Əsas diqqət çəkən məqam dövlət əmlakının talan edilməsi ilə bağlı baş verən cinayət faktlarının araşdırılmasıdır
Bu da vətəndaşlar üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əlçatan bir qurum olduğunu göstərir
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci ilin I yarımili ərzində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev görülmüş işlər barədə ətraflı məlumat verib.
Onun sözlərinə görə, 2018-ci ilin birinci yarımilində də bütün sahələrdə irimiqyaslı uğurlara imza atılıb, hüquqi-demokratik dövlət quruculuğunun inkişafına və cəmiyyətin sosial-iqtisadi rifahına hesablanmış müdrik siyasətin məntiqi nəticəsi olaraq bu il aprel ayının 11-də keçirilən demokratik, azad və şəffaf seçkilər yolu ilə xalqımız dərin inam və etimadını bir daha nümayiş etdirərək cənab İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçib.
K.Əliyev qeyd edib ki, həmin müddət ərzində Baş İdarə tərəfindən vətəndaşların 3874 müraciətinə baxılmış, həmçinin 126 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 82-si (65 faiz) üzrə cinayət işi başlanıb, 44 (35 faiz) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 28 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib. Eyni zamanda korrupsiya hüquqpozmaları barədə müraciətlərinin fasiləsiz rejimdə qəbulu məqsədi ilə yaradılmaqla Baş İdarə ilə vətəndaşlar arasında mühüm əhəmiyyətli dialoq vasitəsi rolunu oynayan "161-Qaynar xətt” əlaqə mərkəzinə hesabat dövründə 1970 müraciət daxil olub, həmin müraciətlərin 16-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.
Hüquqşünas Zaur İbrahimlinin sözlərinə görə, ötən illərlə müqayisədə istintaq olunan işlərin sayında xeyli artım var:
"Əsas diqqət çəkən məqam dövlət əmlakının talan edilməsi ilə bağlı baş verən cinayət faktlarının araşdırılması və dəymiş ziyanın geri ödənilməsinə xüsusi diqqət yetirilməsidir. Əgər biz korrupsiya cinayətlərindən danışırıqsa, sui-istifadə olunan vəsaitlərin ödənməsi, zərərin aradan qaldırılması təqdirəlayiq haldır.
Digər məsələ isə tikinti sahəsindəki qeyri-rəsmi məşğulluqla bağlı məsələyə ciddi diqqət verilməsidir. Çünki məşğulluq sahəsində həyata keçirilən özbaşınalıq zamanı həm vətəndaşların hüquqları pozulur, həm də dövlətin vəsaitləri mənimsənilir. Vətəndaşların qəbulu ilə bağlı problemlərin həll edilməsi də müsbət hadisədir. 250-dən çox vətəndaşın bilavasitə müraciətlərinə baxılıb ki, bu şəxslərin 54 nəfəri birbaşa K.Əliyev tərəfindən qəbul edilib. "Qaynar xətt”ə isə 3000-dən artıq şikayət daxil olub. Bu da vətəndaşlar üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əlçatan bir qurum olduğunu göstərir.
Hüquqşünasın sözlərinə görə, "Qaynar xətt”ə olan müraciətlər nisbətən azalıb, bunun səbəbi isə dövlət xidmətlərindən istifadənin asanlaşması ilə və əlçatan olması ilə bağlıdır. Korrupsiyanın sayının azalması və əhatə dairəsinin daralması məhz Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin göstəricisidir. Bu qurumun vətəndaş cəmiyyəti ilə əlaqələri də yüksək səviyyədədir”.
Z.İbrahimlinin sözlərinə görə, son illər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən mənzil-tikinti sahəsində korrupsiya hallarının qarşısını almaq üçün müvafiq tədbirlər öz effektini verib. Bu məsələ ilə bağlı istintaq olunan işlər ötən illərə məxsusdur:
"Milli fəaliyyət planındakı tədbirlərin 86 faizinin dövlət qurumları tərəfindən yerinə yetirilməsi də kifayət qədər önəmli məsələdir”. Korrupsiyaya, rüşvətxorluq və dövlət əmlakının talan olunması kimi qanunsuzluqların Azərbaycan üçün vacib işlərdən biri olaraq qaldığını vurğulayan hüquqşünas deyib ki, dövlət proqramlarının icrasına və ora yönəldilən dövlət vəsaitlərindən istifadə məsələləri xüsusi diqqətdə saxlanılmalıdır. Subsidiyaların ayrılması zamanı da korrupsiya hallarının qarşısını almaq üçün nəzarət tədbirləri gücləndirilməlidir.
Şəymən