Yasamal sakinləri prezidentə müraciət etdilər

Həsən bəy Zərdabi 84 ünvanının sakinləri fəlakətlə üz-üzədirlər



Paytaxtda aparılan inşaat işlərində tikinti normalarına və təhlükəsizlik qaydalarına riayət olunmaması artıq heç kəsə sirr deyil. Bu mənfi tendensiya xüsusilə də hündürmərtəbəli binaların tikintisi zamanı yaşanır. Özlərinə "arxa” tapan tikinti şirkətləri binaları biri-birinə hədsiz yaxın məsafədə inşa edir, digər binanın mənzillərini gün işığından, təmiz havadan məhrum edirlər.
Üstəlik, binaların yaxınlığında aparılan inşaat işləri ətrafdakı tikililər üçün təhlükə mənbəyinə çevrilir. Eyni vəziyyətlə Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 84 saylı binanın sakinləri hazırda üz-üzədir.
Sakinlər indiyədək bir çox əlaqədar qurumlara müraciət etsələr də, başlarının üstünü almış təhlükə ilə heç kim maraqlanmayıb. Demək olar ki, binaya bitişik aparılan tikinti işlərinin əhatə dairəsi isə getdikcə genişlənir. Binanın həm yanında, həm də tam qarşısında hündürmərtəbəli yeni binaların tikintisi aparılır. Bu isə bina sakinlərinin Günəş işığından məhrum edilməsi və mənzillərə hava axınının sərbəst daxil olmasının qarşısının alınması deməkdir.
İnşaat işləri binaya çox yaxın məsafədə aparıldığından sakinlər binanın tərpəndiyini müşahidə edirlər. Təhlükənin getdikcə artdığını görən sakinlər yaranmış vəziyyətlə bağlı prezident İlham Əliyevə və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciət ediblər. Dünən redaksiyamızla əlaqə saxlayan bina sakinlərindən bir neçəsi müraciətin mətnini təqdim etdilər.
Qeyd edək ki, prezidentə ünvanlanan müraciətin surəti fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərova, baş nazirin I müavini Abid Şərifova, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərova, Yasamal Rayon İcra Hakimiyyyətinin başçısı İbrahim Mehdiyevə göndəriləcək.

Müraciətdə deyilir:

"Cənab, Prezident! Biz, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 84 saylı binanın sakinləri real təhlükə qarşısındayıq. Hazırda yaşadığımız bina 2002-ci ildə inşa edilib. Bir neçə il təhlükəsiz, rahat şəraitdə yaşamışıq. Amma artıq rahatlığımız pozulub, həyatımız üçün böyük təhlükə yaranıb. Səbəbsə binamızın yanında 7 ədəd 17 mərtəbəli binaların tikintisinə başlanmasıdır. Binaları inşa edən "Məxmər” MMC-dir. İnşaat aparılan ərazidə qazıntı işləri zamanı yeraltı suların üzə çıxdığını hamı görürdü. Belə bir təhlükəli vəziyyət ola-ola tikintini yenə davam etdirdilər. Bizim bina ilə yeni tikilməkdə olan binalar arasında məsafə də çox az qoyulub - təxminən 10 metr. Halbuki ali qanunverici orqan olan Milli Məclisin təsdiqlədiyi "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsində binaların tikintisi zamanı ara məsafələrin hansı uzunluqda olması öz əksini tapıb.
Qanuna görə, binalar arasındakı məsafə mərtəbələrin hündürlüyünün 3 qatı qədər olmalıdır. Amma inşa edilən binaların tikintisində heç bir normaya riayət edilmir. Binamız faktiki yeni binaların mühasirəsinə "düşüb”. Keçib getmək üçün yol belə qalmayıb. Yaxınlıqda nə bir yaşıllıq, nə ağaclar, nə də istirahət üçün bir park var. İşbazlar paytaxt sakinlərinin istirahət hüququnu da əllərindən alır, təmiz havasını, günəş şüasını da. Tikinti binamıza hədsiz yaxın məsafədə aparıldığından binamız titrəyir. Gecələr titrəyişlərdən rahat yata bilmirik. Sanki hər an binamız uçulub dağılacaq. Ərazidə ağır tonnajlı texnikanın işləməsi bəzi mənzillərdə çatlar əmələ gətirib, divara vurulmuş kafellər uçub tökülüb. İşlər hətta gecələr də dayanmır. Səs-küy və titrəyişlər sakinlərin rahatlığını pozub, səhhətində problem olanların narahatlığı daha da artıb.

Cənab Prezident, hökumət nümayəndələrinin iştirakı ilə keçirdiyiniz müşavirədə paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması, yaşıllıqların qorunması və çoxaldılmasının vacibliyini vurğuladınız. Məmurlara vətəndaşlara xidmət etməyi, müraciətləri dinləyib, problemlərini həll etməyi tapşırdınız. Təəssüf ki, bəzi məmurlar səlahiyyət hədlərini aşır, qanunsuz tikililərə göz yumur, insanların rahatlığını təmin etmək əvəzinə, öz xeyirlərini güdürlər.
Sizdən xahiş edirik, biz sakinlərin şikayətinin təmin edilməsini əlaqədar strukturlara tapşırasınız. Ümidimiz ancaq Sizədir!”