ki, Şükür Allaha ki, insanlar da zərər çəkməyib. Düzdür, Zaqatala sakinləri müəyyən qədər həyəcanlı anlar yaşayıblar. Amma bu da salamat ötüşüb”.

Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli hazırda bölgədə vəziyyətin normal olduğunu deyib: "Dünəndən bu günə kimi Zaqatala rayonunda zəlzələ baş verən ərazidə 10-dan çox after-şoklar olub. Ən zəif təkanların sayı isə daha çoxdur və hardasa 100-ü keçib”.

Onun sözlərinə görə, hazırda ərazidə proses, gərginlik boşalması gedir. Bu proseslərin hələ bir qədər də davam edə biləcəyini deyən Q.Yetirmişli vurğulayıb ki, burada qorxulu nəsə yoxdur: "Güclü zəlzələdən sonra orada vəziyyət fon səviyyəsinə düşənə qədər gərginlik boşalması getməlidir. Hazırda hərəkət var, proses davam edir. Amma qorxulu heç nə yoxdur. Güclü, dağıdıcı zəlzələnin baş vermə ehtimalı yoxdur. Təbii ki, zəlzələdən sonra zəif təkanlar, avtoşoklar olacaq, amma o qədər də hiss olunmayacaq”.

Köhnə tikililərdə, əvvəlki zəlzələdən çatlar olan evlərdə kiçik genişlənmə əmələ gəlib

Baş verən zəlzələnin güclənmə təhlükəsindən danışan Q.Yetirmişlinin sözlərinə görə, dünənki zəlzələ 2012-ci ildə baş verən zonada qeydə alınıb: "Zəlzələ həmin yerdə olub, amma gücü

nisbətən zəifdir. 2012-ci ildəkinin gücü 5,17 idi, budəfəki isə 5,2 olub. Həmçinin əvvəlki 7 bal, bu isə 6 bal gücündə qeydə alınıb. Hər ikisində dərinliklər eyni olub. Dağıntılar isə zəifdir. Ötən zəlzələ bölgədə kifayət qədər uçqunlara səbəb olmuşdu”. Zəlzələnin təsirləri barədə danışan Q.Yetirmişlinin sözlərinə görə, Zaqatalanın Göyəm və Dombabinə kəndində əvvəllər qəza vəziyyətində olan 1-2 evlərdə dağıntı olub. O qeyd edib ki, köhnə tikililərdə, əvvəlki zəlzələdən çatlar olan evlərdə kiçik genişlənmə əmələ gəlib: "Amma yeni tikilən binaların heç birində təhlükə və ya qəzalı vəziyyət yoxdur. Hazırda ərazidə araşdırma aparılır, müvafiq işlər görülür.

Zəlzələnin başvermə səbəbinə gəlincə, RSXM-nin baş direktoru qeyd edib ki, yeraltı təkan Gəncəçay-Alazan və Qazax-Siqnax qırılmalarının təsirindən baş verib: "Ocaqda gedən prosesdə sağtərəfli yerdəyişmə və qırılıb düşmə tipli hərəkətlər gedib. Bu, 10 km dərinlikdə gedən prosesdir. Gərginlik vəziyyətində cənubi-qərb və şimali-şərq istiqamətində eninə sağtərəfli Gəncəçay-Alazan və Qazax-Siqnax qırılmalarının hərəkətləri nəticəsində bu zəlzələ baş verib”.

Q.Yetirmişli əlavə edib ki, Azərbaycanın digər bölgələrində hazırda seysmiklik fon səviyyəsindədir. Onun sözlərinə görə, gün ərzində Gədəbəydə, Daşkəsəndə, Göyçayda, cənub bölgəsində, Lerikdə, Ağdaşda zəif təkanlar qeydə alınır: "Aktiv, seysmoaktiv bölgələrdə həmişə bu təkanlar baş verir. Bu da normal haldır. Bölgələr arasında da seysmik aktivliyə görə fərqlənmə var. Məsələn, Xəzərdə digər bölgəyə nisbətən, şimal-qərb bölgəsində depressiya zonası və Kiçik Qafqaza nisbətən aktivlik müşahidə olunur. Bunlar da nisbi müqayisələrdir”.

Şəymən