Fətullahçılar partiya yaradır

“Gülən camaatı AKP-yə qarşı siyasi təşkilat çərçivəsində mübarizə aparmaq qərarına gəliblər”
erre.jpg


Türkiyədə hakimiyyətə sızmaqda və "dövlət içində dövlət” yaratmaqda ittiham olunan Fətullah Gülən camaatının Haqqa Xidmət Partiyası (HHP) adında yeni bir siyasi təşkilat yaradacağı iddia edilir. Deyilənə görə, Gülən camaatının siyasi təşkilatında hakim Ədalət və İnkişaf partiyasından (AKP) istefa vermiş 8 millət vəkili də yer alacaq.

Vəkillərin sırasında 17 dekabr rüşvət əməliyyatından sonra AKP-dən istefa edən deputat Hakan Şükürün daha aktiv fəaliyyət göstərdiyi deyilir. Partiya qeydiyyatdan keçdikdən sonra rəhbərliyə professor Əbdürrəhim Qarslının gətiriləcəyi qeyd olunur. İxtisasca hüquqşünas olan Qarslı gülənçilər çevrəsində kifayət qədər məşhurdur. İddialara görə, camaat yeni partiyanın seçkilərə girə bilməsi üçün Gənc Partiyanın (GP) rəhbərliyi ilə də əlaqə yaradıb.

Dini təmayüllü yeni siyasi partiyanı baş nazir Ərdoğan üçün ciddi rəqib hesab edən politoloq Qabil Hüseynli camaat tərəfindən qurulan təşkilatın uğur əldə edəcəyini düşünür: "Ərdoğan rəqiblərinə qarşı hər cür vasitədən istifadə edib. Hətta zaman-zaman onlara qurşaqdan aşağı zərbələr də vurub. Bu səbəbdən baş nazirə qarşı istənilən mübarizə formasını dəstəkləyirəm. Görünür, məruz qaldığı təzyiqlərə rəğmən geri çəkilmək niyyətində olmayan Gülən camaatı AKP-yə qarşı siyasi təşkilat çərçivəsində mübarizə aparmaq qərarına gəliblər. Bildiyiniz kimi, indiyə qədər gülənçilər yalnız dini şəbəkə, yəni camaat formasında fəaliyyət göstərib. Bu cür təşkilatlanma isə siyasi nizamnaməyə və leqal gücə malik deyil. Amma nizamnaməsi bəlli olan siyasi təşkilat konkret olaraq hakimiyyət uğrunda mübarizə apara və hədəflərini elan edə bilər. Bu halda heç kim onlara mane olmaz”. Q.Hüseynlinin fikrincə, ən başlıca məsələ Ərdoğanın qarşısına yeni və kifayət qədər təsirli gücə malik olan bir siyasi şəbəkənin çıxmasıdır: "Ərdoğan dini təmayüllər əsasında özünə daha çox tərəfdar toplayıb. Artıq bu prosesi başqa bir qrup həyata keçirə və baş nazirin seçicilərini əlindən ala bilər. Çünki yeni partiyaya qatılanların sırasında AKP-dən ayrılmış millət vəkillərinin olması və gülənçilərin dini dəyərlərlə dünyəvi dəyərləri birləşdirməsi Ərdoğan üçün ciddi "sürprizlər” deməkdir”. Ekspertin sözlərinə görə, Türkiyə müxalifəti onlardan daha şanslı olan gülənçilərlə bir araya gəlməlidir: "Camaatın müxalifətlə

əlaqəsi var. Ola bilsin, yeni yaradılan partiya prezident seçkiləri dövründə ya açıq, ya da gizli formada müxalifətin siyasi platformasında birləşsin. Əgər bu baş verərsə, Ərdoğanın məğlubiyyəti qaçılmaz olacaq. Hesab edirəm ki, türk cəmiyyətində bu cür birliyin yaranmasına ehtiyac var”.

İsmayıl