Lavrov təsdiqlədi

Soçidə Putinin Ermənistan və Azərbaycan prezidentləri ilə ayrı-ayrı görüşləri olacaq



Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan-Ermənistan prezidentlərinin Soçi görüşündən danışıb. İTAR-TASS-a verdiyi müsahibəsində diplomat qeyd edib ki, Moskva lideri Vladimir Putinin hər iki ölkə başçısı ilə ayrı-ayrı görüşləri nəzərdə tutulub.

"Onlar eyni vaxtda bir yerdə olanda, güman ki, Dağlıq Qarabağ haqqında söhbətsiz keçinmək mümkün olmayacaq. Lakin bunun necə təşkil olunacağı özümüzdən asılıdır. Əlbəttə ki, azərbaycanlı və ermənistanlı tərəfdaşlarımızla ATƏT-in Minsk Qrupu tərəfindən etimad mühitinin möhkəmlənməsi və münaqişə risklərinin azaldılmasına necə yardım edə bilməyimizi müzakirə edəcəyik”.

Rusiya XİN başçısı diqqətə çatdırıb ki, Qarabağ münaqişəsinə hər iki tərəfdən olduqca həssas yanaşma var: "Minsk Qrupunun həmsədri olaraq amerikalı və fransalı tərəfdaşlarımızla birgə nizamlanma prinsiplərinin yer alacağı sənədin imzalanmasına maneçilik törədən bəzi məsələlərin həlli üçün xeyli səy göstəririk. Tərəflər özləri üçün məqbul paketi formalaşdırsalar, bu məsələləri lazımi səviyyəyə gətirib çıxarmaq mümkündür”.

Diplomat onu da əlavə edib ki, münaqişənin nizamlanmasında istifadə olunacaq prinsiplərin yer alacağı siyasi bəyanatın qəbulu bölgədəki vəziyyətin normallaşmasına xidmət edə bilər: "Bunu etmək çətindir. Bu vaxtadək xeyli cəhdlər olub və hər dəfə bizə elə gəlirdi ki, artıq çox önəmli mərhələyə çatmışıq, lakin sonda buna nəsə mane olurdu. Ona görə də proqnozlar verməyəcəm”.

Məlumat üçün bildirək ki, son 3 gündə qoşunların təmas xəttində aramsız şiddətli atışmalar hökm sürür. Düşmən ordusunun başlatdığı diversiya nəticəsində hər iki tərəfdən ölən və yaralananlar var. Tərəflər arasında atəşkəsin bərpası üçün hər iki ölkə başçısının ayın 8 və ya 9-da Soçidə bir araya gəlməsi planlaşdırılır. Bunu işğalçı ölkənin baş naziri Ovik Abramyan bildirib.

Dövlət rəhbərlərinin Soçi görüşünü şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında qeyd edib ki, Moskva ötən illərlə müqayisədə ermənipərəst mövqe sərgiləməyəcək. Onun hazırkı maraqları müəyyən manevrlər etməyi tələb edir: "İndiki durumda Rusiyanın ata biləcəyi addım Azərbaycanın xeyrinə olmalıdır. Rusiya nisbətən obyektivliyini göstərəcək. Kreml ölkəmizin əleyhinə hərəkətə keçərsə, bölgədə müharibə başlayacaq. Bu da Putin üçün yeni xərclər, yeni münaqişəyə cəlb olunma anlamına gəlir. Savaş Kreml üçün arzuolunmazdır. Moskvanın özündə mərkəzdən qaçma meyilləri güclənməkdədir. Rusiya separatizmin sonda bumeranq kimi özünə qarşı yönələcəyini təcrübədən görməyə başlayır. Bu baxımdan Moskva erməni separatizmini çərçivələrə salmaq məcburiyyətində qalacaq”.

Ekspertin qənaətincə, görüşdə ölkəmiz qalib tərəf kimi çıxış edəcək, Moskva isə bizi dəstəkləyəcək: "Azərbaycan-Ermənistan üzərində çox böyük üstünlüyə malik olması aydınca müşahidə olunur. İşğal altındakı torpaqlarımızı hərbi yolla qaytara bilərik. Bunu Putin də görür. Bütün bunlar danışıqlar prosesinə öz təsirini göstərəcək”.

Politoloq hesab edir ki, Rusiya Azərbaycanı Avrasiya İttifaqına (Aİ) cəlb etməyə çalışır: "Bunun əvəzində Kreml ölkəmizin xeyrinə olan addımlar atmalıdır”.

Q.Hüseynli söyləyib ki, Dağlıq Qarabağın hüdudlarından kənardakı yeddi rayonun geriyə qaytarılması müzakirə mövzusu ola bilər: "Bununla yanaşı, atəşkəs rejiminə əməl edilməsi də danışıqlar predmeti olacaq. Azərbaycan tərəfi qalib mövqe nümayiş etdirəcək. Separatçı rejim isə əvvəlki illərdən fərqli olaraq qeyri-konstruktiv və ədalı mövqe sərgiləyə bilməyəcək. Çünki Moskva separatçıları dəstəkləməyəcək”.

Ayyət Əhməd