Tokayev Almaniya Prezidentini "Qızıl Qartal"la təltif etdi

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə respublikanın ən yüksək dövlət mükafatı olan "Altyn Kıran" (Qızıl Qartal) ordenini təqdim edib.

Teleqraf xəbər verir ki, mərasim Tokayevin Berlinə dövlət səfəri zamanı baş tutub.

"Qazaxıstan və Almaniya arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində və əməkdaşlığımızın genişləndirilməsində sizin əhəmiyyətli şəxsi töhfənizi nəzərə alaraq, sizə Qazaxıstan Respublikasının ən yüksək dövlət mükafatı olan "Altyn Kıran" ordenini təqdim etməkdən məmnunam", - Tokayev qeyd edib.

Qazaxıstan Prezidenti Ştaynmayerin ikitərəfli münasibətlərin inkişafındakı xüsusi rolunu qeyd edərək onu respublikanın sadiq və etibarlı dostu adlandırıb.

Ştaynmayer də öz növbəsində Qazaxıstan və onun xalqının onun üçün çox vacib olduğunu bildirib: "İnanıram ki, ölkələrimiz birlikdə daha çox şeyə nail ola bilərlər. Qazaxıstana səfərlərimi həmişə isti münasibətlə xatırlayıram. Əminəm ki, dostluq münasibətlərimiz uzunmüddətli və sarsılmaz olacaq".

"Altyn Kıran" ordeni Qazaxıstanın ən yüksək mükafatıdır və ölkəyə müstəsna xidmətlərinə görə verilir.