Şerbakovun atası 5 milyon rubl qanpulu istəyir

“Törədilən qətl hadisələrində maddi vəsaitin tələb olunması cəzanın yüngülləşdirilməsinə xidmət edir”



Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun məhkəmə prosesi davam edir. Məhkəmənin axırıncı dəfə keçirilən hazırlıq iclasında O.Zeynalov barəsindəki həbs-qətimkan tədbirinin müddəti 6 ay uzadılıb. Ancaq məhkəmədə diqqəti çəkən əsas məqam Şerbakovun atasının oğlunun ölümünə görə, yəni mənəvi zərər kimi Zeynalovdan 5 milyon rubl təzminat tələb etməsi olub.

Zeynalovun yaxınlarının tələb olunan təzminatı ödəyəcəyi hələlik bəlli deyil. Əslində prosesin maraqlı tərəfi başqadır. Görəsən, Şerbakovun atasının tələb etdiyi maddi vəsait müttəhim tərəfindən tam şəkildə ödənilərsə, bu amil məhkəmənin hökmündə hansısa dəyişiklik yaradacaqmı? Yəni təzminatın ödənilməsi və zərərçəkmişin şikayətini geri götürməsi Zeynalovun sərbəst qalmasına gətirib çıxaracaqmı? Bu barədə suallarımızı cavablandıran hüquqşünas-ekspert Azər Allahverənov deyir ki, təzminatın ödənilməsi sadəcə yüngülləşdirici amil hesab olunur. Yəni məhkəmə zərərçəkmişə dəyən mənəvi ziyanın ödənildiyini və şikayətin geri götürüldüyünü nəzərə alaraq müttəhimə verilən həbs cəzasını sadəcə müəyyən müddətə azalda bilər: "Təzminat ödəməklə cinayətkarın cəzasının azaldılması dəfələrlə baş vermiş bir prosedurdur. Amma burada söhbət ailəyə dəymiş mənəvi ziyandan gedir. Tələb olunan vəsait ödənildikdən sonra cinayətdə ittiham olunan şəxs nə qədər cəza alırsa, təzminat nəzərə alınaraq, onun cəzasının üçdə biri çıxılır. Amma cinayət törətməkdə ittiham olunan və qətli etiraf edən bir şəxsin tamamilə həbsdən azad olması hüquqi baxımdan mümkün deyil. Təzminatın konkret olaraq Şerbakovun ailəsi, yoxsa vəkilləri tərəfindən istənilməsi məlum deyil. Ancaq istənilən halda törədilən qətl hadisələrində maddi vəsaitin tələb olunması cəzanın yüngülləşdirilməsinə xidmət edir”. Ekspertin sözlərinə görə, O.Zeynalovun ailəsi ona dəstək olmaq üçün ayrı-ayrı qurumları, təşkilatları pul toplama prosesinə cəlb edə bilərlər. Bu da sadəcə xeyriyyə məqsədi ilə ola bilər: "Amma bununla bağlı geniş kampaniyanın keçirilməsi və konkret hansısa dövlət qurumuna müraciət edilməsi məqsədəuyğun deyil və görünməmiş haldır”.

İsmayıl