Zərdüşt Əlizadənin “Müsavat”dakı seçimi

Tural Abbaslı: “Belə çıxır ki, Müsavat geridə qalıb”
Mustafa Hacıbəyli: “Ən çox səs qazanan şəxs başqan seçiləcək”


Politoloq Zərdüşt Əlizadə ölkə mətbuatına verdiyi müsahibədə Müsavat Partiyasının başqanlıq məsələsindən də danışıb.

"Müsavatda təşkilatçılıq qabiliyyəti və siyasi çəkisi yüksək olan bir neçə ağıllı adam var. Qubad İbadoğlunu nümunə kimi göstərə bilərəm. Müsavat qurultay keçirəcəksə və başqan Q.İbadoğlu seçiləcəksə, təşkilatın reytinqi yüksələcək, partiyada ciddi kadr islahatları aparılacaq. Müsavat tamamilə yeni bir siyasi təşkilat kimi orijinal, modern partiyaya çevriləcək.
Heç şübhəsiz, başqanlığa layiq şəxs Q.İbadoğludur. O, innovativ adamdır”.
Qeyd edək ki, 2010-cu ildən bəri qurultayını keçirə bilməyən Müsavat Partiyasının başqanlığına bir neçə namizədin adı hallandırılır. Onlardan biri də Z.Əlizadənin qeyd etdiyi, iqtisadçı-alim Qubad İbadoğludur.
Ekspertin açıqlamasını dəyərləndirən təşkilatın divan üzvü Tural Abbaslı "Şərq”ə deyib ki, təmsil olunduğu qurum ölkənin ən modern partiyalarından biridir. Onun sözlərinə görə, bütün siyasi təşkilatların əsas məqsədi seçkilərdə iştirak edib, səs çoxluğu qazanaraq hakimiyyətə gəlmək və narazı elektoratı öz ətrafında birləşdirməkdi: "Təmsil olunduğum təşkilat da bu məsələlərdə aktivliyi ilə seçilən partiyadır. Zərdüşt bəy "daha modern təşkilata çevirəcək” deyəndə nəyi nəzərdə tutub deyə bilmərəm. Söz yox ki, Q.İbadoğlu da digərləri kimi layiqli namizəddir. Partiyada başqanlığa kifayət qədər sanballı namizədlər mövcuddur”.
Politoloqun Q.İbadoğlunu dəstəkləməsinin normal olduğunu bildirən T.Abbaslı Z.Əlizadənin , "Müsavat Partiyası daha da modern olacaq” fikrinə narazılıq ifadə edib: "Belə deyimlərə ehtiyac yoxdu. Belə çıxır ki, Müsavat geridə qalıb. Onun müasirləşməsinə zərurət duyulur. Əslində belə deyil. Təşkilatımız müasirdir. Müsavatda hansısa yeniliklərin baş verməsi mümkündür. Bunu seçilən adamın özü edəcək. Kənar müdaxilələri etik saymıram”.

Müsavatın kadr potensialına diqqət çəkən T.Abbaslı qeyd edib ki, təmsil olunduğu təşkilat ziyalı elektoratına görə öndə gedən qurumdur: "Müsavat Partiyasında heç zaman savadlı kadr qıtlığı olmayıb. Bundan sonra da yaşanmayacaq. Analiz etsək görərik ki, istər AXCP dönəmində, istərsə də indiki Azərbaycan cəmiyyətində nüfuzlu ziyalıların çoxu Müsavatda təmsil olunub. Müsavat bu günün partiyası deyil ki, ətrafına savadlı kadr toplasın. Baxın, vaxtikən dövləti idarə etmiş nazirlərin və komitə sədrlərinin çoxu Müsavatdadır. BDU və digər universitetlərin alimləri bizim təşkilatda toplanıblar. Görünür, Zərdüşt bəy nə demək istədiyini bir o qədər başa düşməyib”.

Təşkilatın digər divan üzvü Mustafa Hacıbəyli isə ekspertin sözlərini bu cür şərh edib: "Müsavat” ölkəmizə demokratiya ənənələri gətirən təşkilatdır. Məsələn, yetərsayın endirilməsi, qadınlar üçün kvotanın ayrılması və bir nəfərin iki dəfədən artıq bir vəzifəyə seçilə bilməməsi məsələlərini ilk dəfə bu qurum tətbiq edib. Bu ənənələri ilk olaraq partiya nizamnaməsinə daxil edən Müsavat olub”.

Partiyaya yeni başqanın seçilməsindən söz açan M.Hacıbəylinin qənaətincə, başqanlığa layiqli namizədlər çoxdu: "Sözsüz ki, onlardan biri də Q.İbadoğludur. Onlarla başqa layiqli namizədlər də var”.

Qurultayın baş tutacağını deyən həmsöhbətimiz vurğulayıb ki, təşkilatları İsa Qəmbərin liderliyi və yeni başqanın köməkliyi qurultaydan güclənərək çıxacaq: "Bu qurum ölkədə ən əhəmiyyətli təşkilatdır. Qətiyyən təəccüblü deyil ki, ən müxtəlif politoloqlar, başqa partiya təmsilçiləri və hakimiyyət nümayəndələri Müsavat Partiyasının daxilində gedən prosesləri müzakirə edirlər. Bu da təşkilatımızın ictimaiyyətin diqqəti mərkəzində olmasının sübutudur. Şübhəsiz ki, qurultay da ictimaiyyətin gözü qarşısında həyata keçiriləcək. Ən çox səs qazanan şəxs başqan seçiləcək. Bundan sonra partiyanız 100 illik ənənəsinə uyğun olaraq qarşısındakı hədəflərə doğru inamla addımlayacaq”.

Ayyət Əhməd