Millət vəkili təklif verir

Şəhid hərbçilərimiz dəfndən əvvəl paytaxta gətirilməlidir



Ölkəmiz müharibə şəraitində olduğu üçün zaman-zaman cəbhə xəttində atəşkəs ermənilər tərəfindən pozulur və atışmalar nəticəsində ordumuzun əsgərləri düşmən gülləsinə tuş gəlir. Ön cəbhədə hərbi borcunu yerinə yetirən əsgərlərimizin şəhid olması hər nə qədər ağrılı olsa da, onların torpaq, millət uğrunda sinələrini sipər etməsi, bizim üçün bir o qədər də qürurvericidir.

Amma hər dəfə ordumuz şəhid verəndə onların dəfninə biganəlik cəmiyyətdə narazılıq doğururdu. Sirr deyil ki, bu günə qədər Azərbaycanda dövlət səviyyəsində şəhidə heç də layiq olduğu diqqət göstərilməyib. Səngərdə, düşmənlə üzbəüz atışmada həlak olan şəhid cəsədlərinin evlərinə, valideynlərinin üstünə sanki səngərdə deyil, avtomobil qəzasında həlak olmuş adam kimi gətirilməsinin dəfələrlə şahidi olmuşuq. Halbuki səngərdə, vətən torpağını qoruyarkən həlak olan gənclərin hərbi xidmətinin mükafatı belə olmalı deyil. Amma cəbhədə baş verən son olaylar nəticəsində bu istiqamətdə müəyyən qədər canlanma müşahidə olunmaqdadır. Son 20 ildə məhz bu dəfə Azərbaycan ictimaiyyəti döyüş zamanı şəhid olmuş hərbçilərin hərbi nizamnaməyə uyğun dəfninin şahidi oldu. Qeyd edək ki, Azərbaycan və Ermənistan sərhədlərində baş verən gərginlik nəticəsində ölən əsgərlərimizin dəfn mərasiminə və xatirələrinin əbədiləşməsinə göstərilən diqqət və qayğı artıq bu sahədəki boşluqların doldurulduğuna işarədir. Düşmənin hücumlarının qarşısını alarkən həlak olan 13 əsgərimizin şəhid adına layiq şəkildə dəfn olunması yəqin ki, heç kəsin diqqətindən yayınmayıb. Ayrı-ayrılıqda hər bir şəhidimizin dəfni rayon rəhbərliyi, millət vəkilləri, tanınmış ictimaiyyət nümayəndələrinin və yüksək rütbəli hərbi hissə komandanlığının iştirakı ilə baş tutub. Ölkənin dörd bir yanında mərasimlər keçirilib, şəhid qəhrəmanların medalları ailələrinə təqdim olunub. Dəfndən sonra havaya yaylım atəşinin açılması da, diqqətdən kənarda qalmayıb. Vətən uğrunda şəhid olan hər bir əsgərimiz ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilib. Fəxri medallar elə dəfn mərasimində şəhidlərin ailə üzvlərinə təqdim olunub.

Doğrudan da, şəhidlərə qarşı münasibətdə müsbətə doğru bir irəliləyiş hiss olunduğunu vurğulayan millət vəkili Fazil Mustafa dəfn mərasimlərində rayon rəhbərliyinin və hərbi komandanlığın şəhidlərə və onların ailələrinə qarşı olan diqqətinin təqdirəlayiq olduğunu deyib: "Döyüşdə itkilər labüddür. Bundan qaçmaq mümkün deyil. Əvvəllər həlak olan əsgərlərimizin son mənzilə yola salınması, hüzr mərasimlərinin forması, şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsi ilə bağlı məsələlər bizdə istənilən səviyyədə deyildi! Amma cəbhə xəttindəki son gərginlik zamanı həlak olmuş şəhidlərimiz üçün müxtəlif rayonlarda, əsasən şəhidlərin adına layiq mərasimlər təşkil olundu, dəfn mərasimləri keçirildi ki, bütün bunlar təqdirəlayiqdir”.

Şəhidlərin dəfn mərasimində iştirak edə bilməyən məmurları, rütbəli şəxsləri, yaxud da ictimaiyyət nümayəndələrinin qınamağın doğru olmadığını vurğulayan millət vəkilinin sözlərinə görə, hər kəsin özünə görə səbəbləri olur: "Vətən uğrunda şəhid olan əsgərlərimizin hər biri ölkəmizin ayrı-ayrı rayonlarındandır. Hamının bölgələrə gedib, dəfndə iştirak etməsi mümkün deyil. Mənə elə gəlir ki, şəhidlərin dəfn mərasimi ilə bağlı vahid qərar qəbul olunmalı və şəhid olan hərbiçilərimiz dəfndən əvvəl paytaxta gətirilməlidir. Bu istiqamətdə Türkiyə təcrübəsindən yararlanmaq olar. Amma biz şəhidlərin dəfni ilə bağlı Türkiyə təcrübəsindən yararlansaq, daha

məqsədəuyğun olar. Bu ölkədə də ordu vaxtaşırı olaraq şəhid verir. Orada şəhidlər arasında heç bir fərq qoyulmur, hamısı milli bayrağa bükülür, dövlət rəhbərliyinin, generalitetin müşayiəti ilə şəhidlə vida mərasimi təşkil edilir, daha sonra dövlət səviyyəsində dəfn və hüzr mərasimi keçirilir. Şəhid ailəsinin hansısa bir sıxıntı çəkməsinə imkan verilmir.

Hesab edirəm ki, Şəhidlərimiz Təzə Pir məscidinə və ya İlahiyyat məscidinə gətirilməli və ölkə siyasətçiləri, ictimaiyyət nümayəndələrinin, hərbi komandanlığın iştirakı ilə hərbi marş sədaları altında son mənzilə yola salınmalıdır. Ondan sonra isə şəhidlərimiz öz vətənlərinə, dəfn olunacaqları Şəhidlər Xiyabanına yola salınır. Mənə elə gəlir ki, bu zaman həm paytaxt sakinləri də şəhidlərin yaxınları ilə birlikdə bu duyğuları yaşamış olar, həm də dəfndə iştirak etmiş olar. Amma başlanğıc üçün şəhidlərimizə verilən dəyər, onların dəfnində yaylım atəşinin açılması, fəxri medalların ailə üzvlərinə təqdim olunması müsbət bir haldır. Təbii ki, bunların hamısı da vacib şərtlərdir.

Şəymən