İradə Cavadova: “Xanım görürdü ki, oğlanın evlənmək niyyəti yoxdu, sevgili olmayaydı”
5 ilin sevgililəri məhkəmədə görüşür
Mehriban Zeynalova: “Elə suallar olur ki, onun cavabı yoxdur və bu zaman məsələnin qanunvericilikdə həlli ortaya çıxa bilər”
İradə Cavadova: “Xanım görürdü ki, oğlanın evlənmək niyyəti yoxdu, sevgili olmayaydı”
İradə Cavadova: “Xanım görürdü ki, oğlanın evlənmək niyyəti yoxdu, sevgili olmayaydı”
Sevinc Elsevər: "Dodaqlarda gülüş yaradan bir əhvalatdır”
Bakıda şok hadisə baş verib. 30 yaşlı xanım iddia edir ki, 5 il ərzində sevgili olduğu oğlan ona ümid verib, sonra isə onunla evlənməyib. Bu hərəkətlərinə görə, keçmiş sevgilisinin məsuliyyətə cəlb olunmasını istəyən xanım hüquqlarının bərpa olunmasını tələb edir. O bildirib ki, sevgilisinin ailəsi ilə yaxşı münasibətləri olub və anası onların evlənməsinə etiraz etməyib.
Qeyd edək ki, xanımın bu addımı cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Bəziləri qadını qınasalar da, onun atdığı addımı alqışlayanlar da var. Təbii ki, sözügedən iddiaların hüquqi baxımdan heç bir əsası yoxdur. Lakin, qadının şərəf və ləyaqətinin alçaldılmasına dair söz-sözhbətlər gündəmin əsas mövzusuna çevrilib.
"Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova xanımın atdığı addımı dəstəklədiyini bildirib. Onun sözlərinə görə, hətta qadının təzminat almaq hüququ da var. Yəni, şəxs ona dəyən mənəvi zərər, şərəf və ləyaqətinin alçaldılması tələbi ilə çıxış edə bilər:
"Hesab edirəm ki, belə iddialar çoxalsa yəqin ki, qanunvericilikdə də müəyyən dəyişikliyə ehtiyac duyular. Yəni, elə suallar olur ki, onun cavabı yoxdur və bu zaman məsələnin qanunvericilikdə həlli ortaya çıxa bilər. Düşünürəm ki, xanım tamamilə haqlıdır. Oğlan onun 5 ilini alıb və bu vaxt ərzindən sonra onunla evlənməyəcəyini iddia edir. 5 il müddətində qadının uşağı dünyaya gələ bilərdi. Aydındır ki, qadın normal şəkildə ailə qurmaq istəyib, başqa niyyətlə görüşməyib. Bu adam ona ümid verib, əminlik yaradıb, o da öz həyatı ilə bağlı gələcək planlar qurub. Qadın haqqını tələb eləməli və atdığı addımı davam etdirməlidir”.
Hüquq müdafiəçisi İradə Cavadova isə baş verən hadisədə qadının haqsız olduğunu düşünür. Hüquqşünas hesab edir ki, xanım atdığı addım ilə heç nəyə nail ola bilməz.
İ.Cavadova həmçinin bildirib ki, evlilik ikitərəfli bir hissdir. Avropa ölkələrində tərəflər uzun müddətli sevgili olurlar, hətta birgə yaşayırlar. Bəzən uşaqlar da dünyaya gəlir, amma qarşılıqlı razılıq yoxdursa evlənmirlər: "Hisslər əsasında onlar 5 il sevgili olublar. Bir-birilərini seviblər, amma oğlan evlənməyib. Xanım görürdü ki, oğlanın evlənmək niyyəti yoxdu, sevgili olmayaydı. Bir az ağıllı olardı və başqa cür davranardı. Qadınla evlənib sonra boşana da bilərdi. Xanım o zaman deyəcəkdi ki, "niyə məndən boşandın?”. Ümumiyyətlə, qadının mövqeyi düzgün deyil.
Amma digər tərəfdən xanımı da başa düşürəm. Oğlan onu ümidləndirib. Bu məsələ artıq oğlanın vicdanı ilə bağlıdır. 5 il həddindən artıq uzun bir vaxtdır. Ən azından valideyni ilə məsləhətləşərdi. Oğlanla konkret olaraq danışardı ki, sənin evlilik imkanın varsa münasibət quraq. Yoxsa məsələni məhkəməyə sürükləmək olmaz”.
Yazar xanım Sevinc Elsevər bu cür məsələlərdə Azərbaycan qadınlarının həddindən artıq çətin vəziyyətə düşdüyünü bildirib. Onun sözlərinə görə, xanımın atdığı addım olduqca cəsarətli hesab edilməlidir.
S.Elsevər həmçinin deyib ki, oğlanı günahlandırmaq da düzgün deyil. İki insan bir yerdə lap 10 il də münasibət qura bilər. Sonra düşünə bilər ki, şəxs onun həyatının qadını və yaxud kişisi deyil. Və bir-birilərini tərk edə bilərlər: "Xəbər haqqında məlumatım var. Düzünü desəm, dodaqlarda gülüş yaradan bir əhvalatdır, amma bu gülüşün də arxasında faciəli bir məsələ dayanır. Bir oğlan bir qıza elçi gedəndə, qıza sual verir ki, məndən qabaq həyatında kimsə olub? Əgər qadının həyatında kimsə olubsa, onu ya tərk edir, ya da hər zamanı başına qaxınc edir. Bu cəhəti ölkəmizdəki qızların çatışmazlığı kimi görürlər. Halbuki, bizdə gənc kişinin həyatındakı ilk qadın evləndiyi şəxsdirsə, o kişiyə pis baxırlar. Qadına gələndə isə onun həyatındakı, əlinin toxunduğu ilk kişi əri olmalıdır. Bu mənada həqiqətən Azərbaycan qızları üçün çox çətindi.
Yəqin ki, bu qızın qohumları, qonşuları bilirmiş belə münasibəti. Yəqin ki, qız çətin bir vəziyyətdə olduğunu düşünüb. Belə addım atıbsa dəyərlərə hörmət edən bir xanımdır. Daha azad bir qız olsa, bu onu elə də narahat etməzdi. Əslində bu addımı atmaqla bütün ölkəyə duyurub əhvalatı. Bu da çox cəsarətli və maraqlı bir addımdır. Ümumiyyətlə, xanım məndə rəğbət doğurdu bu addımı ilə. Onun addımı milyonlarla azərbaycanlı qızın mövcudluğunu izah elədi. Buna görə də Azərbaycan qadınlarının yanında olmalıyıq.
Xarici ölkələrdə insanlar nikaha girmədən əvvəl bir yerdə yaşayırlar. Amma bizim dini dəyərlərimizə görə bu qadın çox pis vəziyyətdə qalıb. Yenə deyirəm çox cəsarətli addımdır və üstəlik qadının bu addımı onu göstərir ki, həqiqqətən də cəmiyyətdə gənc qızlar bu cür çıxılmaz vəziyyətdə qalırlar”.
Yeganə Bayramova