Paşinyanın yalanlarına tutarlı cavablar verilməlidir

“İnqilabçı” baş nazir ona olan maraqdan gen-bol istifadə edir



"Zöhrab Mnatsakanyan Edvard Nalbandyandan daha peşəkar diplomatdır”. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən və aparılan danışıqlardan danışan E.Məmmədyarov bildirib ki, erməni nazirlə görüşündə onu yaxından tanımağa çalışıb.

XİN rəhbəri yeni həmkarının daha peşəkar olduğunu söyləyib. Xatırladaq ki, iyulun 11-də Brüsseldə E. Məmmədyarov və Z. Mnatsakanyan arasında görüş keçirilib. Bu görüşün ardınca Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək istədiyini bəyan edib. Baş nazir "Al-Jazeera” kanalına müsahibəsində bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədi ilə üz-üzə görüşə hazırdır.

Dağlıq Qarabağ problemi ətrafında cərəyan edən prosesləri şərh edən Elxan Şahinoğlu deyib ki, Ermənistan baş naziri Nikol Paşinyan son bir ayda dünyanın müxtəlif televiziya kanallarına, radiolarına, qəzetlərinə xeyli müsahibə verib. Ekspertin sözlərinə görə, Paşinyan ona olan maraqdan gen-bol istifadə edir: 

"Müsahibələrin əksəriyyətini izləmişəm və ya oxumuşam. Paşinyan müsahibələrində Azərbaycan əleyhinə xeyli fikir söyləyib. Ermənistanın mövqeyinin haqlı olduğunu iddia edib. Əlbəttə, Paşinyanın yalan danışdığı aydındır. Məsələn, son müsahibəsində "Ermənistanda bir azərbaycanlının burnu belə qanamayıb” deyəndə bunun necə böyük yalan olduğunu hamımız bilirdik. Bu arqumenti darmadağın edən kifayət qədər fakta malikik. Ancaq xarici ölkələrdə reallığı bilmirlər və beləcə münaqişəyə Paşinyanın müsahibədə dediyi sözlər çərçivəsində baxırlar. Biz bu yalanların qarşısını almaq, Paşinyan əleyhinə verilən müsahibələrin sayını artırmaq əvəzinə, onların xarici işlər nazirini "tərifləyirik”. Bəlkə də Zöhrab Mnatsakanyan Elmar Məmmədyarovun dediyi kimi, Edvard Nalbandyandan daha peşəkardır. Ancaq bunun bizə nə faydası var? Onlar bizim əleyhimizə hər fürsətdə yalanlarını səsləndirirlər. Biz isə onların "peşəkarlıqlarından” dəm vururuq”.

İsmayıl