Bank və mənzil-tikinti sektorunda korrupsiya faktları niyə artır ? - Detallı izah





"İnsanların son günlərdə bank sektoruna, kreditlərə çox ehtiyacı olur. Əhalinin tələbi çox olduqda isə işbazlar korrupsiya əməllərinə yol verirlər”.

Bunu "Sherg.az”a bu il ən çox korrupsiya faktlarının bank və bank olmayan kredit təşkilatlarında, mənzil-tikinti sektorunda qeydə alınmasının səbəblərini izah edərkən "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev söyləyib.

O diqqətə çatdırıb ki, sahibkarlar bu sahələrdə mövcud olan korrupsiya faktlarını gizlətməyə çalışdıqca problemlər daha da böyüyür:

"Banklarda digər çatışmazlıq isə müraciət edən hər kəsə kredit verilməsidir. Kredit faizləri böyük olduğuna görə, müraciət edən şəxsin ödəmək qabiliyyətinin olub-olmadığını yoxlamadan kredit verirlər. Nəticədə qanunsuz sövdələşmələr, korrupsiya faktları bir qədər də artır, cinayət işlərinə çevrilir.

Kredit götürmək üçün müraciət edən şəxs zamin olaraq, kimlərisə göstərməlidir. İnsanlar götürdükləri krediti ödəyə bilmədikdə, bankların imkanı var ki, zaminlərdən tələb etsinlər. Bu da gələcəkdə daha iri qanun pozuntularına gətirib çıxara bilər.

Ümumilikdə bankların özünün iri korrupsiya faktları, bank rəhbərliyinin qanunsuzluqları da olur. İndiyə qədər bir neçə bankın bağlanması, cinayət işlərinin açılması da bunu sübut edir. Hesab edirəm ki, ilk növbədə bankları oliqarxların nəzarətindən çıxarmaq lazımdır”.

Ə. Nuriyev onu da qeyd edib ki, ASAN Xidmət istisna olmaqla, vətəndaşlarla birbaşa təmasda olan qurumlar korrupsiya faktlarına yol verirlər:

"Sosial, təhsil və digər vətəndaşlarla birbaşa təmasda olan qurumlarda korrupsiya şikayətləri daxil olur. Tikinti sektorunun da adı ciddi korrupsiya faktlarında hallanır. Son illərdə görülən tədbirlər sayəsində tikinti sektorunda korrupsiya faktları azalıb. Artıq bir mənzilin bir neçə şəxsə satılması faktlarının qarşısı alınıb. Mən elə tikinti şirkəti tanıyıram ki, rəhbəri həbs edilib, həbsxanada ola-ola dələduzluqla məşğul olur. Vətəndaşlar isə bir qədər ayıq-sayıq davrandıqda dələduzluq faktlarından qurtara bilirlər”.

Qeyd edək ki, baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, bu ilin birinci yarısında istintaqı tamamlanaraq məhkəməyə göndərilən işlərin ən çoxu mənzil-tikinti sektoru ilə bağlı olub. Bu sahə üzrə 18 şəxs barəsində 9 cinayət işinin istintaqı yekunlaşaraq məhkəmələrə göndərilib. Növbəti yerdə isə bank və bank olmayan kredit təşkilatları durur. Bu sahə üzrə 43 şəxs barəsində 18 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.

Aysel Aslan