“5-ci kolon”u səfərbər edərək Azərbaycanın nüfuzuna zərbə vurmaq istəyirlər” - Deputat




"Beynəlxalq anti-Azərbaycan şəbəkəsi son günlər yenidən fəallaşmağa başlayaraq ölkəmiz əleyhinə qarayaxma kampaniyasına start verib".

Bunu "Sherg.az"a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, bu, heç də təsadüfi deyil. Çünki 2019-cu ildə Azərbaycan bir sıra mühüm əhəmiyyətli beynəlxalq layihələrini başa çatdıracaq, mühüm sazişlərə ilmaza atacaq:

"Ötən illərdə həyata keçirilən islahatların bazasında milli iqtisadiyyatın daha da böyüməsini təmin edəcək. Beynəlxalq nüfuzundan istifadə etməklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində real nəticələr əldə etməyə çalışacaq. Sosial islahatları davam etdirməklə yeni, daha effektiv sosial-iqtisadi model yaratmaqla öz vətəndaşlarının rifahı üçün yeni əlverişli şərtlər formalaşdıracaq.

Ordu quruculuğu işini davam etdirəcək və s. Hazırki mürəkkəb beynəlxalq və regional şərtlər içərisində ölkəmizin əldə etdiyi bu qədər uğurlar heç şübhəsiz ki, anti-Azərbaycan mövqeli mərkəzləri ciddi şəkildə narahat edir. Ən çox narahatlıq keçirən isə işğalçı Ermənistan və onun beynəlxalq havadarlarıdır. Erməni simpatizanı olan bu beynəlxalq şəbəkə islamafob mərkəzləri və ölkəmizdə yaratmağa çalışdıqları "5-ci kolon” üzvlərini də səfərbər edərək Azərbaycanı gözdən salmaq, onun beynəlxalq nüfuzuna zərbə vurmaq istəyirlər.

Bir qədər konkret ifadə etməyə çalışsaq görəcəyik ki, hazırda anti-Azərbaycan şəbəkənin ən çox siyasi istismara məruz qoyduğu mövzu Azərbaycanın Avropa İttifaqı ilə imzalayacağı strateji tərəfdaşlıq müqaviləsidr. Bunun başlıca səbəbi isə odur ki, həmin müqavilədə Aİ-yə üzv olan ölkələrin hamısı tərəfindən bir daha Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi öz əksini tapacaq. Bu isə işğalcı Ermənistan və onun lobbisi ilə əlaqədar olan şəbəkəni ciddi şəkildə narahat edir".

Parlament vurğulayıb ki, çox maraqlıdır ki, Azərbaycandakı bəzi radikal müxalif marginallar da Azərbaycanı məhz bu məsələdə tənqid etməklə əslində ermənilərlə sinxron hərəkət etdiklərini göstərirlər:

"Bunu isə Azərbaycan cəmiyyətəinə güya Avropa İttifaqı ilə imzalanacaq sazişin milli maraqlarımıza cavab vermədiyi ilə izah etməyə çalışırlar. Ancaq əlbəttə ki, ölkəmizdə hər kəs bunu başa düşür ki, radikallar eyni mərkəzdən sifariş almaqla milli maraqlarımıza qarşı əleyhdarlarımızla birgə çalışırlar. Başqa bir mühüm məsələ ondan ibarətdir ki, bu il Cənub Qaz Dəhlizi layihəsi tamamlanacaq və beləliklə ölkəmiz həm iqtisadi baxımdan daha da güclənəcək. Həm də siyasi baxımdan beynəlxalq münasibətlər sistemində öz nüfuzunu bir qədər də artıracaq. Bu faktor isə Dağlıq Qarabağ probleminin həllində bizi daha da güclü edəcək. 
Bu da işğalçı Ermənistanın lehinə deyil. Nəhayət ən ümdə məsələlərdən biri Azərbaycanda həyata keçirilən kompleks islahatlar və onun xalq tərəfindən dəstəklənməsidir. "Opinion Way" şirkətinin sorğu anketlərində əksini tapan xalq-iqtidar birliyi nümunəsi də anti-Azərbaycan mərkəzlərin ciddi narahatlığına səbəb olub".

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın inkişafına və onun müstəqil siyasətinə mane ola bilməyən güc mərkəzləri onu daxildən parçalamaqla zəiflətmək və beləliklə də Qarabağ problemini bir dəfəlik yaddan çıxarmaq istəyirlər:

 "Diqqət etsək görəcəyik ki, nə xaricdə bizə qarşı fəaliyyət göstərən ,"mühacirət müxalifəti", nə də Azərbaycanda olan marginallaşmış müxalif qrup problemlərdən danışan zaman bir dəfə də olsun Qarabağ problemindən danışmırlar. 

Çünki onlar sadəcə anti-Azərbaycan mərkəzlərindən aldıqları təlimatla hərəkət edirlər. Bütün bunlar isə Azərbaycan xalqının diqqətindən əsla yayınmır. Xalqımızı öz liderinin ətrafında daha sıx birləşməyə sövq edir".

İsmayıl