"Çap mediasının lazım olmadığını iddia etmək sağlam düşüncənin məhsulu deyil"





"İnanmaq olmur ki, özünü Azərbaycan mətbuatının bir parçası hesab edən, məhz media adı altında fəaliyyət göstərməyə çalışan insanlar çap mediasının gərəksizliyini irəli sürürlər”.

Bunu Azərbaycanda çap mediasının fəaliyyətinin dayandırılması barədə təkliflərə münasibət bildirərkən "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu söyləyib. 

O vurğulayıb ki, çap mediasının Azərbaycana lazım olmadığını iddia etmək sağlam düşüncənin deyil, qərəzli təxəyyülün məhsuludur:

"Hələ üstəlik bu iddianı özünü media ilə bağlı hesab edən bir qrup irəli sürürsə, bu artıq milli mətbu dəyərlərimizə, bütövlükdə milli mətbuatımıza həqarətdir. O zaman ilkin qənaət belədir ki, ya bu qrupun media ilə heç bir əlaqəsi yoxdur, ya da media adı altında başqa məqsədlərlə fəaliyyət göstərirlər. Məqsəd isə olduqca qaranlıqdır. Çünki məsələni bu cür qoymaqla istənilən halda yalnız və yalnız Azərbaycanı qaralamaq mümkündür. Fərz edək ki, bu "intellektuallar”ın dedikləri ciddiyə alındı və çap mediasının fəaliyyəti dayandırıldı. O zaman elə həmin qrup bütün dünyaya car çəkəcək ki, Azərbaycanda söz azadlığına zərbə vuruldu, mətbuat azadlığı məhdudlaşdırıldı, 143 illik ənənəsi olan çap mediasının fəaliyyətinə bu hakimiyyət son qoydu. Əgər mətbuat indiki kimi Azərbaycan dövlətinin himayəsi və qayğısı altında fəaliyyət göstərəcəksə, bu belə də olacaq, onda da yenə bəzi macərapərəstlərə cazibədar görünən belə manipulyasiyalarla bir müddət siyasi gündəmi şantaj etmək mümkün olacaq. Bunların heç biri isə hazırkı mürəkkəb tarixi mərhələdə milli maraqlarımıza uyğun deyil. Onda məntiqi nəticə də budur ki, çap mediasının bağlanmasını iddia edən qrupun iddiası da milli maraqlarımıza uyğun deyi”.

Çap mediasının fəaliyyətinin dayandırılmasının hansı qüvvələrin maraqlarına uyğun olmasına gəlincə, H. Babaoğlu deyib ki, hamı bizimlə maraqları toqquşanların kimlər olduğunu dərk edir:

"Onda tərəddüd etmədən belə ümumi qənaət ifadə etmək mümkündür ki, özünü media qrupu adlandıranların belə yersiz açıqlaması onun özünün nəyə xidmət etdiyini göstərməklə həmin qrupun özünüifşasına çevrildi. Azərbaycan çap mediası isə, əlbəttə, hələ uzun illər fəaliyyət göstərməklə milli mətbuatımızın tarixi missiyası və ənənələrini yaşadacaq. Yeni media hesab etdiyimiz, internet media üçün kadr bazası kimi çıxış edəcək, milli dövlətimizin maraqlarını təmin etmək üçün informasiya savaşında daima öz dövlətini yanında olacaq və Prezident İlham Əliyevin diqqət və qayğısına layiq olmağa çalışacaq. Bu gün çap mediası yüzlərlə qələm adamı üçün iş yeridir, təcrübə yeridir, daha qlobal informasiya məkanında fəaliyyət göstərmək üçün olduqca gərəkli hazırlıq platformasıdır. Azərbaycan dilinin bütün gözəl xüsusiyyətlərini, incəliklərini, siyasi publisistikamızı yaşadan, inkişaf etdirən, dilimizin keşiyində duran intellektual qaladır. Bunu yıxmağa cəhd etmək sadəcə siyasi macərapərəstlikdir”.