“Bıyy, evlənmək də planladı?!”

Bu insanların evlilikdən öncə şərtlərlə danışması, gələcək həyatları üçün artıq indidən gərginlik yaradır




Sabiq "Dalğa”çı, Azərbaycan-Avropa Hərəkatının rəhbəri Ramin Hacılının publisist-şairə Aysel Əlizadəyə ictimaiyyət qarşısında evlilik təklifinin ardından qarşı tərəf də şərtlərini açıqladı. Bir evlilik təklifinin bu formada ictimailəşdirilməsinə münasibətlərsə, təbii ki, birmənalı ola bilməzdi. Müxtəlif düşüncə tərzləri müxtəlif də münasibətlər ortaya çıxardı.

Ailəni müqəddəs məbəd hesab edənlər buraya hər "yoldan ötənin” baş vurmasını düzgün saymır, özünü "Avropa dəyərləri”nin daşıyıcısı sayanlarsa, tərəflərin hərəkətlərinə haqq qazandırırlar.

Tərəflərin Azərbaycan ictimaiyyətində tanınan şəxslər olması da müzakirələrin əhatəsini genişləndirir. Məlumdur ki, Aysel xanımın birinci evliliyi boşanma ilə sonuclanıb. Şairə xanımın keçmiş həyat yoldaşı şair Aqşin Yenisey hazırda səhhətində yaranmış problemləri aradan qaldırmaqla məşğuldur. Və belə bir şəraitdə Ramin Hacılının Aysel xanıma evlilik təklifini yersiz hesab edənlər, hətta tərəflərin "şou-biznes” qaydaları ilə oynaması kimi baxanlar da var. Bu arada Ramin Hacılı Aysel xanımın şərtlərini də ictimailəşdirdi. Nə az, nə çox, tam 10 "bənddən” ibarət olan şərtlər bunlardır:

"Ramin, indiki obrazını sonadək qorumağını istəyirəm.

1. İkili həyat yaşamayacaqsan. Həyatın boyu dürüst və ədalətli olacaqsan.

2. Zəhmətdən qorxmayacaqsan, heç vaxt çirkli pullara bulaşmayacaqsan.

3. Nə uğurun olsa da, insanları sevəcəksən, onlara yuxarıdan aşağı baxmayacaqsan.

4. Heç bir halda evə içkili, yıxıla-yıxıla gəlməyəcək, evdə aqressiv ortam yaratmayacaqsan. Sən gələndə bayram olacaq.

5. "Qadınlar gülləri sevər” deyimini unutmayacaqsan.

6. Məişət qayğılarını boynundan atmayacaqsan. Məsələn, gündə ən azı bir dəfə çayı özün dəmləyəcəksən, köməkçi yoxdursa, evi yığışdırmağa kömək edəcəksən.

7. Heç bir xanıma, heç kimin qızına, qadınına artıq-əskik təkliflər etməyəcəksən.

8. Xanımınla karyera rəqabətinə girib onu əzməyə çalışmayacaqsan.

9. Rəfiqəmin həyat və yaradıcılığı diqqətdən kənarda qalmayacaq.

10. Mən sənin ananı sevəcəyim kimi sən də ailəmi - anamı və qızımı özündən ayırmayacaqsan.

Bir sözlə, heç vaxt dəyişmə, Ramin Hacılı!”.

Sabiq "Dalğa”çı bu şərtlərini qəbul etdiyini bildirib. Və sentyabra toy planlaşdırdıqlarını söyləyib. Burada "Əhməd hardadır” filmindən "bıyy, evlənmək də planladı?!” məşhur frazanı necə də xatırlamayasan...
İndi evlənmək nəinki planla, artıq internetlə, "Facebook”la, mesajla, çatlaşma ilə aparılır.

Bəs ictimai xadimlər bu barədə nə düşünür?

"Şərtlə də ailə qurular?”

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu "Şərq”ə açıqlamasında sevgi, məhəbbətin şərt, qayda tanımadığını dedi:

- Sevgi varsa, biri-birinə məhəbbət varsa, kimin çay dəmləməsinin, kimin xörək bişirməsinin heç bir əhəmiyyəti olmayacaq. Qadın həyat yoldaşını sevirsə, səhər də, axşam da onun çay-çörəyini verəcək. Kişi də xanımını sevirsə, ona kömək edəcək, lap çay da dəmləyəcək, xörək də bişirəcək. Ailədə hər şey sevgiyə, məhəbbətə bağlıdır. Nə şərt, nə kağız? Əgər bu insanlar əvvəldən şərtlə evlənirlərsə, onların arasında həqiqi sevgi yoxdur. Şərtlə də ailə qurular?! Bilirsiz, bizim camaatda belə səhv bir fikir formalaşıb ki, Avropada qadınlar azaddır, nə istəyirlər edirlər, kişilər də qadınların dediyi ilə oturub-durur. Mən nə qədər Avropa ölkəsində olmuşam, ölkələri gəzmişəm, insanları görmüşəm, məişətlərinə baxmışam. O ailədəki qarşılıqlı sevgi var, orada həmişə xoşbəxtlik olur. Hamı da öz vəzifəsini bilir. Bu dəqiqə bacımın uşaqları Avropada yaşayırlar. Evlidirlər. Özü də avropalılarla. Qadın kişiyə demir ki, dur çay dəmlə, yaxud kişi qadına əmr etmir ki, dur xörək bişir. Bu insanlar kimin hansı işi görməli olduğunu bilir. Mənim həyat yoldaşım yəhudi idi. Bir də görürdün dostlarını yığdı gətirdi. Çay da qoyurdum onlara, yemək də hazırlayırdım, qonaqları qarşılayıb-yola salırdım. Amma axşam həyat yoldaşım da, oğlum da mənimlə birlikdə evi də yığışdırırdılar, mətbəxdə də mənə kömək edirdilər ki, səhərə yuyulmamış qab-qacaq qalmasın. Ailə belə olmalıdır. Yoxsa, kağız üzərində şərtlərin altından imza atmaqla ailə möhkəmliyinə ümid etmək olmaz. Nə olur-olsun, biz türkük, azərbaycanlıyıq. İstəsək də, istəməsək də öz ailə modelimizi saxlamalıyıq. Bizim ailəmiz ziyalı olub. Atam uşaqlara sərbəstlik verib, həyat yolumuzu özümüz seçmişik. Amma bütün bunların müqabilində böyüyə hörməti itirməmişik. Çünki bu keyfiyyət bizə əslimizdən-kökümüzdən keçib. Böyük

gələndə biz ayağa dururduq. Mən 29 yaşında ana oldum, anamın, qardaşımın yanında uşağa süd verməmişəm. Həya saxlamışam. İndikilər internetlə tapışırlar, görüşürlər, səhər evlənirlər, axşam boşanırlar. Mən internet evliliklərinin axırını görmürəm. Tək-tük, istisna hallar ola bilər ki, insan öz tayını tapar. Amma ümumilikdə bunlar boş, mənasız işlərdir.

"Şou-biznes ailə modelinə çevrilir”

Sosioloq Əhməd Qəşəmoğlu isə Azərbaycan ailə modelinin şoulaşdırıldığından təəssüfləndiyini bildirdi:

- Mən bu şəxsləri tanıyıram. Onu da bilirəm ki, Aqşin indi xəstədir. Onun bu vəziyyətində evlilik söhbətini ortaya atmaq lazım deyildi. Bu, bir az qeyri-etik çıxır. Digər tərəfdən, mən istəmirəm ki, bu mövzunu iki nəfərin üzərində quraq. Belə başa düşülməsin ki, söhbət konkret olaraq bu iki və ya üç şəxsdən gedir. Ailə qurmaq istəyirlərsə, Allah xoşbəxt eləsin. Subaylıq insanların həyatında bir sıra problemlərə yol açır. Evlilikdəsə xeyir var. İstər qadın oldu, istər kişi, evlənməsi lazımdır. Amma evlilik, ailə həyatı mənəvi faktorlar üzərində qurulmalıdır. Ailə maddiyyat üzərində qurulursa, onun ömrü uzun ola bilməz, ailə üzvləri də həqiqi xoşbəxtliyin nə olduğunu bilməzlər. Son illər Azərbaycanda münasibətlər guya ki, dəyişir, gənclər müasirləşir. Və ən acınacaqlısı da budur ki, müasirliyin nə demək olduğunu bilmədən müasirləşirlər. Aşırı sərbəstlik, qərbə meylliliyi müasirlik kimi başa düşürlər. Əslində, qərb bizim düşündüyümüz kimi deyil. Mən bir çox Avropa dövlətlərinin sosioloqları ilə fikir mübadilələri aparmışam və aparıram da. İnanın ki, avropalılar Azərbaycan ailəsinin çox cəlbedici tərəfləri olduğunu deyirlər və bildirirlər ki, bunu ailələrdəki ahəngdarlıqla əlaqələndirirlər. Amma biz öz adət-ənənələrimizin gözəl olduğunu unuduruq. Kənardan yabançı ənənələr gətiririk. Baxın, cərrahlar insan üzərində əməliyyat aparanda, ayaqdanmı, dabandanmı, hansısa bir nahiyədən damar, yaxud dərini kəsib başqa bir yerə calayırlar. Kənar bir insanın damarını, dərisini işlətmirlər. Milli adət-ənənə də belədir. Əgər istəyiriksə ki, inkişaf edək, gərək özümüzün olandan istifadə edək. O şey yaxşıdır ki, istifadə edəndə harmoniya yaradır. O şey pisdir ki, ondan istifadə gərginlik yaradır. Bu insanların evlilikdən öncə şərtlərlə danışması, gələcək həyatları üçün artıq indidən gərginlik yaradır. Ramin Hacılı bu gün söz versə də, xanımın şərtlərini qəbul etdiyini desə də, 5 ildən sonra necə olacağına təminat verə bilməz. İnsan dəyişkənliyə meyllidir. Ola bilər ki, sabah onların həyatında elə bir hadisə baş verər ki, xüsusiyyətlərini dəyişərlər, şərtlər də unudular. Bu, sözvermənin özü qeyri-ciddidir. İnsan ömrü boyu eyni cür qalacağına necə söz verə bilər?!
Mən, bu cür hərəkətlərə reklam kimi baxıram. Evlilik təklifinin bu formada ictimailəşdirilməsi nə məqsəd daşıyır? Bəlkə onlar heç evlənmədilər. Niyə xanımın adı hallanmalıdır? Niyə Raminin adı hallanmalıdır? Bu insanlar ictimaiyyətdə tanınırlarsa, hərəkət və davranışlarında daha diqqətli, daha ehtiyatlı olmalıdırlar, çünki onlar fəal bir insan, söz adamı kimi diqqət mərkəzindədirlər və kimlərsə onlardan örnək götürə bilər. Əgər bu insanlar öz aralarında danışıb, razılığa gəlib ailə qurmağa qərar verdikdən sonra bunu ictimaiyyətə açıqlasaydılar, daha sanballı görünərdilər. Və bu, kübarlıq olaraq qəbul edilərdi. İndiki halda isə bu, reklam, özünü gündəmə gətirmək xarakteri daşıyır. Adətən, biz Türkiyədə belə halların şahidi oluruq. Xüsusən də şou-biznes adamları ilə bağlı. Birisi çıxıb deyir ki, "mən İbodan cocuq istəyirəm”. Tərbiyəli adam bunu deməz. Təəssüf ki, bizim bəzi insanlarımız da özlərini şou-biznesdə hiss edirlər. Şou-biznesi ailə modelinə gətirirlər. Bu, şərq insanının xarakterinə uyğun deyil və ancaq yamaqdır. Gənclərimiz də buna meyllənir və öz şəxsi keyfiyyətlərini, kimliklərini itirirlər. Azərbaycanda mənəviyyat məsələləri arxa plana keçirilib və biz bunun fəsadlarının hər gün getdikcə artdığını görürük.

Məlahət Rzayeva