“Sərt qadağalar bəzən lazımi effekti vermir”
“Valideynin qoyduğu addan xəcalət çəkənlər var”
Nazirlər Kabineti yanında Terminologiya Komissiyası son dövrlərdə uşaqlara Mio, Cani, Aftəndə, Pişərəndə, Keykül, Qirəndə kimi heç bir mənası olmayan, gülüş doğuran adların qoyulması ilə bağlı edilən müraciətlərə mənfi cavab verib. "Trend”in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində uşaqlara Şeyla, Jiyan, Asenat adlarının qoyulması ilə bağlı müraciətlərə əvvəlcə mənfi yanaşsa da, komissiya bu adların tarixi köklərini araşdırdıqdan sonra onlardan istifadəyə icazə verib:
"Bizə iki qıza Şeyla, Asenat, 1 oğlan uşağına isə Jiyan adının qoyulması üçün müraciət edildi. Bu adların tarixi kökünü axtardıq və məlum oldu ki, həmin adlar türk mənşəlidir və yazılı tarixi abidələrdə var. Buna görə də bu adların qoyulmasına icazə verildi”.
S.Sadıqova bildirib ki, son dövrlərdə uşaqlara müəyyən adların qoyulması üçün imtina cavabının verildiyi hallar da çox olub.
Onun sözlərinə görə, son dövrlərdə Cani, Aftəndə, Pişərəndə, Keykül, Qirəndə kimi adların qoyulmasına icazə verilməyib: "Bu adları qoymaq istəyənlər onların qədim dini adlar olduğunu əsas gətirirdilər. Bu adları Bakı və Bakıətrafı ərazilərdə yaşayanlar qız uşaqlarına qoymaq istəyiblər. Bundan başqa, komissiyaya müraciət edən Sevda adlı 18 yaşlı bir qız adını bəyənmədiyini bildirərək onu Sevana ilə əvəzləmək istədiyini açıqlayıb. Ona Sevana adının erməni adı olduğunu açıqlayandan sonra özü geri çəkildi. Bu yaxınlarda bir nəfər uşağına Mio adı qoymaq istəyirdi. Deyir ki, bu ad Amerika müğənnisinin adıdır. Ancaq bu ad bizdə necə səslənə bilər?! Ona görə də imtina cavabı verdik”.
Komissiyaya hər ay 50-60 müraciətin daxil olduğunu açıqlayan S.Sadıqova bildirib ki, uşaqlarına gülüş doğuran, heç bir məna kəsb etməyən ad qoymaq istəyənlər bəzən bunun üçün sona qədər mübarizə aparacaqlarını da deyirlər:
"Amma onlar da məhkəmə və komissiya tərəfindən "yox” cavabını aldıqdan sonra geri çəkilirlər. Məsələn, uşağına Keykül adını qoymaq istəyən qadına başa salınsa da, 3 dəfə buna görə bizə müraciət edib və bu adı qoymaqda israrlı olduğunu söyləyib”.
Komissiyanın sədr müavini onu da qeyd edib ki, təhsilli, ziyalı insanlar uşaqlarına ad qoymamışdan əvvəl çox düşünür, onun mənasına, yazılışının qısalığına baxırlar: "Ancaq müəyyən insanlar var ki, bunu düşünmürlər. Hansı ad oldu, qoymaq istəyirlər. Bizə deyirlər ki, mən bu adı yuxumda gördüm, yaxud qonşum mənə bu adı məsləhət bildi. Ancaq maarifləndirmə işlərinin nəticəsi də özünü göstərir. Artıq insanlar uşaqlarına Ansambl kimi adlar qoymurlar”.
S.Sadıqova qeyd edib ki, hər 100 nəfərdən təxminən 60 nəfəri öz uşağına normal, gözəl ad qoyur, təxminən 20 nəfər yeni ad seçir, 20 nəfər isə mənası olmayan ad qoymaq istəyir .
S.Sadıqova bildirib ki, bəzi şəxslər uşaqlarına yaxşı səslənməyən nənə-baba adlarının da qoyulması üçün müraciət edirlər: "Fırtına, Fəryad kimi nənə-baba adlarının qoyulmasının qarşısını almırıq. Amma biz belə adların qoyulması üçün müraciət edənlərə başa saldıqdan sonra onlar özləri bu adların qoyulmasından imtina edirlər”.
Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, professor Nizami Cəfərov da belə hesab edir ki, Terminologiya komissiyasının vətəndaşlarımızın istək və təkliflərinə, hətta tələblərinə də həssas yanaşması ümumi işimizin xeyrinədir:
- İnsanlara düzgün, ağlabatan məsləhət verəndə inanırlar, qəbul edirlər. Ad qoymaq məsələsində VVAQ əməkdaşlarının da üzərinə böyük məsuliyyət düşür. Çünki valideynlər övladlarına doğum haqqında şəhadətnamə almaq üçün "ASAN Xidmət” mərkəzlərində bu şöbə əməkdaşlarına müraciət edirlər. Əməkdaşlar vətəndaşlara düzgün məsləhətlər verməli, nəyin səhv, nəyin doğru olduğunu anlatmalıdırlar. Düzdür, sərt qadağalar bəzən lazımi effekti vermir. Mən də razıyam ki, qadağalardan daha çox tövsiyələrə, maarifləndirmə işlərinə üstünlük verilməlidir.
Amma bəzən tövsiyələr, məsləhətlər fayda vermir, o zaman qadağalar işə düşməli olur. Bəzən vətəndaş övladına hansısa adın qoyulmasında israr edir. Bir adam ki, beyninə hansısa adı yeridib, deməli, burda anormallıq var. Bu insanla artıq nə maarifləndirici tərzdə, nə də tövsiyə xarakterli söhbət apara bilərsən. Belədə gərək qanunun tələblərinə söykənəsən. Ona görə də qanun da olmalıdır, maarifləndirici işlər də aparılmalıdır, tövsiyələr də verilməlidir. Amma tövsiyənin də içində gərək tələbə oxşar bir forma olsun.
N.Cəfərov qeyd etdi ki, ad və soyad məsələsində əsas prinsip millilik, bədii-estetik tələblərə uyğunluq olmalıdır:
- Uşağa ad qoyanda gərək milliliyi də düşünəsən, uşağın gələcəyini də düşünəsən ki, gələcəkdə uşaq öz adından xəcalət çəkməsin. Valideyn deyir, uşaq mənimdi, özüm bilərəm nə ad qoyuram. Xeyr, belə deyil. Uşaq valideynin olduğu qədər də cəmiyyətindir. Sabah o uşaq bizim cəmiyyətin bir üzvü olacaq. İnsan hüquqları baxımından da qanun uşağın gələcək hüququnu qorumuş olur. Çünki kiçik yaşında onun əvəzinə ata-anası qərar verir. Bu qərar elə olmalıdır ki, gələcəkdə uşaq ona görə əziyyət çəkməsin. Utanmasın. Nə qədər insanlar var ki, vaxtilə valideyninin qoyduğu addan xəcalət çəkir. Rəsmi orqanlara müraciət edib adının dəyişdirilməsini istəyir. Ona görə də valideynlər uşağın gələcəyini düşünməlidir. Yenə də biz təbliğatı genişləndirməliyik və vətəndaşlarımızı gözəl adlar seçməyə yönləndirməliyik.
Məlahət Rzayeva