Girovlarla təkrar görüşün vaxtı bəlli deyil

Ailələri isə Şeyxdən kömək istəyirlər



Kəlbəcərdə erməni separatçıları tərəfindən girov götürülən azərbaycanlıların taleyi hələ də müəmmalıdır. Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəsmiləri ilə görüşündən sonra girovların tezliklə azad ediləcəyinə ümidlər artsa da, bu məsələdə irəliləyişin olmaması təəssüf doğurur.

Girovlarla bağlı dünən BQXK-nin Azərbaycan nümayəndəliyi ilə əlaqə saxladıq. Nümayəndəliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova "Şərq”ə açıqlamasında sonuncu dəfə iyulun 28-nə girovlara baş çəkildiyini bildirdi və təkrar belə bir görüşün nə zaman olacağı barədə isə məlumat verə bilməyəcəyini dedi: "Nə vaxt lazım bilinərsə, o zaman baş çəkiləcək”.

Qeyd edək ki, həmyerlilərimizin girovluqdan azad edilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin vasitəçiliyi gündəmdədir. Bir çoxları belə hesab edir ki, məhz Şeyxülislam katalikos Qareginlə təmas qurub girovların Azərbaycan tərəfinə qaytarılmasına nail ola bilər.

Bununla bağlı QMİ-nin mövqeyi də ortadadır. Lakin idarə rəsmi müraciət olunmasını gözləyir. "Şərq”ə açıqlamasında QMİ mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirdi ki, girovlarla əlaqədar hələ ki, quruma heç bir müraciət daxil olmayıb:

- Bilirsiz ki, Şeyxülislam bu cür məsələlərdə də hər zaman öz şəxsi nüfuzuna söykənərək girovların azad edilməsinə çalışır və nail olur. Milli Qəhrəman, şəhid Mübariz İbrahimovun meyitinin qaytarılması da Şeyxülislamın səyləri ilə mümkün oldu. Şeyx həmçinin MDB Dinlərarası Şuranın həmsədri olduğundan bu tip məsələlərin Şura çərçivəsində müzakirəsi aparıla bilir. Şəhid Mübariz İbrahimovun meyitinin qaytarılması üçün Şeyxlə erməni katalikosu Qaregin arasında patriarx Kiril vasitəçilik etmişdi. Ümumiyyətlə, MDB Dinlərarası Şurası tərəfindən qəbul edilmiş anlaşmada girovların qaytarılması məsələsində qarşılıqlı təmaslar qurulması əksini tapıb və bu cür təmaslara, qarşılıqlı etimada böyük əhəmiyyət verilir. Hazırkı girovların qaytarılmasında vasitəçiliklə bağlı nə onların ailələrindən, nə də rəsmi orqanlardan QMİ-yə hələ ki, müraciət daxil olmayıb. Müraciət olarsa, şübhəsiz, müvafiq addımlar atılacaq.

"Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova girovların ailələrinin gərginlik içində yaşadığını dedi:

- Mən hər gün olmasa da, bir gündən bir onların ailələri ilə, yaxınları ilə əlaqə saxlayıram. İnanın ki, onlar hədsiz gərginlik içindədirlər. Bir insanın öz doğmasının düşmən əlində girov olduğunu bilmək dəhşətdir. Bilmirsən, vəziyyəti necədir, onunla necə davranırlar, sağdır, yoxsa... Dilqəm Əsgərovun ailəsindən bacısı oğlu ilə danışıram. Şəmkirin Çinarlı kəndində yaşayırlar. Kəlbəcərdən didərgin düşəndən orada məskunlaşıblar. Şahbaz Quliyevin doğmaları Tərtərin Qapanlı kəndində yaşayır. Təbii ki, hamısının gözləri yolda, qulaqları səsdədir. Hər an, hər dəqiqə bir xəbər gözləyirlər. Gərgin intizar içindədirlər. Eləcə də öldürüldüyü iddia edilən Həsən Həsənovun ailəsi. Onlar da Biləcəridə yaşayır. İnana bilmirlər ki, Həsən öldürülüb. Meyiti də qaytarmırlar ki, lazımi şəkildə dəfn etsinlər. Bizim məqsədimiz girovların ailələrinə mənəvi dayaq olmaqdır. Çalışırıq, az da olsa, kədərlərini yüngülləşdirək. Amma əsas vəzifə Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzərinə düşür. Məhz onlar girovların dərhal azad olunmasını tələb etməlidirlər, daha məktub daşımaqla işlərini bitmiş hesab etməməlidirlər.

P.S. Dünən "Modern.az” saytı girov düşdükdən sonra ermənilər tərəfindən öldürüldüyü iddia edilən Həsən Həsənovun meyitinin geri qaytarılması üçün bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadəyə müraciət edildiyi barədə məlumat yayıb. Bu barədə adıçəkilən sayta H.Həsənovun qardaşı Nail Həsənov məlumat verib:

"Ötən həftə şeyxə müraciət məktubu yazdıq. İnanırıq ki, qardaşımın meyitinin geri qaytarılması üçün bizə kömək göstəriləcək”.

Məlahət Rzayeva