“Hələ ki, torpaqlarımız işğal altındadır”

Münaqişə barədə Amerikanın aydın prioriteti yoxdu




ATƏT-in Minsk Qrupunun yeni fransalı həmsədri Pyer Andrön ABŞ-a səfər edib. Bu barədə ABŞ-dan olan həmsədr Ceyms Uorlik öz Twitter səhifəsində bildirib. Onun sözlərinə görə, həmsədrlər Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər. Amerikalı həmsədr onu da qeyd edib ki, ATƏT-in fransalı həmkarını Dağlıq Qarabağ üzrə məsləhətləşmələr üçün Dövlət Departamentində görməkdən məmnundur.

"Xəzər” Araşdırmalar Fondunun rəhbəri, sabiq müşavir Vəfa Quluzadə "Şərq”ə açıqlamasında qeyd edib ki, həmsədrlərin səyini yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunduğu halda yüksək qiymətləndirmək olar: "Hələ ki, torpaqlarımız işğal altındadır. Münaqişə barədə Amerikanın aydın prioriteti yoxdu. ABŞ dövlət siyasətinin hədəfi Azərbaycanın ərazi bütövlüyünün bərpasına yönəlməlidir”.

Politoloq Elşən Manafov vurğulayıb ki, bundan effektiv nəticə gözləmək sadəlövhlükdür: "Onun sözlərinə görə, Qərbin ikili standatrlardan çıxışı və Rusiyanın Ermənistanı müdafiə etməsi faktları görüşün nəticəsiz olacağından xəbər verir: "Buna baxmayaraq Azərbaycan tərəfi problemin həlli istiqamətində diplomatik səylərini gücləndirir. Ölkə prezidenti İlham Əliyevin diplomatlarla görüşdə səsləndirdiyi bəyanatlar da bunu təsdiqləyir. Üstəgəl, Azərbaycan rəhbəri dəfələrlə bildirib ki, ölkəmiz problemin həlli üçün digər vasitələrə müraciət etmək hüququnu özündə saxlayır. Ordumuzun gücləndirilməsi və modernləşməsi istiqamətində aparılan islahatlar Ermənistana bir mesajdır”.

Ayyət Əhməd