Bundan sonra xaricdə təhsil almağın qarşısı qismən alınacaq
Milli Məclisin ötən həftə baş tutan iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Sənəd barədə danışan Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, yeniliyə əsasən, yalnız siyahı üzrə təsdiq edilmiş xarici ölkələrdəki təhsil müəssisələrinin tələbələrinə möhlət hüququ veriləcək.
Çünki indiyə qədər xarici ölkələrdə əyani təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək təhsili davam etdirmək üçün bir dəfə möhlət verilib. Lakin bu, hərbi xidmətə çağırışdan yayınma ilə bağlı hallara yol açıb. Sonradan Təhsil Nazirliyi bəzi şəxslərin xaricdəki bir sıra ali məktəblərdən aldıqları diplomları tanımaqdan imtina edib. İndiki qanun isə bu sahədəki çatışmazlığı aradan qaldırmaq üçün hazırlanıb.
Qanuna dəyişikliyin zəruri olduğunu bildirən spiker Oqtay Əsədov da hərbi xidmətdən yayınma hallarına diqqət yetirməyin zəruri olduğunu vurğulayıb: "Hərbi vəziyyətdə olan bəzi ölkələrdə qadınları da hərbi xidmətə cəlb edirlər. Ancaq bizdə qanundakı bu boşluqdan yararlanaraq hərbi xidmətdən yayınanlar var. 5 minə yaxın tələbə lazımsız təhsillə, diplom almaqla məşğul olub. 1200 magistrə də möhlət hüququ veriləndən sonra hansı vəziyyətin yaranacağını təsəvvür etmək çətin deyil. Ona görə də lazımsız təhsillə, diplom almaqla məşğul olmağın qarşısı alınmalıdır”.
Məlumat üçün bildirək ki, qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Dəyişikliyi dəyərləndirən Tarix üzrə fəlsəfə doktoru, təhsil eksperti Məhərrəm Zülfüqarlı "Şərq”ə açıqlamasında qeyd edib ki, bu addımın müsbət tərəfləri də mövcuddur: "Baxın, xaricdə təhsil deyəndə, elə anlaşılır ki, guya, xarici universitetlərin hamısı lap yüksək təhsil verir. Amma elə deyil. Doğrudur, Azərbaycanın tanıdıqları ilə yanaşı, tanımadıqları diplomlar da var. O, dövlətlərarası müqavilələr əsasında tənzimlənir. Sizə bir fakt deyim. Son illər təbliğat güclü gedir. Gənclərimiz Ukrayna, Türkiyə və Gürcüstanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə attestatla qəbul olunurlar. Bu ölkələrə axın olub. Pulunu verib, gedib orda oxuyur. Həmin təhsil ocaqlarının reytinqinə, verdiyi təhsilə və sənədlərinə fikir verən yoxdur. Parlamentdəki məlum müzakirənin müsbət tərəfləri odur ki, bundan sonra valideynlər və eləcə də şagirdlər ehtiyatlı olacaqlar. Dövlətimizin tanıdığı prestijli universitetlərdə təhsil almağa çalışacaqlar. Düşünürəm ki, azərbaycanlı tələbələrin xaricdə oxumasına dövlət tərəfindən dəstək var. Dövlət onların təhsilinə pul ayırır. Amma reytinqi olmayan təhsil ocağını seçmək məsələsində ehtiyatlı olmaq lazımdır. Ola bilər ki, Azərbaycan tərəfi həmin diplomları tanımasın. Müzakirələrin başqa bir səmərəsi odur ki, xalq hara və niyə getdiyini anlayacaq. Yanlışlığa yol verməyəcək. Bunu diqqətdə saxlamaq lazımdır”.
Ayyət Əhməd