Məktəbli formaları ilə bağlı YENİLİK... - BTE-dən açıqlama

"Yeni tədris ilində məktəblilərə jilet geyinmək məcburi olmayacaq. Bundan başqa əvvəllər məktəbli geyimləri dəst satılırdısa, bu il hər geyim tək-tək satılacaq”



Yeni dərs ilinin başlamasına 1 ay qalır. Artıq məktəbli bazarında müəyyən canlanma hiss olunur. Valideynlər indidən bazarlıq etməyə çalışır. Məlum olduğu kimi, əsasən sentyabrın ilk günlərində məktəb ləvazimatlarının qiymətlərində artım müşahidə olunur. Bəs hazırda qiymətlər necədir?

"Bakı Tikiş Evi" (BTE) yeni dərs ili üçün məktəbli formalarının qiymətlərini açıqlayıb. BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov "Sherg.az"a açıqlamasında bildirib ki, məktəbli formalarının qiyməti 2017-ci ildəki kimi olacaq. 

Onun sözlərinə görə, qiymətlər ölçülərə görə dəyişəcək. Əvvəlki illərdən fərqli olaraq bu il, aşağı sinif şagirdlərə jiletlər satılmayacaq:

"Elə valideynlər olurdu ki, övladına pencək, şalvar götürür, jilet almaq istəmirdi. Bu da müəyyən narazılıqlara səbəb olurdu. Bunun üçün yeni tədris ilində məktəblilərə jilet geyinmək məcburi olmayacaq. Daha bir dəyişiklik isə, əvvəllər məktəbli geyimlərini dəst satılırdısa, bu il üçün hər geyimin öz qiyməti əsasında tək-tək satılacaq”.

E.Əzimov geyimlərin əldə edilməsi ilə bağlı valideynlərə də müraciət edib, sentyabra qədər gözləməməyə və növbələrdə vaxt itirmək üçün indidən məktəbli paltarını almağa səsləyib:

"Dərzilər məktəblilər üçün kifayət qədər geyim tikiblər. Hazırda gündəlik hər mağazadan 4-5 dəst geyim satılır. Yaxşı olardı ki, valideynlər sıxlıq yaranmasın deyə indidən övladlarının geyimlərini əldə etsinlər. Konveyer üsulu ilə dörd modeldə məktəbli forması tikilir. Bunlar 6 sinifə kimi dama-dama ətəklər, tünd göy rəngli gödəkçə və şalvarlar, həmçinin yuxarı sinif şagirdləri üçün kostyumlar, pencəklər və sarafanlardır”.

E.Əzimov həmçinin bildirib ki, aşağı sinif şagirdi üçün məktəbli forması 40 manata, yuxarı siniflər üçün isə 46 manata başa gələcək.

Yeganə Bayramova