“Görünür, qış öncəsi Rusiya Ermənistanı daha çıxılmaz duruma salmağa çalışır”
Rusiyanın Ermənistana satdığı təbii qazın tarif qiyməti artırılacaq. Məlumata görə, Ermənistanın təbii qazın alınması ilə bağlı Rusiyanın "Qazprom” şirkəti ilə imzaladığı müqavilə yaxın vaxtlarda başa çatacaq.
Müqavilə başa çatdıqdan sonra imzalanacaq yeni sənəddə "mavi yanacağ”ın qiymətlərinin artırılması nəzərdə tutulur. Ermənistanın "Qrammark” qəzeti Rusiyadan olan ekspertlərə istinadən yazıb ki, "qazın qiymətinin artırılması rəsmi Moskvanın Ermənistanın yeni hökumətinə etibar etmədiyini göstərir”.
Məlumat üçün bildirək ki, Rusiya təbii qazı Gürcüstandan keçməklə Ermənistana çatdırılır. Bəzi ekspertlərin fikrincə, Rusiya Ermənistana iqtisadi təzyiqlər edərək, mövcud hakimiyyətə qarşı xalqın etirazını təşkil etməyə çalışır. Onların sözlərinə görə, Paşinyanın qərbpərəst siyasətinə qarşı Kremlin iqtisadi-siyasi təzyiqləri artmaqdadır.
İki dövlət arasındakı gərginliyi "Şərq”ə şərh edən politoloq Vasif Əfəndiyev bəyan edib ki, Ermənistan baş naziri Nikol Paşinyan Rusiya üçün baş ağrısına çevrilməkdədir. Paşinyan hakimiyyətə gəldiyi gündən Rusiya ilə münasibətlərin yaxşı olduğunu və bundan sonra yüksələn xətt üzrə inkişaf edəcəyini bəyan edib.
Lakin Putinin Paşinyana etimadının az olduğu açıq-aydın hiss olunur: "Tərəflər bunu gizlətməyə çalışsalar da, ictimaiyyətin gözündən yayındırmaq mümkün deyil. Paşinyanın bir qədər sürüşkən mövqe tutmasının bir çox siyasi və iqtisadi səbəbləri var. Rusiyanın Qafqaz siyasətinin nəticəsində Ermənistan bölgədə reallaşan bütün nəhəng iqtisadi layihələrdən kənarda qalıb. Türkiyə, İran, Türkmənistan, Qazaxıstan və Rusiyanın da iştirak etdiyi nəhəng qaz və neft kontraktlarında iştirak etməsi, ən azından bu kəmərlərin heç olmasa birinin onun ərazisindən keçməsi Ermənistan üçün əlçatmaz görünür.
Bundan başqa Türkiyə ilə diplomatik əlaqələrin yoxluğu, Gürcüstan sərhəddi ilə yükdaşımaların çox məhdud səviyyədə olması Ermənistanı daha da asılı vəziyyətə salır. Artıq elə bir durum yaranıb ki, Rusiya bir həftə Ermənistanla əlaqələri kəssə, bu ölkə faciəli vəziyyətə düşər. Bütün bunların əvəzində isə Paşinyan Putindən müəyyən kompensasiya tələb edir. Rusiyanın belə bir fikirdə olmasını güman etmirəm”.
Ekspertin açıqlamasına görə, Ermənistanın regionda tam təhlükəsiz yaşaması və inkişaf etməsi üçün ilk növbədə regionda davamlı sülhün təmin olunması vacibdir:
"Bu isə Qarabağın işğaldan azad olunmasından sonra tam reallaşa bilər. Qarabağın işğalını gerçəkləşdirən və sülh danışıqlarına mane olan Rusiya isə Ermənistanı təhdid edir. Ona dəstək verməyi dayandıraraq, Azərbaycanla baş-başa buraxacağı ilə hədələyir. Hətta Rusiya təzyiqlərini bu yaxınlarda bir neçə dəfə əməli şəkildə həyata da keçirib. "Qazprom”un Ermənistana satdığı qazın qiymətini bahalaşdıracağını elan etməsi bu cür təzyiqlərdəndir. Görünür, qış öncəsi Rusiya Ermənistanı daha çıxılmaz duruma salmağa çalışır ki, siyasi və iqtisadi maraqlarını qeyd-şərtsiz qəbul etdirə bilsin. Hərbi sahədə olan münasibətlər hələ ki, müzakirə obyekti deyil.
102-ci hərbi bazanın Ermənistanda qalması əslində Qarabağın işğalının qarantiyasıdır. Türkiyə ilə sərhədlərin qorunması da müzakirə predmeti deyil. Ayın 27-si Moskvada Avrasiya İttifaqının iclası keçiriləcək. Ermənistan sonuncu dəfə bu tədbirdə köhnə hakimiyyətlə təmsil olunmuşdu. Bu gün isə Ermənistanda tamam fərqli siyasi hakimiyyət və idarəçilik sistemi mövcuddur. Ermənistan artıq parlamentli ölkədir. Paşinyan isə müvəqqəti olaraq bu parlamentə başçılıq edir və ölkədə siyasi proseslər tam başa çatmayıb. Putinin Paşinyana etibar etməməsinin bir səbəbi də budur. Ona görə də tədbir öncəsi Putinin Paşinyanla telefon söhbəti baş tutdu”.
İsmayıl