“Qurtuluş” jurnalı istiqlalı yayırdı

Azərbaycanlı mühacirlərin Avropada nəşr etdikləri mətbu nümunələrin məqsəd və məramı bəlli idi



Müxtəlif dövrlərdə almanların müsəlmanlara münasibətində fərqli mövqelər olub. Ruslara qarşı uzun illər mübarizə aparmaq məcburiyyətində qalmış Almaniya özünü Rusiya təhlükəsindən daima qorumağa çalışan Türkiyə ilə yaxşı münasibətlər qurmağa cəhd edib. Ortaq düşmənin mövcudluğu hər iki dövləti bir-birinə yaxınlaşdıran başlıca səbəbə çevrilib.

1934-cü il martın 4-də Münhendə "Köniqchof” mehmanxanasında gizli olaraq Avropadan, Asiyadan, Amerikadan və hətta Afrikadan gəlmiş millətlərin nümayəndələri, əsasən mühacir qrupların iştirakı ilə böyük bir toplantı keçirilib. Toplantı belə adlanırdı: "Dünya Sionist, Kommunist və Mason düşmənləri”. Almaniyanın bu tədbiri keçirməkdə başlıca məqsədlərindən biri də bolşevizmə və Rus imperializminə qarşı mübarizə aparan mühacirlərin gücündən həm də faydalanmaq idi. Belə bir şəraitdə həm Azərbaycandan, həm də SSRİ işğalında qalmış digər ölkələrdən olan mühacirlərin milli nəşriyyatlar yaradıb qəzet, jurnal və digər məcmuələr nəşr etməsinə Almaniyada hər cür imkan yaradılırdı. Otuzuncu illərdə hakimiyyətə gələn Hitler "Müsəlmanlardan istifadə”yə yenidən üstünlük verərək, başçılıq etdiyi nasist partiyasının bu sahədəki fəaliyyətini canlandırmışdı. Lakin Məhəmməd Əmin Rəsulzadənin Hitlerə, onun ideya və baxışlarına münasibəti hər zaman mənfi olub. M.Ə.Rəsulzadə Hitlerin "millətçiliyi”nə münasibətini hələ 30-cu illərdə yazdığı məqalələrində aydınlaşdırmışdı. O, 1933-cü ildə yazırdı: "Hitlerçilik hər şeydən əvvəl kommunizm demaqogiyasına qarşı çıxış etmək üçün yaranmış bir ideyadır. O, faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini götürmüş, lakin oradakı beynəlmiləlçiliyi millətçiliklə əvəz etmişdir”. 

Rəsulzadənin Almaniyada nəşr edilmiş "İstiqlal” qəzetindəki "Demokrasi və Sovetlər” məqaləsində isə faşizmə münasibəti belə açıqlanırdı: "Daxildə və xaricdəki düşmənlərin qənaətincə, Hitlerizm, demokrasi rejiminin müxalifi olaraq iş başına gəlmiş, başladığı idarə İtaliyada olduğu kimi, faşist diktatorluğu imiş”. Ancaq belə bir şəraitdə həm Azərbaycandan, həm də SSRİ işğalında qalmış digər ölkələrdən olan mühacirlərin milli nəşriyyatlar yaradıb qəzet və jurnal nəşr etməsinə Almaniyada müəyyən imkan yaradılırdı.

Azərbaycanlı mühacirlərin Avropada nəşr etdikləri mühüm mətbu orqanlarından biri də "Qurtuluş” jurnalı idi. Bu jurnal Azərbaycan Milli Qurtuluş Hərəkatının orqanı olaraq Berlində, Çarlottenburq-2 ünvanında çap edilirdi. Tarixçi-alim Nəsiman Yaqublunun yazdığına görə, jurnalın ilk sayı 1934-cü ilin noyabrında nəşr olunub. Məcmuənin sonuncu, 51-ci sayı 1939-cu ilin yanvar tarixli sayıdır. Ayda bir dəfə çıxan "Qurtuluş” jurnalı, sovet rejimi əsarətində yaşamaq məcburiyyətində qalan Azərbaycanın həyatını əks etdirirdi. Özündən əvvəlki nəşr orqanlarından fərqlənməyən jurnalın məqsəd və məramı "Yazı heyəti tərəfindən” adlı baş məqaləsində belə açıqlanırdı: "Kimə xitab etdiyimiz bəllidir. Hər şeydən əvvəl azərbaycanlılara, azərbaycanlı mühərrirlərə, yəni yabançı istilası altında əzilən əsir bir millətə və bu istila üzündən vətən ayrısı insanlara xitab edirik. Bu insanlara siz qurtuluşdan söhbət açın! Bu, onların gecə-gündüz gözlədikləri şeydir. Qızıl Rus istilasından xilas olmaq üçün can atanlara qurtuluşdan bəhs etmək, istiqlaldan bəhs etməkdir. Çünki bir millət yalnız müstəqil olduğu zamandır ki, özünü qurtulmuş sayar. İkinci sırada türkcə oxuyan qardaş və qonşu mühitlərə xitab edirik. Bu mühətəplərdən bir qismi bizim kimi qurtuluş davası aparır, eyni düşmənə qarşı bizimlə çiyin-çiyinə vuruşur”.

Bundan başqa eyni yazıda bunlar da qeyd olunur: 

"Məcmuəmiz hər şeydən əvvəl 28 may 1918-ci ildə istiqlalı elan olunan Azərbaycan Cümhuriyyətinin qurtuluşunu nəzərə alır. Azərbaycan Cümhuriyyəti 27 aprel 1920-ci ildən etibarən istila altındadır. Qızıl Rusiya tərəfindən cəbrən istila edilib. "Qurtuluş” məmləkəti bu istiladan qurtarmaq istəyən milli qurtuluş qüvvətlərini təşvik və onların fikirlərini yayar”.

Azərbaycan istiqlal mübarizəsinin müdafiəçisi olan əvvəlki nəşr orqanları kimi, Azərbaycanda siyasi dəyişikliklər əsas olmaqla mədəniyyət, sənət, ədəbiyyat mövzuları, Qafqazdakı dəyişikliklər və sovet əsarətində yaşayan digər millətlərə aid məlumatlar da jurnalda öz əksini tapırdı. "Qurtuluş” jurnalındakı Azərbaycanla bağlı məlumatlar ən çox Sovetlər Birliyində rusca çap olunan qəzetlərdən götürülürdü. Məlumatlardan aydın olurdu ki, Gəncə şəhərinin adını dəyişib Kirovabad qoyublar. Aydın olurdu ki, bolşeviklər, Azərbaycanda çar imperiyasının siyasətini yürüdür. Çar imperiyası Gəncəni işğal edəndə adını dəyişib Yelizavetpol qoymuşdu. Sovet rejimində tarix yenə təkrar edilirdi.


"Qurtuluş”da çap olunan "Kolxozlarda yanğın”, "Oğru müdir”, "Azərbaycan tarixi” başlıqlı yazılarda isə Azərbaycan həyatının sahələrinə aid çoxlu məlumatlar oxumaq mümkündür. Jurnal yazırdı ki, kommunistlər xalqın diqqətini ümumi problemlərdən yayındırır, istiqlal tarixini öyrənməkdən insanları məhrum edirdilər. 

"Qurtuluş”da gedən bir məlumat Sovetlər Birliyinin bu siyasətini tənqid edərək göstərirdi ki, Sovetlər Birliyi Elmlər Akademiyasının Azərbaycandakı şöbəsi aşağıdakı yeni əsərləri nəşr edib: 

"Azərbaycan quşları”, "Azərbaycan balıqları”, "Azərbaycanın dekorativ bitkiləri”.
"Qurtuluş” jurnalı azərbaycanlı mühacirlərin mühacirətdə nəşr etdikləri dəyərli bir mətbu orqan idi. Jurnalın alman dilində əlavəsi də çıxırdı. Bu da alman ictimaiyyətini Azərbaycan milli istiqlal mübarizəsi ilə tanış edirdi. Jurnalda verilən əsas başlıq "Son xəbərlər” adlanırdı. 

Bu başlıqda əsasən Azərbaycanda, Sovet İttifaqında baş verən hadisələr haqqında oxuculara məlumatlar verilirdi. "Son xəbərlər” başlığı altında verilən bəzi xəbərlərdə "Çağdaş Azərbaycan ədəbiyyatı” ilə bağlı məlumatlar verilib. Varşavada Şərq İnstitutu tərəfindən keçirilən tədbirlə bağlı xəbər yazılıb. Bildirilib ki, qafqazlılar da burada iştirak edib. "Qurtuluş” adından isə Mirzə Bala Məmmədzadə çıxış edib.

Jurnalın "Məktublar” rubrikasında verilən yazılar belə sistemləşdirilirdi: - "28 May İstiqlalı ilə bağlı məktub”, "27 aprel faciəsi ilə bağlı məktub”, "Vətənsevər Azərbaycan mühacirlərinin cavab və hökmləri”, "Bolşevik əkməyinə yağ sürtənlər” və s. Jurnalın maraqlı rubrikalarından biri belə adlanırdı: "Azərbaycan mətbuatı ilə polemika”. Bu rubrikada əsasən sovet mətbuatında - "Pravda”, "Kommunist”, "Bakinski raboçi”, "İzvestiya” qəzetlərindəki yazılar tənqid edilir. Faktlara kəskin münasibətlər bildirilir, polemika aparılırdı. 

Qeyd edək ki, sovet mətbuatında belə polemika mövzusunda olan yazıları daha çox M.Ə.Rəsulzadə və M.B.Məmmədzadə hazırlayırdılar. Jurnalda verilən rubrikaların biri də belə idi: "Kitabiyyət rubrikası”. Bu rubrikada nəşr edilən yeni kitablar və məcmuələrin şərhi verilir, təhlillər aparılırdı. Digər rubrika isə "Azərbaycan xəbərləri” adlanırdı. Bu rubrikada Azərbaycandakı ağır və çətin həyat şəraiti ilə bağlı xəbərlər çap edilirdi. 

Jurnalın "Ayrı-ayrı parçalar” rubrikasında da əslində xəbərlər verilsə də, sadəcə forması dəyişmirdı. Jurnalda əksər yazılar məqalələr olaraq verilirdi. Əsas məqalə müəlliflərindən biri Məhəmməd Əmin Rəsulzadə idi. Rəsulzadə "Sovetlərdə qan və vəhdət”, "Azərbaycanda rus kolonisi”, "Mayıs münasibəti ilə”, "Azərbaycan hərəkatında Topçibaşı Əlimərdan bəyin yeri” və s. məqalələr yazırdı. Mirzə Bala Məmmədzadə isə "Bakı qətliamının 20-ci ildönümü”, "Cəfər Cabbarlı”, "Gəncə üsyanının 15-ci ildönümü” və s. məqalələr qələmə alırdı. Jurnalın başqa bir rubrikası isə belə idi: "Müxtəlif yazılar”. Bu rubrikada daha çox təşəkkürlər, qısa məktublar, bəyanatlar, protestolar verilirdi. "Cəbhədaş mətbuatda əkislər” adlı rubrikada ayrı-ayrı xalqların mühacirət mətbuatında azərbaycanlılarla bağlı yazıların xülasəsi verilirdi. 

Məsələn, Ukrayna istiqlalçılarının "Trizub” məcmuəsi, Şimali Qafqaz istiqlalçılarının "Şimali Qafqasiya”, gürcülərin "Müstəqil Gürcüstan”, krımlıların "Əməl” və s. Jurnalın əksər sayları "Baş məqalə”lərlə açılırdı. Bu baş məqalələr son hadisələrə, beynəlxalq vəziyyətə və mühüm tarixi günlərə həsr edilirdi. "İdarəmizə gələn əsərlər” rubrikasında isə redaksiyaya göndərilən kitablardan bəhs olunurdu. Qeyd edək ki, beş ilə yaxın müddətdə Almaniyada nəşr edilən "Qurtuluş” jurnalı özünün fəaliyyəti dövründə açıqladığı kimi Azərbaycan Cümhuriyyətinin qurtuluşu ideyasını təbliğ edir, xalqı sovet rejimindən xilasa çalışan insanların fikirlərini yayırdı.

İsmayıl