“İndiki halda ABŞ-Türkiyə münasibətləri pozulmayacaq, yalnız gərginliklər müşahidə ediləcək”
Türkiyədə terrorizm və casusluq ittihamları ilə həbs edilmiş amerikalı keşiş Endrü Branson İzmir şəhərində həbsxanadan çıxarılaraq evə gətirilib. İki il həbsdə saxlanılan Bransona cinayət işi açılması NATO üzrə müttəfiq olan ABŞ və Türkiyə arasında münasibətlərdə gərginliyin yaranmasına səbəb olub.
Amerika dövlət katibi Mayk Pompeo Endrü Bransonun həbsxanadan çıxarılaraq, ev dustağı kimi saxlanması haqda qərarı məmnunluq hissi ilə qarşıladığını, lakin bu addımın kifayət olmadığını bildirib: "Biz pastor Bransonun Türkiyədə həbsxanadan ev dustaqlığına buraxılması haqda uzun zamandır gözlədiyimiz qərarı alqışlayırıq. Lakin bu, yetərli deyil. Biz cənab Bransona qarşı kifayət qədər dəlil olduğunu görmürük və Türkiyə rəsmilərini onun işini şəffaf və ədalətli şəkildə həll etməyə çağırırıq”.
Ankara tərəfindən atılmış bu addım ABŞ-Türkiyə əlaqələrini tam normallaşdırmasa da, müəyyən mənada əlaqələrə müsbət təsir edəcəyi gözlənilirdi. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatı tərəflərin tez zamanda dil tapacağını şübhə altına aldı. Ərdoğan vurğuladı ki, Türkiyə ABŞ-a görə İranla münasibətlərini pozmaq niyyətində deyil: "Ankara anti-İran sanksiyalarına qoşulmaq niyyətində deyil. İran bizim üçün mühüm strateji tərəfdaşlardan biridir”.
Tərəflər arasındakı münasibəti "Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan bildirib ki, Türkiyə-ABŞ münasibətlərində son illər bir sıra sahələrdə gərginliklər yaranıb. Əvvəllər daha çox Şimali Kiprlə bağlı olan gərginliyin miqyası və onu yaradan səbəblər artıb:
"Bu, Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələndən sonra özünü daha qabarıq göstərməyə başlayıb. ABŞ başda olmaqla beynəlxalq koalisiyanın İraq və Suriyada hərbi əməliyyat aparması, terrorçu PKK-nı dəstəkləməsi Ankara-Vaşinqton münasibətlərində soyuqluq yaradan amillərdən sayılır. Bir neçə ay öncə ABŞ-ın Türkiyəyə və terrorçu PKK-nın Suriyadakı qollarına münasibətində dəyişiklik hiss edilməkdədir. Sanki Ağ Evdə indi başa düşüblər ki, Türkiyə NATO üzvü, həm də ABŞ-ın strateji müttəfiqidir. Rəsmi Ankara bütün səviyyələrdə bəyan edir ki, Amerika və Qərb dövlətlərinin dəstəklədiyi PKK və onun qolları Türkiyənin ərazi bütövlüyünü təhdid edir, təhlükəsizliyini pozur. Müttəfiq sayılan dövlətlər isə bu terrorçulara silah-sursat verir, onları təlimatlandırır. Ancaq "Fırat qalxan”, "Zeytun budağı” əməliyyatları ABŞ-ı Menbic qəsəbəsi ilə bağlı məsələdə daha obyektiv davranmağa məcbur etdi. İndi Menbiclə bağlı mərhələ başlayır”.
Analitik bəyan edib ki, İran-Türkiyə münasibətlərinə gəldikdə isə rəsmi Ankara bu məsələdə öz dövlət maraqlarını və müstəqilliyini hər məsələdən üstün tutacağını bəyan edir:
"ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiyanın İranda iqtisadi maraqları var və bunu Vaşinqton yaxşı başa düşür. Belə prinsipin Türkiyəyə tətbiq ediləcəyi də istisna edilmir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 24-də Cənubi Afrika Respublikasına səfərə yollanmazdan əvvəl ABŞ-a ismarıc göndərərək, belə dedi: "Qazı İrandan almasaq, ölkəmi kim isidəcək?”.
Bax, əsas sual budur. ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulacağı halda Türkiyəyə dəyən ziyanı kim ödəyəcək? Bu tələblər ödənilməzsə, ehtimal etmək olar ki, Türkiyənin dövlət səviyyəsində İranla iqtisadi-ticarət əlaqələri dəyişməyəcək. Bu yaxınlarda Türkiyənin TURAŞ neft-qaz şirkəti İrandan neft idxalın azaldacağını bildirib. Bu baxımdan qeyd etmək olar ki, Türkiyə ABŞ-ın irəli sürəcəyi sanksiyalara zaman-zaman qoşulacaq.
Ancaq bu məsələdə müstəqillik amilini əsas götürməyə çalışacaq. Amerikalı keşişlə bağlı məsələ də gərginlik yaradan olaylardandır. O, 2016-cı il hakimiyyət çevrilişinin təşkilində ittiham olunur. Türkiyə tərəfi onu Fətullah Gülənlə dəyişəcəyini deyir. Ancaq indi o, ev dustağıdır. Bir müddət sonra sərbəst buraxılacağı ehtimalı da az deyil. Odur ki, mövcud şərtlərdə, yaxud indiki halda ABŞ-Türkiyə münasibətləri pozulmayacaq, yalnız gərginliklər müşahidə ediləcək”.
İsmayıl