"Çap mediasına dövlətin maliyyə yardımı göstərməsi olduqca zəruri addımdır" - Baş redaktor






"Çap mediasının ləğv olunub-olunmaması ayrı-ayrı şəxslərin istəkləri ilə deyil, bütün cəmiyyətin tələbatı, zövqü əsasında müəyyən oluna bilər”.

Bunu "Sherg.az”a bəzi media nümayəndələri tərəfindən ortaya atılan Azərbaycanda çap mediasının fəaliyyətinin dayandırılması barədə təkliflərə münasibət bildirərkən "Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev söyləyib. 

O diqqətə çatdırıb ki, cəmiyyətimizin informasiyaya olan tələbatının ödənməsində çap mətbuatının da başqa informasiya resursları ilə birlikdə önəmli rol oynadığını nəzərə alsaq, az sayda insanın hansı mövqedə olması önəmli deyil:

"Cəmiyyətimiz mətbuatın dövlətçilik sistemində oynadığı böyük rolu görür, buna dəyər verir. Başa düşürlər ki, hər nə qədər internet resursları önə çıxsa da, çap mediası missiyasını yerinə yetirməkdə davam etməlidir. Çünki çap mediasında publisist dilimiz, Azərbaycan dilinin gözəllikləri, tariximiz yazılır, milli-mənəvi dəyərlərimiz müdafiə olunur və ölkənin ictimai-siyasi həyatı ilə bağlı vacib təhlillər verilir. Ona görə, çap mediasının ləğv olunmasının əhəmiyyətli olacağını düşünənlər, böyük səhvə yol verirlər. Əslində bu mövqedə dayananlar cəmiyyətlə üz-üzə qalmış olurlar”.

A.Quliyev hesab edir ki, çap mediasına dövlətin maliyyə yardımı göstərməsi olduqca zəruri addımdır:

"Bu, dövlətimizin sabitliyi və təhlükəsizliyi ilə bağlı məsələdir. Çünki dövlət mediaya dəstək göstərmədikdə, himayə etmədikdə bu məsələlər Azərbaycan dövlətinə düşmən mövqe tutan dairələrin himayəsinə keçməli olur. Bu isə dövlətçilik üçün çox böyük təhlükədir. Medianın təhlükəli dünya mərkəzlərinin təsirinə düşməsinin qarşısını almaqda dövlətin verdiyi dəstək böyük rol oynayır. Müəyyən dairələrin bundan narahat olmasının səbəbi də medianın dövlətin himayəsində olmasını istəməməsidir. 

Açıq şəkildə medianın xaricdən idarə olunan müəyyən siyasi mərkəzlərin təsirinə düşməsini təbliğ edirlər. Onlar xaricdə mediamızı təsir altına almaq istəyən mərkəzlərin hətta erməni lobbisi ilə bağlı olduğunun fərqinə varmırlar. 

Çap mediasına dövlətin dəstəyinin əleyhinə olanlar, onun fəaliyyətinin dayandırılmasını tələb edənlər özlərini mətbuatın təmsilçisi kimi təqdim etsələr də, onların mətbuatla mənəvi bağlılığı yoxdur. Ona görə, çap mediasına dövlətin dəstəyi davam etməlidir. Bu dövlətçilik baxımından əhəmiyyətli vacib modeldir”.

Aysel Aslan