Direktor haqlıdır, yoxsa kənd camaatı?

İsmayıllıdakı məktəb olayı rayon əhlini ayağa qaldırıb





Bu yaxınlarda İsmayıllıda baş verən hadisə insanların əsəblərini yerindən oynadıb. Belə ki, məktəb direktoru 18 yaşlı qızı zorlamaqda ittiham edilir. Hadisənin İsmayıllı rayonu Kürdmaşı kəndində baş verdiyi bildirilir. Sakinlərin sözlərinə görə, 56 yaşlı Zahid Namazov İsmayıllı rayon Kürtmaşı kənd orta məktəbində fəaliyyət göstərən qaçqın məktəbinin direktorudur. O, kənd yaxınlığında qaçqınların məskunlaşdığı 15-20 evdən ibarət "Göbələk” adlanan yaşayış massivində yaşayır. Rayon polis şöbəsindən bildirilib ki, onlara zorlama hadisəsi ilə bağlı şikayət daxil olmayıb və deyilənlərin hamısı yalandır.

Rayon icra başçısının birinci müavini Rövşən Ağayev isə açıqlamasında deyilənlərin uydurma olduğunu söyləyib. "Ümumiyyətlə, 18 yaşlı qızı zorlamaqda ittiham olunan Zahid Namazov ağlı başında olan, tərbiyəli bir insandır”.

Adı hadisədə çəkilən direktor da deyilənlərlə razı deyil. Zahid Namazov deyilənləri şayiə adlandırıb. Məktəb direktorunun sözlərinə görə, 18 yaşlı Aytən Babayeva (ad şərtidir) ilə eyni kənddə yaşayır və qonşuluqda yaşayan qızla münasibəti yaxşı olub: "Həmin qız bizim şagird olmayıb. O, 2 saylı kənd orta məktəbinin məzunudur. Həmin məktəb bizim məktəblə eyni

həyətdə yerləşir. Hər gün salamlaşmışıq. Ata-bala, müəllim-şagird münasibətimiz olub. Qız məktəbi 2 il əvvəl bitirib”.

Təhsil üzrə ekspert Almaz Həsrət hadisə bağlı "Şərq”ə münasibət bildirərkən bu cür addım atan şəxsin öz ailəsinə də elə münasibət bəslədiyini söyləyib: "Çünki əsl müəllim olan şəxs heç bir zaman belə hərəkət etməz. Onun bu hərəkəti yolverilməzdir. Əgər həqiqətən belə bir hadisə baş veribsə, həmin direktor cəzalandırılmalıdır. Yəni o, müəllim adını daşımır”.

Təhsil nazirinin müvafiq əmri ilə müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalarını xatırladan A.Həsrət bunun təsadüfən qəbul olunmadığını açıqlayıb: "Bu qaydalarda andiçmə mərasiminin keçirilməsi də öz əksini tapıb. Andiçmənin keçirilməsinə ehtiyac olduğunua görə tətbiq olunmağa başladı. Çünki əlinə ali təhsil haqqında diplom alan şəxs məktəbdə, sinifdə, şagirdlər qarşısına çıxaraq onları özünün tərbiyəsi və davranışları çərçivəsində düzgün istiqamətə doğru aparacaq şəxs əsl müəllim olmalıdır. Bu məsələlər görünür çox arxa planda qalıb ki, layiq olmayanlar məktəbdə və idarəetməçilikdə yer alırlar, direktor vəzifəsini icra edirlər, hər hansı bir fəndən dərs keçirlər. Ona görə də müəllim and içərkən orada deyilən sözləri deyərkən nə söylədiyini eşitsin və əsl müəllimin necə olmasını beyninə həkk etsin”.

Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov isə bu hadisəni cinsi istismar yox, cinayət hesab edir: "Çünki uşaqlar tədris müəssisələrində qorxu içərisində tərbiyə edilir. Bu fakt məktəblərdə özbaşınalığın son həddə çatdığını göstərir”.

Y.Bəkirovun sözlərinə görə, məktəblər alver yerlərinə çevrilib: "Həmişə deyirdik ki, məktəb müqəddəsdir. Ancaq indi əksinə, belə alver cinayətə və zorakılığa gətirib çıxarıb. Bu ondan irəli gəlir ki, sovet dövrünün pulsuz təhsili Azərbaycanda pullu olub. Ödənişli təhsildə məktəb rəhbərliklərinin və müəllimlərin özbaşınalıq etməsinə şərait yaradır. Yəni qeyri-qanuni fond, xadimə və digər adlar altında pul yığılır”.

Onun fikrincə, Təhsil Nazirliyinin yaratdığı təhsil sistemi və strukturu özbaşınalığın olmasına imkan verir: "Məktəbli formasından başlayaraq, dərsliklərə və süpürgəçi pulu kimi ödənişlər yığıldı. Necə deyərlər, "dama-dama göl olar”. Beləcə, kiçik problemlər böyüyür”.

Y.Bəkirov dövlət orta məktəblərinin bağlanmasını və özəl məktəblər açılmasını təklif edir: "Çünki orta məktəblərdə təhsil verilmir. Burada təhsil olmadığını hamı bilir. Pulun varsa, təhsil ala bilərsən. Ona görə ki, şagirdlər məktəbə qəbul olmaq üçün hazırlığa, repititor yanına gedir. O zaman dövlət büdcəsindən təhsilə niyə bu qədər pul ayrılır? Bu təhsil müəssisələrində gələcək nəsil, insan resursları hazırlanmalıdır. Əgər burada şagirdlərdən pul alınırsa, onlar zorlanırsa, bizə belə təhsil lazım deyil. Kimin şəxsi imkanı varsa, özəl məktəb açsın, orada övladları təhsil alsın”.

O, fikirlərinin sonunda belə hadisələrin yalnız imkansız şəxslərin başına gəldiyini qeyd edib.

Vüqar Şahinoğlu