Akif Aşırlı: "Vətən qarşısında xidməti olanlara həmişə diqqət, qayğı göstərilir"





"Ümumiyyətlə, Azərbaycan dövləti büdcə ayırmalarını, büdcəni müəyyənləşdirəndə həmişə sosial məsələləri ön plana çəkib. Təbii ki, bizim büdcəmiz də sosialyönümlü bir büdcədir. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevin mütəmadi şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına diqqət göstərməsi, onların maaş və təqaüdünün artırılması, qaçqın və məcburi köçkünlərə, Qarabağ qazilərinə mənzillər, avtomobillər verilməsi çox diqqətə layiq bir haldır. Mən bunu çox yüksək dəyərləndirirəm”. 

Bunu SİA-ya açıqlamasında "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.

Baş redaktorun sözlərinə görə, cəmiyyətin bu təbəqəsi həmişə diqqət və qayğı ilə əhatə olunmalıdır və olunur da: "Bu gün qərarların, qanunların qəbul edilməsi, sərəncamların verilməsi ilə aztəminatlı ailələlərə və yaxud da Vətən qarşısında məxsus xidməti olan, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş, şəhid olmuş, eyni zamanda fiziki sağlamlığını itirmiş insanlara diqqət, qayğı göstərilir. Bu cür ailələrə, şəxslərə diqqət həmişə var və olub. Biz bunu hər zaman hiss edirik. Hər halda cəmiyyətin müəyyən bir sosial kəsimi var ki, onlar daim diqqət və qayğı görməlidir. Təbii ki, bunu da Azərbaycan dövləti edir”.