Azərbaycançı Yusif Səmədoğlu

Bu böyük yazıçının əsərlərində Azərbaycanın bütövlüyü uğrunda mübarizəyə çağırış var




Görkəmli yazıçı, ictimai xadim Yusif Səmədoğlu bütün həyat və yaradıcılığını azərbaycançılığa həsr etmiş əvəzolunmaz şəxslərdən olub. Y.Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində dünyaya gəlib. 1953-cü ildə Moskvada Yazıçılar İttifaqı nəzdində olan Maksim Qorki adına Ədəbiyyat institutunda ali təhsil alıb. Həmin İnstitutun 4-cü kursundan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin beşinci kursuna köçürülüb. 1960-65-ci illərdə "Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında ssenari redaksiya heyətinin üzvü, daha sonralar isə baş redaktoru və direktor müavini vəzifələrində çalışıb. "Ulduz” və "Azərbaycan” jurnallarının baş redaktoru olub. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə seçilib. "220 saylı otaq”, "Qalaktika”, "Qətl günü” əsərlərini qələmə alıb. Millətsevər qələm adamı 1998-ci il avqustun 17-də vəfat edib. Y.Səmədoğlu XX əsr Azərbaycan ziyalılığının ən ali keyfiyyətlərini öz şəxsiyyətində daşıyan, mənsub olduğu nəsli təmsil edən bir insan idi.

O, həyatı boyu, həm ədəbi, həm də ictimai-siyasi fəaliyyətində azərbaycançılıq mövqeyində duraraq, azadlıq, demokratiya, müstəqillik duyğusu ilə yaşayıb. Yazıçının 70 illik yubiley mərasimində iştirak edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva belə deyib: "Yusif Səmədoğlunun fəaliyyəti Azərbaycan mühitində ədəbiyyatda böyük maraq yaratmaqla bərabər, həm də ictimai fikri formalaşdırmağa xidmət edirdi. Onun özü demokratik düşüncə sahibi olduğundan bütün yaradıcılığı da bu ruha köklənib və ondan qidalanıb”. Y.Səmədoğlu Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutaraq, həyata, gerçəkliyə fərqli münasibəti, dünyagörüşü ilə hər zaman seçilib. Millilik, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyətin, milli əxlaqın gənc nəslə çatdırılması baxımından onun əsərlərinin dəyəri və ibrət dərsləri çox güclüdür. Görkəmli yazıçı azad, müstəqil və mədəni həyat yolu keçib. Onda milli hiss və Vətən sevgisi təsvir olunmayacaq dərəcədə güclü idi. O, həyati mövzular yazaraq, zamanın nəbzini tutub və günün mühüm məsələlərinə toxunub. Mənəvi-ictimai problemləri ön plana çəkərək dövrün, yaşadığı mühitin eybəcərliklərini ifşa və tənqid hədəfinə çevirib. Yazıçının əsərləri azərbaycançılıq ideyası əsasında qurulduğundan hər dövr üçün aktuallığını qoruyub. Məlumdur ki, xalqın milli-fəlsəfi fikri öz əksini bədii ədəbiyyatda tapır. Milli xüsusiyyətlərin, milli keyfiyyətlərin, milli ruhun, adət-ənənələrin yaşanmasında bədii ədəbiyyatın böyük rolu var. Bu baxımdan da Y.Səmədoğlunun əsərlərində milli ideyanın təlqin və təbliği mühüm əhəmiyyət kəsb edir. Yazıçı hələ sosializm cəmiyyətinin, avtoritar rejimin ən şiddətli çağlarında sovet ideologiyasının prinsiplərinə zidd olan əsərləri ilə seçilirdi. O, öz əsərlərində bu quruluşun formalaşdırdığı insanların faciəsini əks etdirirdi. Y.Səmədoğlu 1959-cu ildə "Yaddan çıxmış sözlər” novellasında, "Xəzri” hekayəsində cəsarətlə Vətənimiz üçün faciə olan mühüm tarixi hadisəni qələmə alıb. "Türkmənçay - 1828-ci il” müqaviləsini yada salan yazıçı oxucularını bu hadisəni unutmamağa, bu barədə düşünməyə çağırıb. Torpaqlarımızın iki yerə parçalanması dərdi ilə Təbriz harayı qaldırıb. Bu haray azərbaycançılıq nidası, Azərbaycanın bütövlüyü uğrunda mübarizəyə çağırış idi. Y.Səmədoğlunu dərindən yaralayan faciələrdən biri də dəhşətli 20 yanvar hadisəsi idi. Azərbaycanın başına gələn bəlaların nəticəsi olaraq 1990-cı ildə son nəfəsini yaşayan qırmızı imperiya sovet ordusunu Bakıya yeritdi və tarixdə görünməmiş qırğına yol açdı. I Pyotrdan başlanan anti-türkçülük siyasəti torpaqlarımızın iyirmi faizinin işğalı ilə nəticələndi.

Y.Səmədoğlunu həmişə xalqın taleyi, mənəviyyatı düşündürdüyündən onun əsərləri xalqın ürəyinə tez yol tapıb. Bu əsərlər Y.Səmədoğlunun görkəmli Azərbaycan yazıçısı kimi tanınmasına və xalq tərəfindən sevilməsinə səbəb olub. O, əsərlərində Azərbaycan həyatının mənəvi-ictimai-əxlaqi problemlərini açıb göstərib. Milli keyfiyyətlərimizi nümayiş etdirib. Azərbaycana, onun mənəvi dünyasına, mədəni sərvətlərinə sevgi ideyasını ortaya qoyub.

"Qətl günü” romanı Y.Səmədoğlunun vətəndaşlıq qayəsinin, Vətən üçün yanan qəlbinin, azərbaycançılıq mövqeyinin bədii təcəssümüdür. Yazıçı bu əsərlə həqiqi mənada xalqın gözünü açıb. Tarixi həqiqətləri göstərmək üçün keçmişə müraciət edib. Müasir dövrün problemlərinin, ictimai bəlaların kökünü, səbəbini arayıb axtarmağa çalışıb. O, belə bir fikri açıqlayıb ki, bəşəriyyət, xalq öz inkişafında, mədəni-mənəvi tərəqqisində irəliyə getsə də, şərin, mənfiliyin kökü kəsilmir. Böyük sənətkarlar, ağıllı insanlar həmişə öz zamanında anlaşılmazlıq bəlasına düçar olurlar. Taleyin qaranlıq yollarından keçirlər. Lakin bu da bir həqiqətdir ki, belə adamlar şərəfsiz, mənsəbpərəstlər qarşısında öz ləyaqətləri və mənlikləri ilə yüksəkdə durublar. Onların saf ideyaları həmişə yaşayıb. "Qətl günü” əsəri gənc nəsildə milli qürur və vətənpərvərlik hissi aşılamaq baxımından böyük əhəmiyyətə malikdir. "Qətl günü” insanlıq dərsinin nümunəsidir. Əsər başdan-ayağa milli xarakter sərgisidir. Buradakı obrazlar öz varlığında milli psixologiyanın əlamətlərini daşıyır. Öz təbiətlərində milli-mənəvi zənginliyi əks etdirir. Y.Səmədoğlu ədəbiyyatımızda kamil, bütöv azərbaycanlı obrazları yaradıb. Bunlardan biri də onun ssenari müəllifi olduğu "Yeddi oğul istərəm” filmindəki Gəray bəy obrazıdır. O, Gəray bəyin təbiətindəki azərbaycanlılığı məharətlə əks etdirə bilib. Gəray bəyin faciəsi bizim milli faciəmizdir. Onun simasında Azərbaycan mülkədarlarının, əsilzadələrinin əzmlə, qeyrətlə sovet quruluşuna qarşı mübarizə aparması və sonda məğlub olmaları, onların acınacaqlı taleyi kədər doğurur.

Y.Səmədoğlunun Azərbaycan mədəniyyətinin inkişafında, milli ideyanın genişlənməsində böyük xidmətləri olub. Onun "Azərbaycan” və "Ulduz” jurnallarının baş redaktoru, Yazıçılar Birliyinin katibi kimi gənc nəslin istedad və bacarıqlarının üzə çıxarılmasında, onların milli ruhda formalaşmasında, ziyalıların düzgün istiqamətləndirilməsində müstəsna xidməti var idi.

1980-ci illərin axırları, 1990-cı illərin əvvəllərində Y.Səmədoğlu xalq hərəkatının öncüllərindən birinə çevrilib. O, 1990-cı ildə müstəqil Azərbaycanın ilk parlament üzvü olub və parlamentin Xarici Əlaqələr Komissiyasının rəhbəri kimi Azərbaycanın haqq sözünün dünya ictimaiyyətinə çatdırılmasında böyük işlər görüb. Ulu Öndərimiz Heydər Əliyev Y.Səmədoğlunun 60 illik yubiley mərasimində çıxış edərək onun Azərbaycan dövləti və mədəniyyəti qarşısında olan xidmətlərini yüksək qiymətləndirib: "Yusif cəmiyyətimizə təkcə yazıçı kimi, mədəniyyət xadimi kimi yox, eyni zamanda görkəmli ictimai-siyasi xadim kimi daxil olub. Azərbaycanın həyatı üçün və xüsusən son illərdə Azərbaycanda milli azadlıq hərəkatının inkişafı, xalqımızda milli dirçəliş, milli oyanış hisslərinin yaranması və inkişafı üçün çox qiymətli işlər görüb. Eyni zamanda Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə görkəmli yazıçının yaradıcı və fədakar fəaliyyəti çox əhəmiyyətli və gərəkli idi”.

Təəssüflər olsun ki, 1991-ci illərdə bəzi üzdəniraq siyasətçilər millətsevər ziyalıya qarşı ittiham kampaniyasına başladılar və çirkin iftiralarla yazıçını ləkələməyə çalışdılar. Əlbəttə, hamı çox gözəl bilirdi ki, Y.Səmədoğlunun hədəf götürülməsi paxıllıqdan qaynaqlanan kin və nifrətdən başqa bir şey deyildi. Onu yaxından tanıyan hər kəs yaxşı bilirdi ki, Y.Səmədoğlu elitar ziyalı, yüksək mədəniyyət sahibi, fitri və irsi istedada malik yüksək səviyyəli intellektual, savadlı alim və çağdaş dünya mədəniyyətləri səviyyəsində olan insan olub. O, həmin Y.Səmədoğludur ki, "Qətl günü” romanı ilə Azərbaycan ədəbiyyatına əbədi möhürünü vurub. O, erməni təcavüzü başlayanda Bəxtiyar Vahabzadənin və Süleyman Əliyarlının Qarabağ məsələsi haqqında böyük rezonans doğuran və milli hərəkata ən güclü təkanlardan biri olan məqaləsini baş redaktoru olduğu "Azərbaycan” jurnalında qeyri-qanuni şəkildə çap etdirib. Onun 1988-ci ilin aprelində "Molodyoj Azerbaydjana”da çap etdirdiyi müsahibə demokratik hərəkatın inkişafına ən böyük

töhfələrdən biri olub. Həmçinin, unutmaq lazım deyil ki, Yusif bəy xalqına müraciət imzalayan üç ziyalıdan biridir.

Qələm insanlarının ömrü keşməkeşli olur. Ancaq üzləşdiyi bütün bu ictimai-siyasi hadisələr Y.Səmədoğlu üçün bədii materiala çevrilirdi. Yazıçı "Deyilənlər gəldi başa” adlı yarımçıq qalmış romanında son illərin hadisələrini əks etdirmək istəyirdi. Lakin vaxtsız əcəl buna macal vermədi.

Y.Səmədoğlu bütün ömrü boyu xalqın tarixi yaddaşını, mənəviyyatını uca tutaraq, əsərlərində milli və bəşəri dəyərləri məharətlə əks etdirən və xalqın sərvətinə çevrilən dahi sənətkarlardan olub. Onun bütün fəaliyyəti azərbaycançılıq ideyasına həsr olunub. Keçdiyi şərəfli ömür yolu sözün həqiqi mənasında gələcək nəsillərə nümunədir. Ümummilli lider H.Əliyevin söylədiyi kimi "biz azərbaycançılığı-Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Bunu da ən gözəl şəkildə milli ruh daşıyan güclü qələm sahibləri edə bilər”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb